8 Avqust 00:45
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miçiqan Universitetinin arxeoloqları Türkiyənin qərbində yerləşən qədim Yunanıstanın Notion şəhərində qızıl sikkə dəfinəsi aşkar ediblər. Komanda eramızdan əvvəl III əsrə aid evin həyətində qazıntı apararkən xəzinəyə rast gəlib.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, evdən daha qədim olan xəzinənin e.ə V əsrə aid olduğu ehtimal edilir. Hər bir sikkədə diz çökən oxatan təsvir olunub və ekspertlər cüzi stilistik fərqləri xronoloji ardıcıllıqla sıralamaq üçün onları təhlil etməyə çalışırlar.

“Sikkələr köhnə binanın küncündə basdırılmışdı", - deyə “The New York Times” qəzeti Miçiqan Universitetinin arxeoloqu və Notion arxeoloji xidmətinin direktoru Kristofer Rattedən sitat gətirib. – Əslində biz qızıl küpünü axtarmırdıq."

Sikkələr, ehtimal ki, Notiondan 60 mil şimal-şərqdə yerləşən Sardis şəhərində zərb edilmiş fars pul vahidi darik kimi tanınır. Onlar çox vaxt əsgərlərə maaş vermək üçün istifadə olunurdu və tədqiqatçıların fikrincə, bir darik bir aylıq maaşa bərabər idi.

"Nəzarət edilən arxeoloji qazıntılarda belə qiymətli tapıntının aşkar edilməsi olduqca nadir haldır", - deyə Ratte açıqlamasında bildirib. - Heç kim heç vaxt bir dəfinəni, xüsusən də qiymətli metallardan olanları geri götürmək niyyəti olmadan basdırmaz. Buna görə də belə bir xəzinənin qorunub saxlanmasına yalnız böyük bədbəxtlik səbəb ola bilər”.

Tədqiqatçılar bu yaxınlarda Notionda yeni qazıntılara başlayıblar və onlar ümid edirlər ki, gələcək tapıntılar xəzinəyə aydınlıq gətirə biləcək. Bu arada Türkiyədəki Efes Arxeologiya Muzeyinin tədqiqatçıları qızıl sikkələri təhlil edirlər.

Qazıntıda iştirak etməyən Oksford Universitetinin arxeoloqu Endrü Medouz “Times” qəzetinə bildirib ki, bu yaxınlarda tapılan sikkələr olduqca nadir haldır. "Bu, ən yüksək dəyərə malik tapıntıdır", - deyə o vurğulayıb. - Xəzinənin arxeoloji konteksti bizə Əhəməni qızıl sikkələrinin zərb edilməsinin xronologiyasını aydınlaşdırmağa kömək edəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər