6 Noyabr 2014 13:31
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurultaydan sonra Müsavat Partiyası daxilində gərginlik hökm sürür. Seçkilərin nəticələrinə şübhə ilə yanaşanlar yeni rəhbərliyə qarşı ittihamlar səsləndirir. Teleqraf.com müsavatdaxili proseslərə aydınlıq gətirmək üçün partiya funksioneri Novella Cəfəroğluna müraciət edib.

- Novella xanım, Müsavat Partiyası daxilində baş verənlərlə bağlı təklifləriniz varmı?
- Mən Müsavat Partiyası daxilində dialoqun tərəfdarıyam. Hər iki tərəfdə dəyərli müsavatçılar var. Deyir, dartışmasan bərkimərsən. Partiya yaşayır, mübarizə aparır ki, onun daxilində dartışmalar var. Dartışmalar məni qorxutmur.

- Amma dartışmaların təhlükəli hədəflərə istiqamətləndiyini iddia edənlər də var...
- Dartışan tərəflərin bir-birini satqınlıq, xəyanətdə ittiham etməsi normaldır. Savaşanların bir-birinə qarşı ittihamlarını ciddiyə almaq doğru deyil. Emosional vəziyyətdə verilən ifadələrdi hamısı. Hesab edirəm ki, Müsavat Partiyası bu proseslərdən güclü çıxacaq.

- Siz, Müsavat Partiyası daxilindəki dartışmada kimin tərəfindəsiz?
- Heç kimin. Dialoq tərəfdarıyam. Heç vaxt bu proseslərdə tərəf tutmamışam. Hüquq müdafiəçisi kimi haqqı pozulanın, Müsavatda isə hamının tərəfindəyəm.

- Hüquq müdafiəçisi kimi Müsavatda kimin tərəfindəsiz?
- Hesab edirəm ki, Müsavat Partiyasında keçirilən seçkilərdə pozuntu olmayıb. Qubad İbadoğlu çox az səs fərqi ilə Arif Hacılıya uduzdu. Deməli, seçkilər normal olub ki, fərq belə az idi. İncikliklərin olması normaldır. Qəzetlər şişirtməsə idi, tərəflər çoxdan barışmışdı.

- Köhnə müsavatçılar nə üçün partiyada rəhbər postlara təyin olunmurlar?
- Bu məndə heç bir narahatlıq doğurmur. Əslində, gənclərin rəhbər postlara seçilməsinin, təyin olunmasının tərəfdarıyam. Başqa vaxt deyirik ki, partiyada gəncləşmə, yenilənmə olmalıdır. Bunu edəndə də deyirlər ki, köhnələri "vururlar". Hələ mən düşünürəm ki, partiyada dəyişikliklər daha sürətlə aparılmalı, daha çox gənc rəhbərlikdə təmsil olunmalıdır. Köhnə müsavatçıların özləri rəhbərlikdə təmsil olunmaq istəmirlər. Dəfələrlə qeyd edib ki, öz yerlərini gənclərə, orta nəsilə verməyə hazlrdılar. Burada bir problem görmürəm.

- Nəsib Nəsiblinin Müsavat Partiyasından istefasına münasibətiniz necədir?
- Nəsib Nəsibli min dəfə də partiyadan istefa versə, yenə də müsavatçıdır. Onun ruhu Müsavata, müsavatçılığa bağlıdır. Onun istefa verib-verməməsi o qədər də əhəmiyyət kəsb etmir.

- Sizcə, İsa Qəmbər nə üçün tərəfləri bir araya gətirib barışdırmır?
- İsa Qəmbər istəyir ki, onlar savaşıb sorna da barışsınlar. Yəni özləri öz aralarında razılığa gəlsinlər. İsa Qəmbər elə seçki günü bildirdi ki, Müsavat Partiyasının bütövlüyünü, güclü olmasını istəyənlər Arif Hacılının qələbəsini qəbul edib, onun ətrafında birləşməlidilər. Yeni başqanın üzərinə davamlı şəkildə gələnləri, ona qarşı prinsipiallıq göstərənləri mən anlamaqda çətinlik çəkirəm. Normal şəkildə keçirilən seçkinin nəticələrinin ləğvi üçün bu qədər enerji sərf etmək kimə, nə lazımdır? Yaxşı olardı ki, onlar öz enerjilərini Müsavat Partiyasının güclənməsi, hədəfləri üçün sərf eləsinlər.

- Müxalifətin ayrı-ayrılıqda mitinq keçirməsinə necə baxırsız?
- Bu, müxalifətin ən böyük problemidir. Siyasi məhbuslarla bağlı keçirilən aksiyalardır. Olmazmı, bunu birgə keçirsinlər? Bir-birinə qarşı düşmənçilik etmək düşərgəni axırda əldən salacaq, zəiflədəcək. Çox adam belə şeyləri görür və irgənərək siyasətdən, müxalifətçilikdən uzaqlaşırlar. Keçən dəfə İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn Milli Şuranın mitinqində iştirak etmişdi. Deməli, bunlarda kin, qisasçılıq yoxdur. Olsaydı, Milli Şuranın aksiyasına qatılmazdılar.

- Amma Müsavat rəhbərliyinə söz verilmədi...
- İsa Qəmbər, Arif Hacılı və Pənah Hüseyn kimi insanlara söz verilməməsi, Milli Şura rəhbərliyinin qanacağından, siyasi mədəniyyətindən xəbər verdi. Hesab edirəm ki, Milli Şuranın rəhbərliyi düzgün etmədi. Onlara söz verilməli idi, ən azından salamlamalı idilər. Etmədilər və bununla da bir daha kin-küdurətlərini ortaya qoymuş oldular. Müxalifətin xəstəliyi olduğu üçün bu gündədir.

Ayxan


Müəllif:

Oxşar xəbərlər