14 Aprel 2015 16:37
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Fazil Mustafa ilə müsahibəni təqdim edir.

– Fazil bəy, demək olar ki, əksər çıxışlarınız müzakirə doğurur. Fikirləriniz ətrafında bir mübahisə qurtarmamış yenisi başlayır. Bundan zövq alırsınızmı?
– Hansı fikir müzakirə olunursa, üstəlik də mübahisə yaradırsa, bu fikir müəllifinin uğuru sayılmalıdır. Zövq aldığımı qəti olaraq söyləyə bilmərəm, ancaq məmnun qaldığımı düşünürəm. Çünki nisbətən düşünən və müzakirə edən auditoriya tapmaq indiki zamanda xeyli çətindir. Çoxluğun başı bayağılığa və "prikola" qarışdığı bir vaxtda kimlərinsə əsəblərinə toxunduğumu da istisna etmirəm.

– Niyə hər şey haqqında fikir bildirirsiniz? Xalq qəhrəmanı Babəkdən tutmuş “Azərbaycan” jurnalının indiki durumuna kimi. Nədən irəli gəlir bu?
– Hər şey haqqında fikir bildirmək imkanım xaricindədir. Məsələn, mənim kosmos haqqında fikrimə rast gəldiyinizi güman etmirəm. Yaxud da Rio karnavalı barədə. Amma Braziliya futbolundan mühazirə oxuya bilərəm, çünki futbolun içindəyəm.

– Aydındır.
– Demək istədiyim budur ki, bir siyasətçi və araşdırmaçı kimi tanış olduğum, az-çox öyrəndiyim sahələrlə, problemlərlə bağlı düşündüklərimi söyləməyim və ya yazmağım normal qəbul olunmalıdır. İradlar görüşlərimizdəki bayağılığa və natamamlığa qarşı ola bilər. Hər halda bunu özüm hiss etdiyim anda susmağı və durmağı bacararam. Bir çox hallarda ictimai tələbatla bağlı məsələlər də gözardı edilməməlidir.

– İmzanız ətrafında müzakirəyə çıxarılan mövzuları özünüz seçirsiniz, yoxsa?
– Əksər vaxt mövzuları mən seçmirəm, suallar yönəldilir və öz görüşlərimi söyləməli oluram. Məsələn, qeyd etdiyiniz Babək mövzusunda geniş araşdırmalarım var, bu fikirləri 20 il öncə yazdığım "Azərbaycan türkünün iman davası" əsərində ayrıca bölümdə vermişəm. Yaxud "Azərbaycan" jurnalının Əkrəm Əylisli dövründə ən fanatik oxucusu olmuşam. İndi müqayisə edərək fikir bildirirəm. Yəni elə-belə havadan gələn bir şey yoxdur.

– Məsələn, siz “Azərbaycan” jurnalını tənqid etmişdiniz. Mənim üçün maraqlıdır, axırıncı dəfə bu jurnalı nə vaxt oxumusunuz? “Azərbaycan”ın bu günki durumu sizi qane edirmi?
– İndi "Azərbaycan" jurnalı mütailə menyumda yer almadığına görə davamlı izləmirəm. Ara-sıra dostlarımın ofisində və ya evlərində rast gələndə yeni nömrələrinə diqqət yetirirəm. İndi yaddaşımda yer alan detalları və ümumi təəssüratımı təqdim etmək üçün uyğun şərait olduğunu düşünmürəm. Bununla belə, bir jurnal "mən varam" deyə özünü cəmiyyətin qarşısına çıxarıb, özünü oxutmağa təhrik edə bilmirsə, onun uğurundan danışmaq olmaz. Bu elə bədii əsərə də aiddir, onun müəllifinə də.

– Necə düşünürsünüz, Əkrəm Əylislinin redaktoru olduğu “Azərbaycan” jurnalında nə var idi ki, İntiqam Qasımzadənin redaktoru olduğu jurnalda o, yoxdur?
– İntiqam Qasımzadə dəyər verdiyim intellektuallarımızdan biridir və mən şəxsləri müqayisə zəminində Əkrəm Əylislinin adını çəkmədim. Və bu günün Əkrəm Əylislisinin də İntiqam Qasımzadədən tam zəif bir jurnal çıxaracağına şübhəm yoxdur.

– Konkret olaraq, Əkrəm Əylislinin çıxardığı jurnalın uğurunu nədə görürdünüz?
– O, sadəcə, qısa bir dövrdə sələflərindən və xələflərindən fərqli olaraq "mən varam" deyə bildi. İndiyədək oradan oxuduqlarımızın əksəriyyəti yaddaşımızdan silinmədi. Əsəri də doğru tapa bildi, müəllifi də. Əsas olan jurnal, qəzet, sayt, televiziya olsun, fərqi yoxdur, aura və mühiti yaratmaqdır. Bunun olduğunu iddia edə bilərsiniz, ancaq oxucu çevrəsinin tələbatında bu özünü hiss etdirməlidir, məncə.

– Fazil bəy, sizcə, oğul atasını müdafiə etməlidir? Söhbət ədəbiyyatdankı atalardan gedir. Məsələn, Səməd Vurğun və Vaqif Səmədoğlu. Yaxud, Rəsul Rza və Anar. Bu ata-oğul münasibətlərinin hansını daha yaxşı hesab edirsiniz? Yoxsa ikisi də eynidir? Bəs əslində, necə olmalıdır?
– Fikrimcə, oğul atasının şəxsiyyətinə qarşı hücumlara hökmən cavab verməlidir, yanlışlarını etiraf etməklə yanaşı, ona qarşı təhqir yağdıranlara cavab verməlidir. Həqiqətən də istər Səməd Vurğun, istər də Rəsul Rza bəzən səviyyəsiz formada təhqirlərə məruz qalırlar. Bəzən ölkədə elə axmaqlar tapılır ki, Məmmədəmin Rəsulzadəyə də irad bildirib deyirlər ki, niyə ailəsini atıb xaricə qaçdı? Adam ölüm maşınının içindən qurtulub, xaricə getməklə də bir gün belə boşuna zaman keçirmədən mübarizəsini davam etdirib, 17 yaşında oğlunu güllələyib, ailəsini Qazaxıstan çöllərində ölümün ağuşuna atıblar, amma gör hansı hadisədən iradlar toplusu çıxarırlar?

– Səməd Vurğun və Rəsul Rza…
– Bizim əksəriyyətimizin ədəbi zövqümüzün formalaşmasında Səməd Vurğunun və Rəsul Rzanın böyük rolu olub. Xüsusilə də Rəsul Rza Azərbaycan ədəbiyyatına yeni üslub və düşüncə gətirib. Ancaq bu gün bu irsə müraciət etməyə mənim mənəvi və bilgi qazanma tələbatım yoxdursa, "Zamanın bayraqdarı"nı, "Lenin" poemasını bəhanə edib söyməliyəmmi?

– Sizə elə gəlmir ki, bizdə oğullar atalarını çox müdafiə edirlər? Kənardan yaxşı təsir bağışlamır.
– Oğulların ataların ədəbiyyatını müdafiə etməsi, onu tirajlaması yanlışdır. Ümumiyyətlə, Füzulini tirajlayan oğlu deyil ki? Yaxud da Cavidi. Və ya Mirzə Cəlili. Oğullar atalarının qoyduğu irsin müdafiəçisinə çevrilməmilidir, əksinə özləri rəqabətə buraxmalıdırlar. Yaşamayan fikir, görüş, ideyalar onsuz da zorla yaşadılmayacaq ki... Bu məsələdə ən normal davranışı mən Əli Kərimin övladlarında görürəm.

– Başqa bir məsələ, 60-70-ci illər ədəbi nəsli – Elçin, Anar, Mövlud Süleymanlı, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Əkrəm Əylisli və başqaları demək olar ki, ömürlərini rahat şəkildə yaşadılar. Pul, maşın, ev, vəzifə, istirahət, gün-güzəran… Sağlıqlarına qismət olsun, hər şeylə təmin olundular. Amma müstəqillik dövr yazarlarımızın sosial durumu çox çətindir. Yəqin xəbəriniz var, Şaiq Vəli ağır xəstəlikdən kirayə qaldığı daxmada dünyasını dəyişdi. Digərləri də belədir: kirayə ev, yataqxana, yoxsulluq… Niyə belədir? Sonuncuların istedadı yoxdur, ona görə? Yoxsa birincilər çox istedadlıdır, bunun üçün? Bu barədə fikirləriniz maraqlıdır.
– Məncə, yaşam şərtlərini müstəqillikdən öncə və sonrakı dövrlərə bölmək problemin çözülməsi üçün əsas ola bilməz. Sadaladığınız adların həyatında yağ-bal epizodları müəyyən qədər çox olub, ancaq yağ-balın çox olması bəzən ədəbiyyatın piylənməsinə gətirib çıxara bilir. Əsas olan kimin hansı şərtlərdə, varlı və ya kasıb yaşaması deyil, ədəbiyyat bu bəhanələri sevmir, ortaya qoyulan və yaşayan irsdir. O zaman Kafka, Cek London, yaxud Kamyunun bəhanəsi nə olmalıdır?

– Fikrimcə, müqayisə doğru deyil. Niyə istinad etdiyiniz yazıçılar Elif Şəfəq, Orxan Pamuk, Eko, Murakami, Pelevin deyil, Kafka, Cek London, Kamyu, Əli Kərim, Nəcib Fazildir? Axı zaman başqa zamandır.
– Söhbət iztirabdan getdiyinə görə köhnələri misal gətirdim. Elif Şafak, Orhan Pamuk mənim üçün elə də cəlbedici deyil. Tanpınardan zövq alaram. Ekonun "Ortaçağ" əsərini yenicə tamamladım və bu adama filosofdan başqa bir şey söyləmək günahdır. Buççati, Murakami, Pelevini maraqla oxumaq olur, ancaq yağ-balla əlaqələndirməkdə məlumat azlığına görə görünür qeyd etmədim.

– Bir sözlə, ədəbiyyat fədakarlıqdır.
– Elədir. Ədəbiyyat fədakarlıqdır, imtiyaz deyil. Qraf Tolstoy zəngin idi, ancaq yağ-bal içində yaşadığını iddia edə bilərikmi? Bəs Sovet dövründə Əli Kərim harada öldü: zirzəmidə kirayədə qaldığı evdə. Bəs yağ-bal yeyə bilməyən iflic olmuş Məmməd Arazın həyatını yağ-balla əlaqələndirmək olarmı? İndiki dövrün tanıdığım yazarları içində məsuliyyətli davranmayanları da var, içki düşkünləri də var.

(ardı var)


Müəllif:

Oxşar xəbərlər