20 Oktyabr 2014 16:02
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyada baş verənlər hər kəsə bəllidir. İfrata varan güc nümayiş etdirmək, insanları təlaşda saxlamaq, yeni silahları sınaqdan çıxarmaq bir qrup dövlətlərin strateji kursuna çevrilib. SSRİ mövcud olanda dünyada tarazlıq var idi, çünki güc nümayişinin qarşısına başqa güc çıxarılırdı. NATO ilə yanaşı Varşava Müqaviləsi Təşkilatı da var idi. SSRİ dağıldıqdan sonra isə güc bir tərəfdə qalıb və o da istədiyini edir. Son illərdə baş verənlərə baxın. Dünyanın siyasi və hüquqi məsələlərini BMT həll edir. Ancaq ABŞ BMT-nin qərarı olmadan İraqa ordu yeritdi, eləcə də Liviyanı bombardman etdi”.

Bunu Teleqraf.com-a müsahibəsində professor, millət vəkili Fəzail İbrahimli bildirib. Müsahibəni təqdim edirik”.

- Fəzail bəy, 2015-ci il dövlət büdcəsi layihəsi Sizə təqdim olunub. Büdcəni necə xarakterizə edirsiniz?
- Büdcə zərfinə səs verəcəyəm. Hesab edirəm ki, yüksək səviyyədə hazırlanıb.

- Büdcədə müxtəlif sahələrə ayrılmalar düzgün hesablanıbmı və Sizin əlavə təklifləriniz olacaqmı?
- Millət vəkillərinin hər biri çalışır ki, təmsil olunduğu regionların payına daha çox maliyyə getsin. Yaxud səhiyyə sahələrinin işçiləri səhiyyəyə, təhsil sahəsinin işçiləri isə təhsilə daha çox ayrılmalara çalışır. Ancaq bunlar hər kəsin öz istəyi üzərində olan düşüncələrdir. Ümumilikdə isə dövlətin strateji kursu var. İqtisadçı millət vəkilləri bu məsələdə söz sahibi ola bilərlər. Yəni onlar daha düzgün yanaşa bilərlər. Ancaq mən tarixçiyəm və iqtisadi məsələlərin mahiyyətinə elmi səviyyədə müdaxilə edəndə, ola bilsin ki, öz istəyimi düzgün ifadə etməyim. Ancaq ümumi prioritet məsələlər var-təhsil, səhiyyə, ordu və s. Mən təhsil sahəsini təmsil etdiyim üçün istərdim ki, ali və orta təhsil sahəsində çalışanların əmək haqlarının artırılmasına yönələn vəsait daha çox olsun.

- Sizcə, ipoteka prinsipial məsələ deyilmi?
- Əslində, ipoteka dövlətin gənclərə münasibətini ifadə edən məsələdir. Ona görə də ipotekaya daha çox vəsait ayrılmalıdır. İkincisi, ipotekanın verilməsi prosedurası sadələşdirilməlidir. Üçüncüsü, gənclərə güzəşt olmalıdır. Gənclər evə sahib olmaq üçün evi girov qoyurlar. Məncə, bu məsələlərə baxılmalı, sadələşdirilmə aparılmalıdır. Dövlətimizin iqtisadi imkanları yetərincədir. Verilən maliyyədən çəkinmək lazım deyil ki, birdən pul batar. Dövlət bu millətin və xalqındır. Cənab Prezident açıq bəyan edir ki, əldə etdiyimiz kapitalı insan kapitalına çevirməliyik. Bu, əslində evsizlərə ev vermək, gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək deməkdir. Biz Azərbaycanın dünəni və bu günü, gənclər isə bu günü və sabahıdır. Odur ki, dövlətin rəğbətini artırmaq, cəmiyyətdə gənclərin rolunu gücləndirmək, ən əsası müstəqilliyin dadını onlara dadızdırmaq üçün böyük güzəştlər olmalıdır.

- VHP-də təmsil olunursunuzmu?
- Mən partiyanın ideoloji katibiyəm.

- Sizin qurultay gözlənilir, təlatümlər ola bilərmi?
- Fikrimcə, bu, doğru sual deyil. Partiyada nə baş verir ki? Dava yoxdur, sakit fəaliyyət var, hər şey qaydasındadır. Mən partiya məsələləri ilə bağlı suallara cavab vermirəm. İndi Müsavatda qurultay olub və müəyyən problemlər müşahidə olunur. VHP-də nə baş verir ki, biz buna cavab verək. Əksinə, partiyada hər şey qaydasındadır. Qurultayımız gözlənilir. Əgər qurultay olar və problem yaranarsa, biz də fikrimizi ifadə edərik. İndilikdə bizdə hər şey öz axarı ilə gedir.

- Siz tarixçisiniz və tarixi inkişafı, qanunauyğunluğu daha dərindən bilirsiniz. Bu gün Suriyada, İraqda nə baş verir, “İraq Şam İslam Dövləti” deyilən qurum haradan ortaya çıxıb, niyə qətliamlar törədir?
- Dünyada baş verənlər hər kəsə bəllidir. İfrata varan güc nümayiş etdirmək, insanları təlaşda saxlamaq, yeni silahları sınaqdan çıxarmaq bir qrup dövlətlərin strateji kursuna çevrilib. SSRİ mövcud olanda dünyada tarazlıq var idi, çünki güc nümayişinin qarşısına başqa güc çıxarılırdı. NATO ilə yanaşı Varşava Müqaviləsi Təşkilatı da var idi. SSRİ dağıldıqdan sonra isə güc bir tərəfdə qalıb və o da istədiyini edir. Son illərdə baş verənlərə baxın. Dünyanın siyasi və hüquqi məsələlərini BMT həll edir. Ancaq ABŞ BMT-nin qərarı olmadan İraqa ordu yeritdi, eləcə də Liviyanı bombardman etdi. Bu gün ərəb-müsəlman dünyasına qarşı bu siyasət davam etdirilir. İŞİD adlanan qurum qeyri-müəyyəndir. Bu necə müsəlman təşkilatıdır ki, elə müsəlmanların özlərinə divan tutur? Əgər doğrudan da, bu təşkilat əsl müsəlmanların yaratdığı təşkilatdırsa, bu zaman onların siyasəti, strateji kursu xristian dünyasına qarşı yönəlməli idi. Ancaq görürük ki, bu qurum müsəlman dünyasına qarşı savaş aparır. Bu gün İraqda onlar fəaliyyət göstərir. İlk olaraq bu suala cavab tapılmalıdır: Orada iştirak edənlər kimlərdir, doğrudanmı, onlar müsəlmanlardır, İslam təəssübkeşləridir? İkincisi, Suriya iki ildən çoxdur ki, Avropa və ABŞ-la kəskin münasibətdədir. ABŞ Suriyaya müdaxilə etmək üçün BMT-dən istədiyini ala bilmədi. Rusiya da bu məsələdə özünəməxsus mövqe nümayiş etdirdi. Ancaq Suriyaya girmək lazım idi. Suriyaya daxil olmaq üçün uydurma İŞİD yaradıblar. Axı bu qurum necə yarandı, müasir silahları haradan tapdılar, hansı maliyyəyə arxalanırlar? İndi də İŞİD-i məhv etmək üçün Suriyaya müdaxilə və bu dövlətin ərazilərini bombalamaq lazım gəlir. Səddam Hüseynin bioloji və kimyəvi silahı olduğunu iddia edirdilər. Onu məhv etdilər, amma İraqdan kimyəvi silah çıxmadı. Dünya da demədi ki, bəs onda İraqa niyə daxil olmuşdunuz. İndi də İŞİD-i ortaya atıblar. Bu qurumu yaradıblar və onun vasitəsilə müəyyən strateji kursu həyata keçirmək istəyirlər. Yəni İŞİD bir vasitədir. Hətta ən maraqlısı bu prosesə qardaş Türkiyəni cəlb etməkdir. Bu İslam dünyasına qarşı tuşlanan strateji xətdir. Hər bir müsəlman dövləti bu məsələdə ayıq olmalıdır.

- Türkiyənin bu prosesə cəlb edilməsi nəyə hesablanır?
- Bu gün Türkiyənin prosesləri törədən, bu sükanın arxasında oturan Amerika ilə isti münasibətləri var. Sadəcə olaraq Türkiyənin parçalanması, ölkə daxilində gərginliyin yaşanması Vaşinqtonun Orta Şərq siyasətinə çox ağır təsir edə bilər. Güman etmirəm ki, Türkiyəni yarımçıq və parçalanmış formada görsünlər. Türkiyə kifayət qədər güclü və qüdrətli dövlətdir. Türkiyə baş verən bu proseslərin qarşısında cəsarətlə dayanacaq.

- Azərbaycanda İŞİD-lə bağlı proseslər diqqətlə izlənilir, bu qurumun tərkibində hətta azərbaycanlıların da olduğu haqda informasiyalar səslənir. Necə düşünürsünüz, bu, bizim üçün təhlükə yaratmazmı?
- Bu ideoloji işdir və arxasında maliyyə durur. Azərbaycandan gedərək Suriyada anti-dövlət əleyhinə iştirak edənlərin məhkəməsi halları olub. Bu məsələdə İslama inam, Qurana hörmət, məzhəb marağı sevgisi yoxdur. Əksinə, burada pul və maliyyə sevgisi var. Pul olan yerdə insan imanını, dinini, hətta varlığını belə unuda bilir. Ola bilsin ki, müəyyən işsiz adamları güclü formada maliyyələşdirə bilərlər. Mümkündür ki, az maliyyəsi olan və böyük arzularla yaşayan insanları bu işə sövq ediblər. Azərbaycana olan mənfur baxışlar heç zaman bizə yaxın gələ bilməz. Azərbaycan dövlətinə, müstəqilliyimizə qarşı yönələn hallar arzu olaraq da qalacaq. Azərbaycanın kifayət qədər gücü və qüdrəti var. Xalqımız da aqil xalqıdır. Bizdə gerçək dini sevgisi olan kifayət qədər insan var. Onlar bu kimi halların qarşısını almağa hazırdırlar.

- Azərbaycan-Rusiya münasibətləri, bunun ölkəmizə xeyri nə ola bilər, son zamanlar bir qrup şəxs bu münasibətlərin inkişaf etdirilməsindən anlaşılmaz nəticələr çıxarırlar?
- Azərbaycan-Rusiya münasibətləri normal inkişaf edir. Azərbaycan heç bir dövlətin ağuşuna atılmaq istəmir. Dövlətin apardığı siyasətin ana xəttini müstəqillik, heç kimdən asılı olmamaq təşkil edir. Gürcüstan-Amerika münasibətləri, eləcə də Ukraynadakı hadisələr gözümüzün qarşısında baş verdi. Ermənistanın iki adaxlısı var, Amerikadakı erməni lobbisi və Rusiya. Gürcüstanın barmağına Amerika üzük taxdı. Azərbaycan isə varlı bir kişinin gözəl qızına bənzəyir. Bir qrup bu qızın gözəlliyinə, bir qrup isə kişinin var-dövlətinə göz dikib. Hələ çox dövlətlər çalışır ki, barmağımıza qızıl üzük taxsın. Amma son 20 il göstərdi ki, bu mümkün deyil. Azərbaycan dövlətlərlə münasibətlərini düzgün qurur. Rusiya Azərbaycanın daxili işlərinə qarışmır, bu ölkələrlə tərəfdaşlıq müstəvisində addımlar atılır. Təbii ki, Qarabağ məsələsində də Azərbaycan öz mövqeyini açıq qoyur. Odur ki, bizi böyük dövlətlərlə üz-üzə qoymaq, isti münasibətlərimizi soyuq etmək cəhdləri, təbii ki, Azərbaycana qarşı yönələn siyasətin tərkib hissəsidir. Dövlət özünün strateji kursunu düzgün müəyyən edib, hansı dövlətlə necə davranmağın kifayət qədər təcrübəsi var. Odur ki, mən aparılan xarici siyasəti dəstəkləyirəm. Bu cür sərbəst, müstəqil, balanslı siyasətin davamı Azərbaycanın bütün problemlərinin həllinə gətirib çıxaracaq.

Nemət ORUCOV


Müəllif:

Oxşar xəbərlər