Marian çökəkliyi dünyanın ən sirli yerlərindən biridir. Təxminən yeddi mil (37 000 fut) dərinlikdə yerləşən çökəklik Sakit okeanın dibindədir. Okean dərinliklərində yerləşən bu naməlum aləm həm də qəribə səslərin eşidildiyi bir məkandır.
Teleqraf.com xəbər verir ki, Mariandan gələn qeyri-adi səslərin ilk dəfə qeydə alındığı 2014-cü ildə bu, “yadplanetlilərin hücumu” iddiasını ghündəmə gətirmişdi.
2.5 – 3.5 saniyə arasında davam edən və mənbəyi məlum olmayan səslər “biotvanq” adlandırılır. On il sonra Milli Okean və Atmosfer Mərkəzinin (NOAA) alimləri səsləri yenidən təhlil ediblər və nəhayət gerçəyi aşkar etdiklərinə inanıblar.
Bir neçə saniyə davam edən beşhissəli səslərin ən aşağı həddi 38 hertzdir, bura 8000 hertz qədər də yüksək bir final daxildir.
2016-cı ildə Oreqon Dövlət Universitetindən (OSU) bir qrup alim bunun əvvəllər məlum olmayan yeni bir balinanın səsi ola biləcəyini təklif etmişdi. Universitetin Dəniz Bioakustikası Departamentinin baş elmi işçisi Şeron Nyukirk səslərin fərqli olduğunu söyləmişdi. Onun sözlərinə görə, aşağı tezlikdə eşidilən uğultuya bənzər səs adətən balinalara xasdır.
İndi elm adamları vizual və akustik sorğu məlumatlarını birləşdirərək səsləri yenidən təhlil ediblər və onların tapıntıları OSU komandasının çox da yanılmadığını göstərir.
Yeni araşdırmada bu vəziyyətə Brayd balinalarının səbəb olduğu iddia edilir. Bu qənaətə Enn Allenin rəhbərlik etdiyi komanda gəlib.
“Marian arxipelaqında toplanmış vizual və akustik tədqiqat məlumatlarının birləşməsindən istifadə edərək, biotvanqların Brayd balinalarından gəldiyini müəyyən etdik”, - araşdırmada vurğulanır.
Brayd balinalarına Atlantik, Hind və Sakit okeanlar da daxil olmaqla dünyanın bir çox isti və mülayim sularında rast gəlmək olar.
Tədqiqatçılar bölgədə üzən on balina müəyyən ediblər və onların doqquzunun fərqli səslər çıxardığını qeydə alıblar. Amma komanda hələ də həmin məkanda üzən balinaların səslərinin niyə bu qədər qeyri-adi olduğunu anlaya bilmir. Həmçinin Allen əlavə edir ki, qəti bir şey söyləmək üçün bizə daha çox məlumat lazımdır.