“Başqanlıq sistemi reallaşdırıla bilər”
Teleqraf.com-un suallarına sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov cavab verir.
Qeyd edək ki, O.Qasımov 13-18 iyul tarixlərində Türkiyədə səfərdə olub, Ankara, İstanbul və Konya şəhərlərində konfransa qatılıb. Həmin ərəfədə isə qardaş ölkədə xalq tərəfindən seçilən hakimiyyəti zorla devirmək cəhdi baş verib:
- Siz 15 iyul tarixində Türkiyədə idiniz. Ordunun bir qrupu tərəfindən çevrilişə cəhd haqqında xəbəri haradan eşitdiniz?
- Hamı kimi sosial şəbəkədən eşitdik. Biz iyulun 13-17-də Konya şəhərində tədbirə qatılmışdıq. Konya Ankaranın 250 kilometrliyində yerləşir. Tədbirdən sonra, iyulun 15-i, saat 11-də baş nazir Binəli Yıldırımla konfrans iştirakçılarının bir qrupunun görüşü təşkil edilmişdi. Biz həmin gün Ankara şəhərinə gəldik. Konfrans iştirakçılarından təxminən 40-a qədər nümayəndəsini baş nazir qəbul etdi. Bu görüşdən sonra geri döndük. Konyaya qayıtdıqdan sonra narahatlıq hiss edilirdi. Hadisə belə başlandı ki, İstanbulda boğaz körpüsünə tanklar yeridildi. Televiziyada canlı yayımlar başladı. Bizim də artıq Ankara və İstanbuldakı dostlarla əlaqəmiz yarandı. Məlumatlı insanlarla əlaqə saxlayırdıq.
Təbii ki, hadisələrin baş verdiyi gecə yatmadıq və prosesləri izlədik. Həmin müddətdə Konyada sakitlik idi. Hərbi Hava Qüvvələrinin III korpusu da Konyada yerləşir. Əslində, ən böyük hərbi hava bazasıdır. Biz iyulun 17-də Konyanı tərk etdik. Çünki uçuşlar dayandırılmışdı. Bu səbəbdən Konyadan İstanbula avtobusla getmək məcburiyyətində qaldıq. Konyadan aralandıqdan az sonra məlum oldu ki, Konyadakı hərbi hissədə də əməliyyat keçirilib və müəyyən şəxslər saxlanılıb. İstanbula gecə saat 02:00 radələrində çatdıq. Bizə ayrılan otel İstanbul Böyükşəhər Bələdiyyəsinin önündə idi. Burada keçirilən aksiyanı da müşahidə etmək imkanımız oldu.
- Müşahidələriniz nəyi deyir, meydanlarda insanlar çox idimi?
- Təbii ki, bu, Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi mitinqlərdir. Burada ictimai nəqliyyatın bir hissəsi xalqa açılıb. İnsanlar çoxdur. Cəmiyyətin mütləq əksəriyyəti hərbi çevrilişin əleyhinədir. Yəni siyasi mənsubiyyətindən asılı olmayaraq insanlar çevrilişə qarşıdır. Ağlı başında olan hər kəs anlayır ki, qeyri-qanuni istənilən çevriliş ölkənin uzun illər geriyə düşməsinə səbəb olur.
- İstanbulda daima xarici turistlər olur, onlara restoranlarda, ticarət mərkəzlərində rast gəlinir. Bu hadisələr turistlərə, ticarətə təsir göstəribmi?
- Əslində, bunun görüntüləri var idi. İmkanım daxilində müşahidələr aparırdım. Həm gələn turistlərin sayında müəyyən problemlər görünürdü, həm də otellərdə qalan turistlərin çoxu vətənlərinə qayıtmağa üstünlük verirdilər. Ticarətdə bir durğunluğu hiss etdim. Maraq üçün bəzi alış-veriş yerlərində müşahidə apardım. Hiss ediləcək zərəri var. Nümayiş və mitinqlərin keçirilməsi bir qədər də prezident Ərdoğanın çağırışı və istəyi əsasında baş tutur. Baş nazir və Türkiyə Silahlı Qüvvələri çevrilişin sabahı günü ciddi ölçülərin görüldüyü, vəziyyətin nəzarətdə olduğu haqda bəyanat verib. Türkiyə Böyük Millət Məclisinin toplantısında da bu məsələ səsləndirilib. Amma Prezident Ərdoğan hesab edir ki, mitinqlər davam etməlidir. Əlbəttə, orada məni narahat və məyus edən hadisələr də var. Bu, xüsusilə əsgərlərə olan münasibətdir. Cəmiyyət də artıq bundan narahat olur. Bu məsələlər bir qədər başqa formada həll edilə bilər. Qənaətimcə, proseslərin gedişatının Türkiyə dövlətinin inkişafı istiqamətində iki variant mümkündür.
Bu hadisədən sonra siyasi partiyalar çevrilişə qarşı sərt mövqe sərgilədi, birlik nümayiş etdirdi. Bu, türk cəmiyyətinin çoxdan axtardığı həmrəylik idi və özünü göstərdi. Bu da, sonrakı dönəm üçün demokratik proseslərin və həmrəyliyin inkişafı üçün bir təməl ola bilər. İkincisi, Türkiyədə bir çoxlarını qayğılandıran başqanlıq sistemi ideyasının qəbulu məsələsidir. Başqanlıq sistemi reallaşdırıla bilər. Ancaq ümumilikdə bir qədər gözləməyə, hadisələrin durulmasına ehtiyac var. Burada birmənalı olaraq demək olar ki, hərbi çevrilişə cəhd edilib və bunun qarşısı alınıb. Eyni zamanda hərbi çevriliş birmənalı pislənməlidir.
- Türkiyə rəsmilərinin konfrans iştirakçıları ilə keçirdiyi görüşlərdə gərginlik, narahatlıq hiss edilirdimi?
- İyulun 14-də Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş da konfransda çıxış etdi. Onun çıxışında gərginlik müşahidə edilirdi. İyulun 15-də biz Ankarada baş nazir Binəli Yıldırımın qəbulunda olduq. Təxminən 40-45 dəqiqə sürən görüşdə onun çıxışında da narahatlıq və gərginliyi diqqətlə baxanda sezmək mümkün idi. Təbii ki, onlarda hansısa hərəkətlərin ola biləcəyi haqda məlumat var idi. Ancaq ümumən bu məsələlər Türkiyədə müzakirə edilir, müxtəlif fikirlər səslənir. Ancaq Türkiyə vətəndaşları, siyasi qüvvələri, ictimai qurumları xalq tərəfindən seçilən hakimiyyətin qanunsuz yolla devrilməsinin əleyhinədir. Bu, birmənalıdır. Doğrudur, iyulun 15-dən sonra meydanlarda olan insanların, mitinqlərin istiqaməti bir qədər dəyişdirilir, bunu daha çox bir partiyanın adına bağlamaq istəkləri var. İyulun 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin qarşısındakı mitinqə qatıldım, orada müşahidələr apardım.
Orada ancaq AKP üzvləri və bu partiyaya simpatiyası olan vətəndaşlar toplaşmamışdı. Burada Millətçi Hərəkat Partiyasının üzvləri, digər quruluşlara mənsub olduğu hiss edilən insanlar da var idi. Bu hərəkatın kim tərəfindən planlaşdıraraq həyata keçirilməsindən asılı olmayaraq, bu addımlar Türkiyə dövlətinə zərər verdi. Eləcə də Türk Silahlı Qüvvələrinin həm nüfuzuna, həm də gücünə böyük zərəri oldu. Ordunun təxminən 6 minə yaxın şəxsi heyəti saxlanılıb. Buraya sıravi əsgərlərdən tutmuş yüksək çinli hərbçilər daxildir. Hərbi Hava Qüvvələri acınacaqlı durumdadır. Türkiyə Silahlı Qüvvələrində təyyarələri göyə qaldıracaq pilotların böyük əksəriyyəti həbs edilib. Məncə, bu məsələlər daha geniş araşdırılmalı, analiz aparılmalıdır. İndi hadisələr yenicə baş verib. Hesab edirəm ki, zamanla informasiyalar daha çox olacaq.
- İndi məlum olur ki, Milli Kəşfiyyat Təşkilatı ordudakı bəlli şəbəkənin çevrilişə cəhd edəcəyi haqda informasiyaya sahib olub və iyulun 15-i saat 16:00-da bu haqda Baş Qərargaha informasiyanı çatdırıb. Hətta Baş Qərargahda vəziyyət dəyərləndirilib və bir sıra tədbirlər həyata keçirilib. Ancaq buna baxmayaraq ordudaki şəbəkənin hərəkətini tam olaraq dayandırmaq mümkün olmayıb..
- Bu çevriliş cəhdinin Fəthullah Gülən tərəfdarlarının təşkil etdiyi elan edilib. Çevrilişin başında sabiq Hava Qüvvələri Komandanı Akın Öztürkün olduğu ifadə edilib. Ancaq iş ondadır ki, haqqı və qabiliyyəti çatmayan Öztürk Türkiyə Hava Qüvvələrinə komandan gətirilib, sonra vaxtı artırılıb, daha sonra komandan vəzifəsindən azad edildikdən sonra Yüksək Əsgəri Şurada saxlanılıb. Bu məsələ aydınlaşdırılmalıdır. Biz məsələlərə kənardan baxırıq, vizual olaraq görürük. Cəmiyyətin içində haqlı suallar da yaranır. 2010-cu ilə qədər Türkiyə Silahlı Qüvvələrində çoxsaylı generallar həbs edildi. İllər keçdikdən sonra məlum oldu ki, bu generallar şərlənərək və haqsız yerə həbs ediliblər, onlara müxtəlif damğalar vurulub. Əslində, məhz o həbslərin nəticəsi olaraq iyulun 15-də baş verən hadisələr ortaya çıxdı. Türkiyə Silahlı Qüvvələrində rütbələnmə və vəzifələrə irəli sürülməli Yüksək Əsgəri Şura tərəfindən həyata keçirilir.
Bu zaman qabiliyyətinə və xidmətinə görə hərbçilər irəli çəkilir. 2010-cu ilə qədər, yəni generalların həbs edilməsi prosesinə qədər Yüksək Əsgəri Şuranın zabitləri rütbələndirməsi və irəli çəkilməsi prosedurasında yanlışlığa yol verməsi ehtimalları çox aşağı idi. Ancaq həmin dövrdə yüksək postlarda olan generallar həbs edildi. Və nəticədə sistemdə boşluq yarandı. Bu zaman boşluğu doldurmaq məqsədilə aşağı rütbəli zabitlər öz rütbəsinə uyğun olmayaraq iki və bəzən üç pillə irəliyə çəkildi, vəzifələr tutdu. Məhz bu səbəbdən də haqqı, qabiliyyəti olmayan bir adam nədən komandan, Yüksək Əsgəri Şuranın üzvü oldu sualları ortaya çıxır. O zaman aparılan həbslərin nəticəsi olaraq bu gün gülənçi deyilən şəbəkənin orduda yüksək postlar tutmasına gətirib çıxardı. Və son nəticədə indiki situasiya yarandı. Ancaq 15 iyul hadisələri durulmalı və sonra münasibət ifadə edilməlidir. İndilikdə bizlər ancaq ehtimallarımızı səsləndiririk.
NEMƏT