23 Aprel 2015 12:08
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasinın Məclis üzvü, partiyanın başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli Teleqraf.com-un suallarını cavablandırıb. O, Müsavat əleyhinə səsləndirilən ittihamlara cavab verib.

- Mustafa bəy, belə iddialar var ki, Müsavat qərargahına yalnız başqan Arif Hacılının icazəsi ilə girmək mümkündür. Doğrudanmı, insanlar artıq Müsavat qərargahına icazə ilə daxil olacaqlar?
- Bunlar əsassız ittihamlardır. Müsavatın qərargahı müxalifət düşərgəsində olan bir çox partiyalar üçün həmişə toplantı yeri olub. İstər İctimai Palata, Milli Şura, istərsə də AXCP-nin özü Müsavatın qərargahından istifadə edib. Bu ittihamları irəli sürənlərin özlərindən soruşun, görək, niyə belə fikirlər irəli sürürlər.

- Parlament seçkiləri yaxınlaşır. Namizəd kimi seçkiyə qatılmaq niyyətiniz varmı?
- Bəli, belə bir niyyətim var.

- Namizədliyinizi hansı dairədən vermək istəyirsiniz?
- Bir neçə dairədən namizədliyimi irəli sürə bilərəm. Ola bilsin, namizədliyim Binəqədi dairəsindən irəli sürülsün. Bir qrup seçici Zaqataladan və Suraxanı rayonundan həmin ərazilərdən namizədliyimi irəli sürmək üçün müraciət edib. İmkanlarımı götür-qoy edəndən, həmçinin təşkilatda namizədlərin yerləşdirilməsi ilə bağlı vəziyyəti öyrənəndən sonra son qərarımı verəcəyəm.

- 2010-cu ildə Arif Hacılının da namizədliyi Suraxanı dairəsindən verilmişdi. İki qardaş ikiniz də eyni dairədən iddialısınz, yoxsa Arif bəy başqa dairədən namizəd olmaq niyyətindədir?
- Mən iddialı deyiləm, sadəcə olaraq Suraxanı rayon təşkilatından mənə müraciət ediblər və həmin dairədən namizədliyimi irəli sürməyimi istəyiblər. Həmçinin Xətai rayon təşkilatının müsavatçıları da bu istəklə müraciət ediblər. Hələ ki vəziyyətə baxacağam. Hansı dairədən daha çox iddiaçının olub-olmamasına nəzərə salıb məsləhətləşmələrdən sonra yekun qərar verəcəyəm. Yekunda Müsavatın hər dairədən yalnız bir namizədi olacaq. Dairələr üzrə namizədləri Müsavat Məclisi təsdiqləyəcək. Kim arzulayırsa ki Müsavatın iki namizədi bir dairədə toqquşsun, onların arzuları yerinə yetməyəcək.

- Müsavat Mərkəzi Nəzarət-Təftiş Komissiyası Suraxanı rayon təşkilatının Şura iclasının qərarını ləğv edib. Vurğun Əyyub da daxil olmaqla 3 nəfərin namizədliyi irəli sürülsə də, Arif bəyin, yaxud Sizin namizədliyiniz həmin rayondan irəli sürülməmişdi. Qərar ləğv olunduğuna görə Suraxanı rayon təşkilatı yenidən Şura iclası keçirəcək. Növbəti toplatıda Sizin namizədliyiniz irəli sürülməzsə, necə olacaq?
- Vurğun Əyyubdan başqa digər iki namizədin kim olması barədə məlumatım yoxdur. Ola bilər ki, Müsavat onları müdafiə eləsin. Əgər Müsavat Partiyasının müəyyən elədiyi prosedurlara tam əməl olunarsa, istənilən şəxs istər Suraxanıdan, istərsə də başqa dairədən namizəd ola bilər. Suraxanı rayon təşkilatının, yaxud o dairənin əlahiddə seçki dairəsi olması fikrini bölüşmürəm. Suraxanı dairəsi adi dairələrdən biridir. Əgər prosedurlara tam əməl olunacaqsa, istənilən şəxs, hətta Suraxanı rayon təşkilatının guya namizəd kimi irəli sürdüyü, heç mənim tanımadığım adamlar da Suraxanıdan namizəd ola bilər.

- Ötən çağırış parlament seçkilərində Arif Hacılı həmin dairədən namizəd olduğu halda bu dəfə Suraxanı rayon təşkilatı başqan postunda olan Arif Hacılının namizədliyini irəli sürməyib…
- Arif Hacılı indiyədək təkcə Suraxanıdan namizəd olmayıb. Arif bəy Binəqədi, Zaqatala dairəsindən də namizəd olub. Proporsional seçki sistemində də namizədliyi irəli sürülüb. Arif Hacılının Suraxanı dairəsindən asılılığı yoxdur. Suraxanı təşkilatı ötən seçkilərdə xüsusi təkidlə xahiş etmişdi ki, Arif Hacılının namizədliyi irəli sürülsün. Arif bəy də bu təkidi nəzərə alaraq həmin dairədən namizədliyini vermişdi. O, 125 dairədən sadəcə biridir.

- Müsavat Məclisinin parlament seçkiləri ilə bağlı təlimatı da birmənalı qarşılanmadı. Belə fikirlər var ki, təlimat Vurğun Əyyuba qarşı yönəlib…
- Bundan əvvəlki dövrdə də öhdəlik götürmə ilə bağlı təcrübə olub. Ötən parlament seçkilərində Müsavatda namizədlərdən öhdəlik ərizələri götürülüb. Bu təlimat konkret bir nəfərə ünvanlanan məsələ deyil. Müəyyən adamlara tapşırıq verilib ki, Müsavatın adından namizəd olun. Onlar da bu tapşırığa əsasən hansısa dairədən deputat olmaq niyyətindədirlər. Tamamilə məntiqlidir ki, bununla bağlı Müsavat Partiyasında müəyyən prosedurlar qəbul olunmalıdır. Müsavatın Məclisini, onun siyasi kursunu tanımayan, xəttini qəbul etməyən, ona qarşı ardıcıl fəaliyyət göstərən, insanları Müsavat rəhbərliyinə qarşı itaətsizliyə cəlb edən, üzvlük haqqı verməkdən, bu və ya digər vəzifələrdə təmsil olunmaqdan imtinaya vadar edən Vurğun Əyyub bu posedurları da göz altına almalıdır. Digər tərəfdən, 2000-ci ildə Müsavatda praymeriz keçirilmişdi. Həmin praymerizə 10 mindən artıq müsavatçı səfərbər olunmuşdu və bu sayda insanların rəyi nəzərə alınaraq Müsavatın proporsional seçkidə namizədlərinin siyahısı formalaşmışdı. Amma buna rəğmən, yenə də o siyahını Məclis təsdiqləmişdi. Vurğun Əyyub da hesab edir ki, gedib 5-6 nəfərə 1-2 qonaqlıq versin, Müsavatı namizədi olsun. Bu, 5-6 nəfərin iradəsi olacaq. Dediyim kimi 2000-ci ildə Müsavatın proporsional siyahısına 10 mindən çox adam səs verəndən sonra yekun siyahını yenə Məclis təsdiqləmişdi. Burada yeni heç nə yoxdur. Namizədlərin Məclis tərəfindən təsdiqlənməsi həm Nizamnamədə nəzərdə tutulub, həm də praktikada var. Öhdəlik ərizəsinin imzalanması da bir nəfərə aid məsələ deyil, hər kəs o ərizəni imzalayacaq.

- Mitinqdə birgə iştirakla bağlı Müsavat Partiyasının AXCP və Milli Şuraya müraciətinə qarşı tərəf müsbət cavab verməmişdi. Bundan sonrakı addımlarda AXCP-yə yenidən müraciət barədə düşünürsünüz?
- Təkrar müraciət etməyin əhəmiyyətini görmürük. Bunun bir mənası yoxdur. Bizim köhnə müraciətimiz qüvvəsindədir. Onlar nə vaxt istəsələr, cavab verə bilərlər. Ümumi maraqlar naminə ortaya qoyduğumuz mövqe qüvvədə qalır. Onlar o mövqeni bölüşmürlərsə, öz işləridir, biz onların seçiminə hörmətlə yanaşırıq. Qətiyyən bu məsələdə təkid etmək niyyətimiz yoxdur.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər