14 Noyabr 2014 11:09
1 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ali Sovetinin sabiq sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Yaqub Məmmədovun Publika.az-a müsahibəsi:


- Yaqub bəy, hazırda nə işlə məşğulsunuz?
- Elmi-pedaqoji fəaliyyətlə məşğulam, professoram. Universitetdə müəllim kimi çalışıram.


- Niyə mətbuatda görünmürsünüz?
- Bəzən arada olur ki, tanış-dost jurnalistlər məndən gündəmə uyğun müsahibə alırlar. Ancaq indi aktiv siyasi fəallıq yoxdur. Ona görə də mətbuatda görünmürəm.


- Son vaxtlar Müsavat partiyası daxilində baş verən prosesləri izləyirsiniz?
- Ümumiyyətlə, Müsavat, AXCP və digər müxalifət partiyaları adətən seçki ərəfəsi bir qədər fəallaşır. Hətta bəzi partiyalarda parçalanma və ya birləşmə prosesi gedir. İndi Müsavat daxilində də gedən proseslər yeni hal deyil. Bir məsələni də qeyd edim ki, indi Azərbaycanda fəaliyyət göstərən bütün müxalif siyasi partiyalarının rəhbərləri vaxtilə Azərbaycan Xalq Cəbhəsinin köynəyindən çıxmış şəxslərdir. Gah birləşirlər, gah da ayrılırlar. Ötən il Milli Şura yaradılanda bu partiyaların bəziləri bir yerə toplandı. İndi də dalaşıb ayrılıblar. Bizim müxalifətimiz bu gündədir.


- Milli Şurada yer almağı düşünmüsüz?
- Vaxtilə mənə Milli Şuradan təklif oldu. Ancaq mən bundan imtina etdim. Milli Şuradan mənə təklif çox ciddi idi. Ancaq mən onlara qoşulmadım.


- Təklif konkret kim tərəfindən idi?
- Konkret ad çəkməyə ehtiyac görmürəm. Milli Şuranı yaradan və təsis edən şəxslər tərəfindən mənə təklif göndərilmişdi. Milli Şuranı və Ziyalılar Forumunu yaradan şəxslər məni hər iki quruma üzv olmağa dəvət etmişdilər. Ancaq mən bunların heç birinə getmədim. Çünki mən praqmatik adamam. Mən əvvəlcədən də bu təşkilatların uğurlu fəaliyyətinin olacağına inanmadım. İnanmadığım və gözləmədiyim bir təşkilatda mənim nə işim ola bilər? Hazırda da heç bir siyasi partiyanın üzvü deyiləm.


- Bəs YAP-a üzv olmaq istərsiniz?

- Vaxtında Yeni Azərbaycan Partiyasının yaranmasında mənim də böyük köməyim olub. 1992-1993-cü illərdə YAP-ı yaradanlarla normal münasibətim olub, onlara kömək də etmişəm. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlməmişdən öncə mənimlə görüşüb. Bundan sonra da bizim bir neçə dəfə görüşümüz olur. Heydər Əliyev prezident seçiləndən sonra bizim görüşümüz mümkün olmadı. Sonradan tale elə gətirir ki, mən bu proseslərdən uzaqlaşdım. Vaxtilə mənim hakimiyyətə dəstəyim olub. İndi də hər zaman hakimiyyətin yaxşı işlərini təqdir edirəm. Yəni, mən nə bu hakimiyyətə, nə də müxalifətə müxalif deyiləm.


- Dediniz ki, YAP-ın yaradılmasında əməyiniz olub. Bəs nə üçün siz “91-lər”dən olmadınız?
- Tibb sahəsində çalışan adamların əksəriyyətinin “91-lər”ə imza atması mənim təkidimlə olub. O vaxtı mənə Baş Prokurorluq tərəfindən xəbərdarlıq olunmuşdu ki, siyasi fəaliyyətlə məşğul olmayım. Guya o zaman mənim siyasi fəaliyyətlə məşğul olmağım ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirə bilərdi. Hətta o vaxt prokurorluq bununla bağlı mənə rəsmi şəkildə xəbərdarlıq da etmişdi. Çünki o proseslərdə əvvəlcə mən də iştirak edirdim. Sonra prokurorluq xəbərdarlıq etdi və mən də bu işlərdən kənara çəkilməyə məcbur oldum. Ona görə də o zaman “91-lər”in siyahısına düşmədim.


- Hökumətə rəhbərlik etdiyiniz dövrdə Xalq Cəbhəsi tərəfindən sizə qarşı hansı təzyiqlər olurdu?
- Rəhbərliyim dövründə çalışırdım ki, hökumət üzvləri müxalifət və iqtidar arasında bölünsün. İki güc strukturuna – daxili işlər və müdafiə nazirləri vəzifələrinə müxalifətdən adamları təyin etdim. O vaxtı Rəhim Qazıyevi müdafiə naziri, Tahir Əliyevi isə daxili işlər naziri qoydum. Müxalifətdə təmsil olunan digər şəxslərə də yüksək vəzifələr təklif etdim. O zaman mən müxalifətə koalisiya hökuməti yaratmaq üçün rəsmi şəkildə müraciət də etmişdim. Bu istiqamətdə danışıqlar getdi, protokol imzalandı. Müxalifətə digər nazir vəzifələri də təklif etdim. Ancaq vəzifələr bölüşdürülən zaman müxalifətdə olan şəxslər buna razı olmadı. O zaman müxalifətdə olan Əbülfəz Elçibəy, İsa Qəmbər və digərləri mənə elə şərtlər irəli sürdü ki, bu şərtlərə razı olmaq, dövləti onlara verib getməyə bərabər idi. İndiki müxalifət partiyasının lideri Əli Kərimli o vaxtı hələ tanınmırdı, üzdə yox idi. O vaxtı biz Xalq Cəbhəsinin rəhbərliyində təmsil olunan Əbülfəz Elçibəy, İsa Qəmbər, İsgəndər Həmidov, Tofiq Qasımov və digər bu kimi şəxslərlə danışıqlar aparırdıq. Mən o vaxtı koalisiya hökumətinin qurulması üçün Həsən Həsənova tapşırıq vermişdim. O vaxtı Xalq Cəbhəsi rəhbərliyi ilə danışıqları bilavasitə Həsən Həsənov aparırdı. Ancaq müxalifət bizimlə razılığa gəlmədi və qərar belə oldu ki, prezident seçkilərinə gedilsin. Seçkiyə qədər də ölkədə sabitlik pozuldu, Şuşanın işğalı baş verdi, daha sonra Ayaz Mütəllibovun hakimiyyətə yenidən qayıdışı oldu və buna qarşı Xalq Cəbhəsi Ali Sovetin binasını tutdu və hakimiyyəti devirdi, 18 may sessiyası çağırıldı və sairə.


- Ayaz Mütəllibov öz müsahibələrində bildirir ki, o vaxtı ölkədə demokratik mühit yaratmaq istəsə də, Xalq Cəbhəsi hakimiyyəti ona imkan vermədi və sairə. Doğrudanmı bu belə idi?
- Ayaz Mütəllibovun fikirlərində həqiqət var. Müxalifət hər gün mitinq, aksiya keçirirdi. Xalq Cəbhəsindən olan deputatlar Ali Sovetin binasında radikal çıxışlar edirdilər. Hakimiyyəti iflic vəziyyətinə salmışdılar. O zaman müxalifətin hakimiyyətə qarşı gücü və təzyiqi küçə və meydanlar idi.


- Bəs Ayaz Mütəllibov hakimiyyətdən getməsə idi, nə baş verə bilərdi?
- Sözsüz ki, Ayaz Mütəllibov getməsəydi, o vaxtı bəlkə də ölkədəki proseslər başqa cür gedərdi. Onun istefa verməsi ölkədə hakimiyyətsizlik yaratdı. Mən də Ali Məclisin sədri seçiləndən sonra prezidentin səlahiyyətlərini icra etdim. Mən prezident səlahiyyətlərini icra edəndən sonra Xalq Cəbhəsi Ayaz Mütəllibova qarşı apardığı mübarizəni mənə qarşı da aparmağa başladı. Onlar qarşılarına məqsəd qoymuşdu ki, birdəfəlik hakimiyyətə gəlsinlər. Buna da nail oldular, hakimiyyətə gəldilər.


- Əbülfəz Elçibəylə münasibətləriniz necə idi?
- Elçibəylə mənim münasibətlərim hər zaman yaxşı olub. Mən universitetdə işləyən zamanda da, vəzifədə olanda da onunla normal münasibətdə olmuşuq. Ancaq Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra münasibətlərimiz kəsildi. Sonra Elçibəy Kələkidən qayıdandan sonra onun öz təşəbbüsü ilə biz bir neçə dəfə görüşdük və ölkədəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. O zaman da mən ona yol verdiyi nöqsanları deyirdim, normal söhbət aparırdıq və s. Ancaq Əbülfəz Elçibəy müstəqil qərar qəbul edə bilmirdi. Onun komandası var idi və ətrafında olan insanlar bir yerdə qərar qəbul edirdi. Hətta, bunu Əbülfəz Elçibəy özü də mənə etiraf edirdi. Ancaq mən hər zaman o fikirdə olmuşam ki, Əbülfəz Elçibəy özü müstəqil siyasət yürütsəydi, o zaman bəlkə də aqibəti o cür olmazdı.


- Vaxtilə vəzifəyə təyin etdiyiniz şəxslərlə indi münasibətləriniz var?
- Heç biri ilə əlaqəm yoxdur. Mən vaxtilə çox adamı vəzifəyə qoymuşam. Həmin adamlardan indi də vəzifədə olanları var. Ancaq heç birindən nə hörmət gördüm, nə də əlaqə saxlamadılar. Vaxtilə müdafiə naziri təyin etdiyim Rəhim Qazıyevi həbsxanadan çıxandan sonra hələ görməmişəm. Tahir Əliyev də özünü pis apardığı üçün əlaqəmi kəsmişəm. Bundan əlavə, İsgəndər Həmidovun, Vahid Əhmədovun, Məmməd İsmayıl, Abbas Abbasovun və digər şəxslərin vəzifəyə təyin olunması ilə bağlı sərəncamlara mən imza atmışam. İndi bu adamların heç biri ilə əlaqəm yoxdur. O vaxtı “Əlincə” adlı cəmiyyət var idi. Murtuz Ələsgərov, Hacıbala Abutalıbov, Əli Nağıyev, Xalid Əlimirzəyev və digər şəxslər bu təşkilatda yer alırdılar. O vaxt bu şəxslər yaş senzinin aradan qaldırılması ilə bağlı aksiya təşkil etmişdilər. Mən də prezidentin kabinetində bu şəxsləri o zaman qəbul edib görüşdüm. Əli Nağıyevi də o zamandan tanımışam. Mən vəzifədən gedəndən sonra da Əli Nağıyevlə tez-tez görüşlərimiz olub. O, tez-tez yanıma gedib-gəlirdi.


- Azərbaycandakı son ictimai-siyasi prosesləri necə qiymətləndirirsiz?
- İndiki vəziyyəti çox müsbət qiymətləndirirəm. İndi bizim xarici siyasətimiz çox ağıllı və düşünülmüş siyasətdir. Doğrudur, ölkənin daxili siyasətində bizim bəyənmədiyimiz məqamlar da var. Ancaq bütövlükdə Azərbaycanın xarici siyasəti çox düzgün qurulub. Mən bunu dəstəkləyirəm. Yəni, bizim vəziyyətimiz elədir ki, Azərbaycan bir tərəfə istiqamət almamalıdır. Bizim həm İran, həm Rusiya, həm də Qərblə münasibətlərimiz olmalıdır. Ona görə də indi Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və çox ağıllı düşünülmüş siyasətdir.


- Ukrayna Krımı itirdi. Bəzi siyasi şərhçilər Krım və Qarabağ məsələlərini eyniləşdirir. Sizin bu məsələyə münasibətiniz necədir?
- Krım və Qarabağ məsələləri ayrı-ayrı məsələrdir. Ukraynanın Rusiya ilə münasibətlərində problemin yaranmasını Qərb çoxdan arzu edirdi. Hələ uzun illərdən bəri Qərbin bütün səyləri ondan ibarət idi ki, Ukraynanı Rusiyadan ayırsınlar. Qərb buna müəyyən mənada nail olub. Ancaq bunun sonu necə qurtaracaq, bu heç kəsə məlum deyil. Azərbaycanın problemi ilə Ukraynanın problemini eyniləşdirmək doğru deyil.


- Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Avrasiya İttifaqı yaradıldı. Bu ittifaqa üzv olmaq üçün Azərbaycana da təklif göndərilmişdi. Bu ittifaqın perspektivinə nə qədər inanırsınız?
- Doğrudur, belə bir ittifaq yaradılıb. Ancaq heç kəs məcburi şəkildə təkid etmir ki, Azərbaycan bu ittifaqa qoşulsun. Çünki bilirlər ki, Azərbaycanın mövqeyi və vəziyyəti necədir. Azərbaycan həm Avropa, həm də Avrasiya ittifaqları ilə normal münasibət saxlayır. Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan Avrasiya İttifaqına qoşula bilməz. Bu gün Rusiyadan Azərbaycana bununla bağlı hər hansı təzyiq və ya tələb də görünmür. Çünki Azərbaycan Ermənistan ilə müharibə şəraitində yaşayır. On görə də bizim bu ittifaqa qoşulmağımız indiki halda mümkün deyil.

- Son prosesləri nəzərə alsaq, indiki halda Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin fikirlər söyləmək olar?

- Bu çox mürəkkəb sualdır. İndi heç kəs bu suala dəqiq cavab verə bilməz. Ola bilər ki, yaxın gələcəkdə Qarabağ ətrafı bir neçə rayonun geri qaytarılması barədə razılıq əldə olunsun. Ancaq Qarabağ münaqişəsinin həlli prosesi yəqin ki, xeyli vaxt çəkəcək.


- Bu gün İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərə gəlib (müsahibə 2 gün öncə götürülüb – red.). Bu səfəri necə dəyərləndirirsiniz?

- İran prezidentinin Bakıya səfəri çox müsbət xarakter daşıyır. İranın indiki prezidenti Azərbaycan prezidenti ilə çox yaxşı əlaqələr yaradıb. Münasibətlərin bu qədər yaxşılaşması həm dövlətimizə, həm də xalqımıza faydalıdır. Bu, həm də milli maraqlar naminə uyğundur.


- Hər hansı biznes fəaliyyətiniz var?

- Tam əminliklə söyləyirəm, nəinki mənim, heç övladlarımın da biznesi və yaxud əmək haqqından başqa heç bir yerdən bir qəpik də gəlirimiz yoxdur. Ümumiyyətlə, biznes sahəsində heç bir səriştəm yoxdur. Övladlarımın da hamısı elmlə məşğul olur. Onların arasında fəlsəfə və elmlər doktoru olanı da var.


Müəllif:

Oxşar xəbərlər