“Azərbaycanın gələcəyini çox yaxşı görürəm. Çünki böyük bir nəsil yetişir, savadlıdır. Azərbaycanın potensial inkişafı var. Azərbaycanın zənginliyi onun neft və qazında deyil, intellektual potensialındadır. Elmə böyük axın var, xaricdə çoxlu sayda gənclərimiz təhsil alır. Ölkənin təbiəti, coğrafi mövqeyi, tarixi, insanları mənim optimist olmağımı şərtləndirir. Əlbəttə, problemlər də olacaq. Mən sonu yaxşı görürəm”.
Bunu Teleqraf.com-a müsahibəsində sabiq təhsil naziri, professor Firudin Cəlilov bildirib. Müsahibəni təqdim edirik:
- Firudin bəy, neçə müddətdir Türkiyədə müayinə və əməliyyat olunursunuz. Hazırda səhhətiniz necədir?
- Bildiyiniz kimi, mən əvvəl də Türkiyədə əməliyyat olunmuşam. Bu da əvvəlki əməliyyatın davamı idi. Bu dəfə ayaqlarımda damarları dəyişdilər. Bir neçə gündür ki, Bakıya qayıtmışam, yavaş-yavaş özümə gəlir, hərəkət edirəm. Hələlik ümumi vəziyyətim yaxşılığa doğrudur. Ancaq həkimlər deyirlər ki, iki aydan bir özünü yoxlatmalı, nəzarət altında olmalısan. Artıq yaşlanırıq, gərək özümüzü bir qədər qoruyaq. Türkiyədə olduğum müddətdə mənə xoş münasibət göstərildi. Əslində, mənə münasibət hər zaman müsbət olub. Daima yanıma gəlib-gedən, maraqlanan çox olub. Bu dostlar, tanışlar səviyyəsində olub. Uzaq şəhərlərdən durub Ankaraya yanıma gəlirdilər. Maraqlananlar çox oldu. Həkimlər də xüsusi qayğı göstərir, daima diqqət mərkəzində saxlayırdı. Mən də bildiyiniz kimi ağır əməliyyatlar keçirmişəm. Mənə olan bu isti münasibətdən də razıyam.
- Siz daima araşdırma aparır, yaradıcılıqla məşğul olursunuz. Bu istiqamətdə vəziyyət necədir?
- Hazırda buna ara vermişəm. Ancaq işlərim davam edir. Bəzi kitabları çap eləməliyəm. Bunu hazırlayacağam. Əlimdə başqa kitablarım da var. Ancaq son 3-4 ayda xəstəliyimə görə qədər ara vermişəm.
- Fransada baş verən olayı - bir jurnalın redaksiyasına basqın edib ondan çox jurnalisti qətlə yetirməyi necə qiymətləndirirsiniz?
- Bu, ABŞ-da yaşanan 11 sentyabr hadisəsinin Fransada yenidən təkrar olunmasıdır. Göründüyü qədər sadə məsələlər deyil. Ələlxüsus, indi dünyada coğrafiyalar uğrunda müharibələr gedir, kimin hara nəzarət edəcəyi məsələsi var. Super dövlətlərin qurduğu oyunlar var. Uzağa getməyək, Dağlıq Qarabağ 20 ildir əlimizdən çıxıb. Biz istəsək, bu torpaqları iki günə geri alarıq, ancaq super güclər buna imkan vermirlər. Dünyada da bu şəkildə ciddi proseslər gedir. Xüsusilə, 2015-ci ildə bu hadisələrin gedişi göstərir ki, bəzi dəyişikliklər yaşanacaq. İndi həm də neft siyasəti aparılır, dünyada neftin qiyməti süni olaraq ucuzlaşır. Fikrimcə, bu, siyasətdə 5-6 ay davam edəcək. Burada da məqsəd coğrafiyalara sahib olmaqdır. Demək istəyirəm ki, bunlar qlobal proseslərdir.
- On jurnalistin öldürülməsini necə qiymətləndirirsiniz?
- Şübhəsiz ki, bu, faciə, çox pis hadisədir. Bunun pisliyinin bir tərəfi də ondadır ki, baş verənləri İslamla bağlayırlar. İş elə qurulub ki, İslam terror dini kimi qəbul etdirilsin. Əlbəttə, bunlar düşünülən şeylərdir. Əslində, terrorçunun dini və milləti olmur. Ancaq görürsünüz ki, İslamı önə çıxarırlar. Xüsusilə, bu İŞİD məsələsi işləri lap korlayıb. İslamı dünya ictimaiyyətinin gözündə salmaq üçün jurnalistlər din adına öldürülür. Bunun pis tərəfi də elə budur. Nəzərə almaq lazımdır ki, Avropada milyonlarla müsəlman və türk yaşayır. Bu hadisələrin bir məqsədi də bu müsəlmanları geri oturtmaq, bu qitədə İslamın yayılmasının qarşısını almaq, İslamı bir terror dini kimi təqdim etməkdir. Bu min illərdir ki, həyata keçirilən metoddur. Əgər bir şeyin qarşısını almaq istəyirsənsə, onun adından elə hadisə törətməlisən ki, insanlarda nifrət yaransın. Bu metoddan dəfələrlə istifadə ediblər. 11 sentyabr hadisəsindən sonra Əfqanıstan, İraqda nələr baş vermədi? İndi Fransada baş verən bu hadisədən sonra şübhəsiz ki, İslama qarşı kampaniya genişlənəcək, onun yayılmasının qarşısı alınacaq. Mən dindar deyiləm, amma bütün dinlərə hörmətim var, çünki insanların inanc yeridir. Din üzərində siyasət qurmaq insanlara xeyir gətirə bilməz. Bu, olduqca yaramaz oyunlardır. Təbii ki, hadisə zamanı öldürülən tərəfə də diqqət ayırmalıyıq. Jurnalistlər azad insanlardır və mən bunu qəbul edirəm. Ancaq bu saat Avropada, dünyada böyük problemlər yaşanır, hadisələr baş verir. Niyə gedib bu məsələlərlə məşğul olmur, İslam peyğəmbərinin karikaturasını çəkirlər? Karikatura çəkəndə sizə qarşı antipatiya yaranır və başıboş terroristlər də buna görə adam qətlə yetirir, haralarısa partladırlar. Sonucda da tolerantlıq, söz azadlığının boğulması, jurnalistlərin öldürülməsi məsələsi ortaya çıxır.
- Sizcə, bu hadisələrin davamı və ya nəticəsi olaraq ərəb coğrafiyasında nələrsə baş verə bilərmi?
- Belə bir proses onsuz da gedir. Fransada baş verənlər bu prosesin bir hissəsi, onu sürətləndirən faktordur. Dediyim kimi, coğrafiyaların dəyişməsi planları ortadadır. Həm də, mənə elə gəlir ki, bu dəfə proses daha çox Orta Asiyada, Yaxın Doğu coğrafiyası üzərindədir. Enerji ehtiyatları bu ərazilərdədir və məqsəd də buna nəzarət etməkdir. Xüsusilə, son 20 ildə bunun şahidi olduq. Baxın, SSRİ-ni iqtisadi və siyasi yolla necə dağıtdılar. 20-30 il əvvəl SSRİ şərq ölkələri ilə, ərəb dünyası ilə çox yaxın münasibətdə idi. Ora silah satır, iş aparırdı. SSRİ-ni dağıtmaq üçün onun təsir dairəsini məhv etdilər. Bu proses indi də davam edir. Həmin ölkələrə təzyiqlər olunur. Əslində tarix boyu bu, belə olub. Orta əsrlərdən bu yana İpək Yolu üzərində müharibələr gedirdi, dövlətlər bir-birinə qarşı savaşa məhz bu səbəbdən başlayırdı. İnsan oğlu dünyaya gələndən bu yana eyni rolu oynayır. Bütün bu çəkişmələr, müharibələr, hadisələr, ölüm-dirim savaşı iqtisadiyyatla, torpaqla bağlıdır. 5 min il qabaq əgər, bu, balaca bir məsələ üzərində baş verirdisə, indi daha böyük imkanlar uğrunda müharibə gedir. 10 min ildir ki, bəşər tarixində bu proses gedir. Sadəcə olaraq tarixi yaxşı bilən insan bu hadisələrin mahiyyətini başa düşür.
- Bəlli olduğu kimi, hazırda da Fransa Əlcəzair, Mali üzərində nəzarəti saxlayır, bu bölgələrə özünün koloniyası kimi yanaşır. Bu koloniya uğrunda isə ABŞ, Kanada, Britaniya və Çin Fransa ilə rəqabət aparır. Parisdə jurnalistləri qətlə yetirən terrorçuların da əslən Əlcəzairdən olduğu iddia edilir. Bu hadisə qeyd edilən koloniyalarda Fransanı sıxışdırmaq üçün təşkil edilə bilərmi?
- Bu da məsələyə bir baxış və yanaşmadır. Əlcəzairdə müsəlmanlar yaşayır. Bu da ola bilər. Bu fərziyyə də nəzərə alınmalıdır. Söhbət yenə də, bölgə və regionlara nəzarət məsələsindən gedir. Böyük dövlətlər bunun üçün rəqabət aparır. Təbii ki, Çinin, Amerikanın, Kanadanın, İngiltərənin, İranın öz marağı var. Bu maraqlar toqquşanda belə hadisələr ortaya çıxır. İntəhası indi forma bir qədər fərqlidir. Məsələn, XVIII əsrdə bir dövlət digər dövlətə qoşun yeridirdi, oranı tuturdu və var-yoxunu daşıyıb aparırdı. İndi qoşunla harasa getməyə deyil, ayrı yollara üstünlük verilir. Hansısa oyunlar qurmaqla buna nail olurlar. Baxın, indi Rusiyaya qarşı silah işlətmir, əvəzində embarqolar, sanksiyalar tətbiq edirlər, dünyada neftin qiymətini aşağı salırlar. Məqsəd də Rusiyanı iqtisadiyyatını çökdürməkdir. Fikrimcə, İrana qarşı da bu cür metoddan istifadə edəcəklər. Vaxtilə Yuqoslaviyanı da bu cür dağıtdılar.
- Demək istəyirsiniz ki, biz daha dəhşətli hadisələrin şahidi olacağıq?
- Deyə bilmərik ki, kim-kimlə müharibə edəcək. Ancaq 2015-ci ildə böyük hadisələr olacaq, gərginliklər yaşanacaq.
- 2015-ci ildən nə gözləyirsiniz?
- Mən Azərbaycanın gələcəyini çox yaxşı görürəm. Çünki böyük bir nəsil yetişir, savadlıdır. Azərbaycanın potensial inkişafı var. Azərbaycanın zənginliyi onun neft və qazında deyil, intellektual potensialındadır. Elmə böyük axın var, xaricdə çoxlu sayda gənclərimiz təhsil alır. Ölkənin təbiəti, coğrafi mövqeyi, tarixi, insanları mənim optimist olmağımı şərtləndirir. Əlbəttə, problemlər də olacaq. Mən sonu yaxşı görürəm. Azərbaycan batı ilə doğunun, güneylə-quzeyin kəsişdiyi ərazidir. Buranın insanları başqa yerlərdən fərqlənir. Azərbaycanın gələcəyi yaxşı olacaq. Bunu bilirlər və buna görə də Azərbaycanı istəmirlər. Bu gün çoxu Qarabağ məsələsində Ermənistanı dəstəkləyir. Bu, Ermənistana sevgidən doğmur, əslində Azərbaycanın gələcək potensialını görməkdən doğur.
- Siz neçə illərdir ki, millətçilik, türkçülük xəttini tutmusunuz. Necə düşünürsünüz, indi türk dünyasında millətçiliyin durumu hansı vəziyyətdədir?
- Mən millətçilik sözünü işlətməzdim, sadəcə insanlar keçmişinə, tarixinə, vətəninə, ətrafına, mədəniyyətinə görə birliklər yaradır. Məsələn, Avropa Birliyi. Ola bilsin gələcəkdə ərəb birliyi yaransın. İndi dünyada İslam Əməkdaşlığı Təşkilatı var. Böyük birlik olmasa da, müəyyən məsələləri həll edir. Türk Birliyinin olması da mümkündür. Bu, o demək deyil ki, hamımız birləşib bir dövlət yaradacağıq. Sadəcə türk dövlətlərinin iqtisadi-siyasi birliyi formalaşa bilər. Bunun başında da elm və mədəniyyət durmalıdır. Ortaq dil, əlifba, dərsliklər olmalıdır. Bu, olacaq. Bu proseslərdə də Azərbaycan əsas rol alacaq.
Nemət