Suallarımıza Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, hüquq müdafiəçisi, Müsavat Partiyasının Məclis üzvü Novella Cəfəroğlu cavab verib.
Hüquq müdafiəçisi, əsasən, səhhətində yaranan problemlərdən, yaradılması nəzərdə tutulan işçi qrupundan, özünə qarşı səsləndirilən ittihamlardan danışıb. Eləcə də, Müsavat Partiyasının qurultayı, müdafiə edəcəyi namizəd, qurultaydan sonra yaranacaq durum, partiyada gender bərabərliyinin pozulması və digər mövzularda fikirlərini açıqlayıb.
- Novella xanım, səhhətinizdə ciddi problemlərin yarandığı və bu səbəbdən də Türkiyəyə getdiyiniz haqda xəbərlər yayılmışdı. Bu doğrudurmu?
- Bəli, mədəmdə ağrılar yaranmışdı, təzyiqim yüksəlmişdi. Eləcə də, Səidə Qocamanlının da səhhətində problemlər vardı. İndi hər şey qaydasındadır. İstanbula getdik, Əbülfəz Elçibəyin kürəkəni bizi həkimə apardı. Özü də həkimlər Azərbaycandan gedən mütəxəssislər idi. Hər şey normal oldu, artıq hər hansı bir problem yoxdur. Fəaliyyətimizi davam etdiririk.
- İşçi qrupunun yaradılacağı deyilirdi, bu haqda sizdə informasiya varmı?
- Yox, bizdə işçi qrupu haqda informasiya yoxdur. Amma bilirik ki, işçi qrupunun yaradılması ilə bağlı danışıqlar gedir. Bu danışıqlar hökumətlə Avropa Şurası arasında aparılır. Bizim də müəyyən danışıqlarımız olub, lakin biz bir qədər kənardayıq. İşçi qrupunun formalaşdırılması hökumətlə Avropa Şurasının özünün seçimi olacaq.
- Əvvəl İşçi qrupu formalaşdırılmışdı. İndi işçi qrupu yenidən yaradılacaq, yoxsa əvvəlki işçi qrupunun fəaliyyəti bərpa ediləcək?
- Biz bunu bilmirik. Çünki işçi qrupu məsələsini, demək olar ki, biz gündəmə gətirmişdik. Bilirsiniz ki, məhz həmin qrupun fəaliyyəti səbəbindən 177 nəfər azadlığa buraxıldı, minlərlə məhbusun və vətəndaşın ərizələrinə baxıldı, onlara müəyyən köməklik göstərildi. Yəni işçi qrupunun yaradılması və fəaliyyəti olduqca vacibdir. Biz bu prosesi dəstəkləyirik. Hesab edirəm ki, işçi qrupu məhbuslara, hüququ pozulan vətəndaşlara köməklik edəcək. Nəzərə alın ki, işçi qrupunda hüquq müdafiəçiləri və hökumət nümayəndələri təmsil olunacaq. Bu imkan verəcək ki, problemləri qaldırıb onların həllinə nail olunsun. Hər halda bu lazımlı institutdur.
- Dialoq lazımdırmı?
- Biz əvvəldən bildirmişik ki, bütün məsələləri dialoq vasitəsilə həll etmək istəyirik. Hüquq müdafiəçisi Arzu Abdullayeva konfrans təşkil edib. Orada Qubad İbadoğlu, Leyla Əliyeva və digərləri də iştirak edib. Bildiyim qədər dialoq məsələsi qaldırılıb və qarşı tərəf də dialoqun vacib olduğunu ifadə edib. Avropa Şurası var və onlar sağ olsunlar ki, köməklik edirlər. Ancaq bu işin hamısını Azərbaycanda çözmək lazımdır. Bu mənada düşünürəm ki, dialoq vacibdir. Məncə, dialoq baş tuta bilər. Məsələn, maraqlı bir fikir deyim. Bilirsiniz ki, hətta bu gün bizimlə düşmənçilik aparan, bizi ittiham edən tərəf deyir ki, bizlər hökumətə meyilli insanlarıq, çünki dialoq məsələsini daima qabardırıq. Ancaq dünən mətbuatdan oxudum ki, müdafiə komitəsi yaradanlar və həm də bizi ciddi ittiham edənlər belə qərara gəliblər ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşüb Leyla Yunusun vəziyyətini müzakirə etsinlər. Doğrudan da, Leyla Yunusun vəziyyəti ağırdır və 6 nəfərlik kameradadır. Biz bu məsələni dünən çox mühüm görüşdə müzakirə etdik və bizə söz verdilər ki, problemi həll edəcəklər. Bu öz yerində, amma bizi ittiham edən insanlar bu gün dialoqdan danışırlar. Mədət Quliyev hökumətin nümayəndəsidir və şübhəsiz ki, nəyisə dəyişmək üçün onunla danışmaq lazımdır. Özləri gedib hökumətlə danışsınlar, dialoq aparsınlar, yol tapsınlar. Biz buna razıyıq. Daha bizi dialoq təklifinə görə suçlamasınlar. Bəli, biz dialoqun tərəfindəyik, hər zaman da dialoq deyirik. Biz tənqid lazım olanda tənqid edəcəyik, olmayanda da dialoqa gedəcəyik.
- Demək istəyirsiniz ki, siz dialoq deyəndə suçlu olursunuz, onlar dialoq deyəndə doğru olur?
- Bəli, onların məntiqinə görə belə çıxır. Neçə illərdir ki, buna görə, bizi günahkar çıxarırlar, amma özləri indi deyirlər ki, dialoqa getmək, Mədət Quliyevlə görüşüb bu məsələni müzakirə etmək lazımdır. Mən istəyirəm ki, onlar da dialoqa getsinlər. Ancaq başa düşmürəm ki, bunlar niyə bizə irad tuturlar.
- Müsavatın qurultayı haqda nə düşünürsünüz?
- Qurultay olacaq. Mən də qurultay nümayəndəsiyəm. Elə bilirəm ki, qurultay azad, demokratik və şəffaf keçiriləcək. Müsavatdan ona görə xoşuma gəlir ki, hər kəs öz fikrini deyə, mövqeyində qala bilər. Müsavatda hegemonluq yoxdur, hər kəsin söz demək imkanı var.
- Qurultaydan nə gözləyirsiniz?
- Düşünürəm ki, yaxşı olacaq.
- Ümumiyyətlə, qurultay olacaq?
- Olacaq. Yer verməsələr, partiyanın qərargahında keçirəcəyik.
- Bu, qəti qərardır?
- Qəti qərardır. Necə olsa da, qurultayı keçirməliyik.
- Ancaq deyirlər bu oyundur, Müsavat rəhbərliyi oyun oynayır və sonrada yer tapmadığı üçün ali tədbirini növbəti dəfə təxirə salacaq...
- Xeyr. Müsavat ən intellektual, müasir partiyadır.
- Müasir partiya niyə 5 ildən çoxdur qurultayını keçirmir?
- Gözləyirdik ki, bizə yer versinlər.
- İndi deyirsiniz ki, yer verməsələr, qərargahda keçirəcəyik. Bəyəm, 3 il əvvəl qərargahda keçirmək mümkün deyildi?
- İnşallah bu dəfə yer tapıb keçirəcəyik. Yer məsələsində dialoqa gedəcəyik.
- Müsavatda başqan kim olmalıdır?
- Mən İsa Qəmbərdən başqa heç kəsi indiki situasiyada başqan görmürəm. Ancaq Müsavatda başqan olmağa layiq çoxlu sayda insanlar da var. Mən İsa Qəmbəri deyirəm. Ancaq digər şəxslər də başqan ola bilər. Hətta qadınlar da. Şəxsən mən qurultayda İsa Qəmbərin başqan kimi saxlanılmasını təklif edəcəyəm. Əlbəttə, burada demokratiya olduğundan mənə qarşı alternativ çıxışlar da olacaq. Müsavatın böyüklüyü əslində bundadır.
- İsa Qəmbərin yenidən başqan olması mümkünsüz hala gəlsə, bu posta iddia edən dörd nəfərdən hansını müdafiə edəcəksiniz?
- Bu zaman vəziyyətə və duruma baxacağam. Bu məsələ qurultayda baş verdiyindən, mən də orada sözümü deyəcəyəm. Seçkilər olanda mövqeyimizi ortaya qoyarıq.
- Qurultaydan sonra Müsavatın siyasi xəttində dəyişikliklər baş verə bilərmi?
- Hesab edirəm ki, Müsavat Partiyasının siyasi xətti dəyişməyəcək. Müsavatda həmişə müasirlik, türkçülük və islamçılıq ana xətt olub. Bayrağımızın üç rəngi də Müsavatın siyasi xəttinin əsasını təşkil edəcək. Fikrimcə, hər hansı bir kardinal dəyişiklik baş verməyəcək.
- Bəs müsavatçı nəsil dəyişməlidirmi?
- Müsavatda nəsil hər zaman dəyişir. Bizim partiyada savadlı, intellektual və vətənpərvər gənclər var. Hamısı da gözəl insanlardır. Onları Müsavatın Məclisinə, Divanına seçmək, irəliyə çəkmək lazımdır. Müsavatda xeyli cavan nəsil var.
- Olsa da, irəli çəkilmir...
- Çəkiləcək. Bu dəfə irəli çəkəcəyik. Hesab edirəm ki, bu dəfə daha yaxşı olacaq.
- Müsavatda başqanlıq uğrunda əsas mübarizə Arif Hacılı ilə Qubad İbadoğlu arasında gedəcək. Bunların hansını daha münasib namizəd hesab edirsiniz?
- Tural Abbaslı da, Səxavət Əlisoy da öz namizədliyini irəli sürəcək. Azı dörd nəfər arasında mübarizə olacaq. Ən güclü namizədin kim olmasını da seçkilərin nəticəsi göstərəcək. İndidən bir söz demək doğru olmaz.
- Arzu Səmədbəyli qurultayda namizədliyini irəli sürə bilərmi?
- Mən Arzu Səmədbəylini 24 ildir tanıyıram, o mənim oğlum hesab olunur. Əbülfəz Elçibəy-Rəsulzadə fraksiyasında bu haqda müzakirəmiz olub, məsələni götür-qoy etmişik. Ola bilər, niyə ola bilməsin? Ancaq biz belə qərara gəlmişik ki, Arzu Səmədbəyli öz namizədliyini irəli sürməsin. Düzdür, son müzakirələr olmayıb. Çünki Arzu bəy səhhəti ilə əlaqədar Türkiyəyə gedib, orada müayinə olunur. Yəqin ki, Arzu bəylə də söhbətimiz olacaq. Mümkündür ki, o da namizədliyini irəli sürsün. Arzu Səmədbəyli heç kimdən gücsüz deyil, əksinə güclü kadrdır.
- Qurultaydan sonra parçalanma gözləyirsiniz?
- Hesab edirəm ki, belə bir şey baş verməyəcək. 2003-cü ildə Müsavata daha çox adam gəldi. İndi fövqəladə hal deyil ki, parçalanma və ya təlatüm yaşansın.
- Ancaq indi Müsavatın müxalifət düşərgəsində təmsil olunmadığı iddia edilir...
- Müxalifət partiyası elə Müsavatdır. Kim ki, Müsavata qarşı belə iddialar irəli sürür, getsin öz keçmişinə, kimin əlində olduğunu xatırlasın. Müsavat müxalifətdədir.
- Müsavatda niyə xanımların aktivliyi hiss olunmur?
- Mən Məclisdə təmsil olunuram. Bilirsiniz ki, mən daha çox hüquq müdafiə fəaliyyəti ilə məşğulam. Özü də indi cavanlar var. Onlar irəli getməlidir. Biz özümüz də aktivik.
- Deyirsiniz Müsavat müasir partiyadır, amma heç başqanlığa xanım namizədiniz də yoxdur...
- Niyə yoxdur? Nüşabə və Almaz xanım var. Hamısı da başqan ola bilərlər və kişi siyasətçilərdən də zəif deyillər. Sadəcə olaraq işləri çox olur. Hesab edirəm ki, bu qurultayda qadınların təmsilçiliyi daha yüksək olacaq.
-Siz niyə başqanlığa namizədliyinizi irəli sürmürsünüz?
-Mənim 73 yaşım var. 73 il ləyaqətli həyat yaşamışam. Bəzən məni sevməyənlər sosial şəbəkələrdə yazırlar ki, getsin nəvələrinin yanına, indi onun vaxtı deyil və s. Belə iradlar da var. Heç kəs düşünməsin ki, harasa gedəcəyəm. Ölənə qədər də işimi görəcəyəm, mübarizəmi aparacağam.
Nemət ORUCOV