“Oradakı siyasi qüvvələrin heç biri məni maraqlandırmır. Ancaq Ermənistanda indiki rejimi yeni qüvvə əvəz edəndə onlar öz xalqını düşünməli olacaq. Ermənistanın çıxış yolu isə yalnız işğal siyasətindən əl çəkməsi ilə bağlıdır. Əgər onlarda bu siyasət qalib gələrsə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunarsa, Ermənistan regional layihələrə qatıla bilər. Bu da ancaq və ancaq Azərbaycandan asılıdır. Hazırda Azərbaycan regionun ən güclü dövlətidir. Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda heç bir iri layihə həyata keçirilə və Ermənistan bu prosesdə iştirak edə bilməz”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının nümayəndəsi Rövşən Rzayev bildirib.
- Rövşən müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər etdi, danışıqlar apardı. Bunu həmsədrlərin Qarabağ münaqişəsinin həlli prosesində aktivləşməsi kimi qiymətləndirmək olar, yoxsa növbəti formal səfərdən başqa bir şey deyil?
- Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi bizim üçün ən mühüm məsələdir və bu istiqamətdə mütəmadi, sistemli şəkildə iş aparılır. Bu proses Minsk Qrupu çərçivəsində, Prezident cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində sülh yolu ilə öz həllini tapacaq. Məhz Prezidentin apardığı sistemli siyasətin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Bu məsələnin öz həllini tapacağına şübhəm yoxdur. Amma yaxşı olardı ki, qarşı tərəf daha konstruktiv mövqedən çıxış etsin və problem daha tez həll olunsun. Biz hamımız bunda maraqlıyıq. Vəziyyət mütəmadi olaraq ciddi diqqətdədir, Azərbaycan diplomatiyası Qarabağ problemini heç zaman gündəmdən çıxarmır. Hazırda bu proses Azərbaycanın istədiyi istiqamətdə gedir. Ermənilərin müəyyən bəyanatları isə, sadəcə, Ermənistanın daxili auditoriyasına hesablanan siyasi gedişdir. Ermənistan heç vaxt Azərbaycana rəqib deyil və ola da bilməz. Ermənistan Dağlıq Qarabağda heç zaman qalib olmayıb və bundan sonra da ola bilməyəcək. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünün təmin edilməsi üçün lazım olan bütün addımları atacaq.
- Həmsədrlərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Onların fəaliyyətini məqbul hesab etmirəm, lakin başqa yolumuz da yoxdur. Hər halda həmsədrlər kifayət qədər iş aparıblar və bu fəaliyyət davam etdirilməlidir. Bizim marağımız odur ki, vasitəçilərin apardığı fəaliyyətin nəticəsi tez olsun, görünsün. Bu da Ermənistanın qeyri-konstruktiv mövqedə olması səbəbindən uzanır. Amma həmsədrlərin fəaliyyəti var və bunu qeyd etmək lazımdır. Ancaq biz istəyirik ki, bu fəaliyyət daha aktiv fazaya daxil olsun. Odur ki, Minsk Qrupu daha aktiv işləməlidir. Çünki həmsədr ölkələrin dövlət başçıları dəfələrlə bəyanat veriblər. Rusiya, Fransa və Amerika prezidentləri verdikləri son bəyanat zamanı regionda status-kvonun indiki vəziyyətindən narahat olduqları ifadə olunub. Vasitəçilər bu məqamı rəhbər tutaraq daha tutarlı addımlar atmalıdır.
- ATƏT Parlament Assambleyasının sonuncu sessiyasında həmkarınız Azay Quliyev təklif etdi ki, Almaniya və Türkiyə həmsədr ölkələr sırasına daxil edilsin.
- ATƏT-in Minsk Qrupu çərçivəsində 11 dövlət var. Həmsədr dövlətlərdən savayı digər dövlətlər də bu məsələyə daha aktiv qatılmalıdır. Biz bunu istəyirik. Daha bir məsələ ondan ibarətdir ki, həmsədr ölkə kimi Fransa yalnız özünü təmsil etməsin. Fransanın bu prosesdə Avropa Birliyinin təmsilçisi kimi çıxış etməsi daha yaxşı olardı. Yəni Fransadan olan həmsədr Avropa Birliyi üzvləri ilə bu istiqamətdə işləsəydi, həmin dövlətlərin münaqişəyə baxışını ifadə etsəydi, bu, daha yaxşı olardı. Fransanın, Almaniyanın, İtaliyanın, Türkiyənin və digər ölkələrin bu prosesə daha yaxından müdaxilə etməsi, şübhəsiz bizim marağımızdadır. Çünki bu, daha tez şəkildə ədalətli qərara gətirəcək bir yoldur. Bu baxımdan, Azay müəllimin fikrini dəstəkləyirəm.
- Həmsədrlərin dəyişdirilməsi, başqa ölkələrlə əvəzlənməsi realdırmı?
- Həmsədrlərin dəyişdirilməsi real deyil. Həm də bu, bizim xeyrimizə olmazdı. Çünki hər hansı bir həmsədrin dəyişdirilməsi prosesin bir qədər də uzanmasına gətirib çıxara bilər. Ancaq bu formata yeni dövlətlərin əlavə edilməsi mümkündür və müsbət hal olardı.
- Türkiyənin bu formatda təmsil olunması hansı üstünlüklər gətirə bilər?
- Əvvəla, Türkiyənin bu formata daxil edilməsi müsbət hal olar. İkincisi, Türkiyə daha effektiv və çevik addımlar ata bilər. Həm də Türkiyənin bu istiqamətdə apardığı siyasəti birmənalı şəkildə dəstəkləyirəm.
- Hansı siyasəti nəzərdə tutursunuz?
- Türkiyə baş nazirinin, xarici işlər nazirinin, Böyük Millət Məclisinin üzvlərinin Qarabağ münaqişəsinə dair açıqlamaları, Xocalıya ədalət tələb etməsi, cinayətkar ünsürlərin məsuliyyətə cəlb olunmasına dair fikirləri, eləcə də, Ermənistanla sərhədlərin açılmamasına dair prezident Ərdoğanın mövqeyi önəmli məsələlərdir. Düzdür, bəzi qüvvələr var ki, bunu əks istiqamətdə aparmaq istəyirlər. Amma Türkiyə rəhbərliyinin mövqeyi birmənalıdır. Mən bunu şəxsən cənab Ərdoğanın dilindən eşitmişəm.
- Rövşən müəllim, siz daima Ermənistandakı vəziyyətlə bağlı son dərəcə dəqiq və faktlara söykənən fikirlərin müəllifi kimi diqqəti cəlb edirsiniz. Hazırda düşmən ölkədəki durumu necə qiymətləndirirsiniz?
- Hazırda Ermənistanda vəziyyət çox acınacaqlı, mürəkkəb və bərbaddır. Həm iqtisadi, həm siyasi, həm də dünyəvi baxımdan mənfi atmosfer mövcuddur. Bu durum ona gətirib çıxaracaq ki, prezident Serj Sərkisyan mütləq devriləcək və erməni xalqı inkişaf yoluna qədəm qoyacaq. Ermənistanın digər yolu yoxdur. Nə qədər ki, Dağlıq Qarabağı işğal edən qüvvələr öz hakimiyyətlərini qorumaq siyasəti aparırsa, bu, erməni xalqını uğura doğru aparmayacaq.
- Erməni hakimiyyətinin sonda Rusiyaya xəyanət edəcəyini bəyan etmisiniz. Hazırda bu ölkədə hər gün mitinqlər, küçə yürüşləri keçirilir. Yaxın dövr üçün proqnozunuz necədir?
- Ermənistanın siyasəti saxtakarlıq üzərində qurulub. Buna görə də harada uğur olsa, Ermənistan orada da olacaq. Əgər indi gedən qlobal proseslər fonunda Rusiya zəifləsə, onu birinci tərk edən müttəfiq ölkə Ermənistan olacaq. Ermənistanın indiki rəhbərliyinə bel bağlamaq olmaz. Ermənilər saxta və məkrli siyasət aparırlar, etibarlı tərəfdaş deyillər. Onlar bu gün məsələləri sülh və dialoq formasında həll etməyə hazır olmayan rejimdir. Bunu erməni xalqı da görür. İnanıram ki, onlar bu cür rejimin yıxılmasına nail ola biləcəklər.
- Ermənistanın indiki rejiminə alternativ siyasi qüvvə hansıdır?
- Mən bu məsələlərə qiymət vermək istəmirəm. Oradakı siyasi qüvvələrin heç biri məni maraqlandırmır. Ancaq Ermənistanda indiki rejimi yeni qüvvə əvəz edəndə onlar öz xalqını düşünməli olacaq. Ermənistanın çıxış yolu isə yalnız işğal siyasətindən əl çəkməsi ilə bağlıdır. Əgər onlarda bu siyasət qalib gələrsə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunarsa, Ermənistan regional layihələrə qatıla bilər. Bu da ancaq və ancaq Azərbaycandan asılıdır. Hazırda Azərbaycan regionun ən güclü dövlətidir. Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda heç bir iri layihə həyata keçirilə və Ermənistan bu prosesdə iştirak edə bilməz. Bunu da Ermənistan anlayır. Onlar nə zaman bunu daha dəqiq anlasalar, işğal olunan ərazilərdən separatçı qüvvələrini geri çəksələr, onda bütün problemlər həllini tapacaq. Ermənistan iqtisadiyyatı bütövlüklə Rusiyanın əlindədir və Rusiya olmasa, Ermənistan çoxdan çökərdi. Rusiyanın Ermənistana iqtisadi köməkliyi göz önündədir. Təbii ki, bunlar bir-birinə bağlı məsələlərdir. Əgər bu gün Rusiyanın özünün vəziyyəti mənfi durumdadırsa, deməli, Ermənistana istədiyi qədər dəstək verə bilməyəcək. Rusiyada iqtisadi durum pisləşdikcə, avtomatik Ermənistanda da pisləşəcək.
- Ermənilər saxta soyqırımının 100 illik yubileyi ilə əlaqədar tədbirlər planlaşdırır. Ermənilərin müttəfiqləri aprelin 24-də İrəvanda, Türkiyə və Azərbaycanın müttəfiqləri isə Çanaqqalada toplaşacaq. Bu iki proseslə bağlı nə deyə bilərsiniz?
- Birincisi, Ermənistanın saxta soyqırımı miskin düşüncədir. Türkiyə prezidenti Ərdoğan bu məsələyə nöqtə qoymaq üçün arxivlərin açılmasını dəfələrlə təklif edib. Ancaq Ermənistan bundan imtina edir. Çünki bilir ki, arxivlərin açılması onun maraqlarına uyğun olmayacaq. Digər tərəfdən aprelin 24-də türk dünyası Çanaqqala zəfərinin 100 illiyini möhtəşəm şəkildə qeyd edəcək. Hesab edirəm ki, Çanaqqala zəfərinin 100 illik yubileyini 24 apreldə qeyd edilməsi saxta erməni soyqırımına tutarlı bir cavabdır. Bu, Ermənistan hakimiyyətinin saxta, əsassız və yalan mövqeyinin ifşası baxımından əhəmiyyətli tədbirdir.
Nemət