9 Sentyabr 2014 20:27
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsi

- Azərbaycana səfəriniz zamanı hansı məsələləri müzakirə edəcəksiniz?
- Ölkələrimiz arasında münasibətlər mütəmadi görüşlər keçirməklə və həll edilməmiş məsələlər olmadan davamlı əsasda inkişaf etməyə başlayıb. Bu kontekstdə Serbiyanın marağı ondan ibarətdir ki, bu əlaqələr iqtisadi və mədəni əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirməklə hərtərəfli olsun.
Azərbaycanlı həmkarım Elmar Məmmədyarovun dəvəti ilə dost Azərbaycana səfər edirəm. Azərbaycan rəhbərliyi ilə keçirəcəyim danışıqlar yaxşı siyasi əlaqələrin davamıdır və digər aspektlərlə yanaşı, iqtisadi əməkdaşlığı təşviq erməli və dərinləşdirməlidir.

- Serbiya hökuməti Azərbaycanla viza rejiminin sadələşdirilməsinə əvvəlcədən maraq göstərib. Bununla bağlı danışıqlar hansı mərhələdədir?
- Ölkəmiz 2010-cu ilin sentyabrında viza rejiminin ləğv edilməsi haqqında layihə təqdim edib. Həmin layihə 30 günədək qalma vizasının ləğvini nəzərdə tutur. Ölkələrimiz arasında təsərrüfat və turizm əlaqələrinin genişləndiyini nəzərə alaraq, viza rejiminin bundan sonra da liberallaşdırılmasının zəruriliyi və əhəmiyyəti vurğulanıb. Bununla əlaqədar azərbaycanlı dostlarımızdan cavab gözləyirik.

- Azərbaycan hazırda xarici ölkələrə aktiv şəkildə investisiya yatırır. Serbiya iqtisadiyyatının hansı sektorları azərbaycanlı sərmayədarlar üçün cəlbedici ola bilər?
- Serbiya iqtisadi və maliyyə sahələrində böyük potensialı olan ölkədir. Biz Azərbaycan investisiyalarının, xüsusilə, enerji və infrastruktur sahələrinə yatırılmasında çox maraqlıyıq. Həmin sahələrdə artıq birgə layihələr mövcuddur və onlar uğurlu əməkdaşlığın nümunəsi ola bilər. Azərbaycandan olan investorlar üçün ən sərfəli şərait yaradılacaq.

Biz digər sahələrdə qarşılıqlı səmərə verə biləcək yeni təklif və investisiyalara açığıq. Serbiya tərəfi üçün tikinti, informasiya və kommunikasiya texnologiyaları, tibbi ləvazimatlar və dərmanlar, ərzaq, turizm və digər sahələrdə istifadə edilməmiş böyük imkan xeyli maraq doğurur.

- Azərbaycan-Serbiya əlaqələrini necə qiymətləndirirsiniz? Gələcəkdə hansı sahələr inkişaf edə bilər?
- Artıq dediyim kimi, hər iki tərəfin əməkdaşlığı üçün indiyə qədər görülən işlərdən daha çox imkanlar mövcuddur. İqtisadi əməkdaşlığın əsas növü ticarətdir, lakin əmtəə dövriyyəmizin göstəriciləri kiçikdir. Serbiya iqtisadi əməkdaşlığın digər növlərinə və qeyd etdiyim kimi, istehsalat potensiallarına investisiyaların yatırılmasına maraq göstərir.

- Azərbaycan Avropaya ən böyük qaz ixracatçılarından biridir. Bu sahədə iki ölkə arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Biz Avropada istehlakçıların sabit enerji təchizatına imkan verən istənilən layihəni alqışlayırıq. Hazırda Serbiyanın diqqəti daha əvvəl razılaşdırılmış "Cənub axını" layihəsinin həyata keçirilməsinə yönəlib. Azərbaycan tərəfi bizə bu sahə üzrə iştirak etdiyi digər layihələr, məsələn TANAP barədə məlumat verib. Bu layihə maraqlı təklifdir. Biz ümid edirik ki, Azərbaycan və onun tərəfdaşlarının birgə fəaliyyəti bu layihələrin bütün iştirakçıları üçün uğurlu olacaq.


Müəllif:

Oxşar xəbərlər