Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Bakı-2015” ilk Avropa Oyunları, özünü insan hüquqlarının müdafiəçisi adlandıran bir sıra QHT-lərin bu Oyunlarla bağlı ölkəmizə qarşı qarayaxma kampaniyası ilə əlaqədar müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edirik.
- Bakıda keçiriləcək birinci Avropa Oyunlarının beynəlxalq əhəmiyyətini necə xarakterizə edərdiniz. Ümumiyyətlə, idmanın beynəlxalq münasibətlərdə rolu nədən ibarətdir?
- İdman fundamental dəyər və fəaliyyət olaraq 1990-cı illərin əvvəllərindən başlayaraq daha yaxından BMT sisteminə və BMT-nin ixtisaslaşmış qurumlarının fəaliyyətinə inteqrasiya edilib. 1993-cü ildə BMT Baş Assambleyasının “Beynəlxalq idman ili və Olimpiya idealı” adlı qətnaməsi qəbul edilib. Olimpiya idealı isə idman vasitəsilə bəşəriyyətin inkişafı, qarşılıqlı anlaşma, sülh və inkişafı ehtiva edir.
Dövrü olaraq, 1993-cü ildən etibarən isə BMT-nin Baş Assambleyası tərəfindən “İdman və Olimpiya idealı vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması” və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” qətnamələr qəbul edilir. Sonuncu belə qətnamə BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ildə qəbul edilib. Azərbaycan Respublikası da bu qətnamənin qəbul olunmasında yaxından iştirak edib.
Bu qətnamədə təhsil, sağlamlıq, inkişaf və sülh naminə qitələr səviyyəsində keçirilən idman tədbirlərinin əhəmiyyəti vurğulanır və 2015-ci ildə Torontoda keçiriləcək Panamerika, Brazzavildə keçiriləcək Ümumafrika, 2018-ci ildə Cakartada keçiriləcək Panasiya və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları xüsusilə alqışlanır.
Hazırda BMT çərçivəsində İdman sülh və inkişaf naminə adlı ofis fəaliyyət göstərir. Burada da əsas məqsəd BMT-nin müvafiq strukturlarının fəaliyyətini əlaqələndirərək idmanın BMT-nin müəyyən etdiyi Minilliyin İnkişaf Məqsədlərinin icrasına doğru istiqamətləndirilməsidir.
İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Respublikası nəticə etibarilə Olimpiya Xartiyasında və BMT Baş Assambleyasının qətnamələrində təsbit olunduğu kimi bu mötəbər idman yarışı vasitəsilə sülhə, davamlı inkişafa, qarşılıqlı anlaşmaya, mədəniyyətlərarası və dinlərarası dialoqa və ayrı-seçkiliyin aradan qaldırılmasına öz əsaslı töhfəsini verir.
Azərbaycanı beynəlxalq səviyyədə təcəssüm etdirən yeni brend olaraq Avropa Oyunları, eləcə də BMT tərəfindən müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinin milli, region və qitə səviyyəsində həyata keçirilməsinə dəstək verir.
- Özünü insan hüquqlarının müdafiəçisi adlandıran bir sıra QHT-lərin bu Oyunlara qarşı fəaliyyəti barədə nə deyərdiniz?
- Azərbaycan Respublikası Olimpiya Xartiyasının məqsəd və məramlarına və fundamental prinsiplərinə sadiqliyini milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu idman siyasəti ilə sübut edib. Olimpiya Xartiyasında təsbit olunduğu kimi, Olimpiya Hərəkatının məqsədi insanın şərəf və ləyaqətini qoruyaraq sülhsevər cəmiyyətin inkişaf etdirilməsi və idmanın ahəngdar şəkildə bəşəriyyətin inkişafına xidmət etməsini təmin etməkdir. Azərbaycan BMT çərçivəsində də fəal siyasət yürüdərək, ümumbəşəri dəyələr naminə idmanın təşviqində yaxından rol oynayır.
Olimpiya Xartiyasında qeyd olunur ki, idmanla məşğuliyyət insan hüquqlarının ifadəsidir. BMT-nin İnsan Hüquqları Şurası tərəfindən İdman və Olimpiya idealı vasitəsilə insan hüquqlarının təşviqi adlı dövri qətnamələr qəbul edilir. Deməli, Bakı Avropa Oyunları əslində insan hüquqlarının ifadəsinə verilən bir töhfədir.
Bunun müqabilində isə biz özünü “insan hüquqlarının müdafiəçisi” adlandıran bəzi təşkilatların Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini görürük. Bununla da bu təşkilatlar özlərinin əsl simasını sübut edirlər.
İdman siyasətdən kənardır və idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi qəbuledilməzdir.
BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ildə dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə Avropa Oyunlarının əhəmiyyəti vurğulandığı halda, bəzi QHT-lərin bu cür fəaliyyəti dünya birliyinin iradəsinə hörmətsizlikdir.
Avropa Oyunları ümumbəşəri xoş məramlara xidmət etdiyi halda, bu cür destruktiv qüvvələrin fəaliyyəti onu deməyə əsas verir ki, onlar əslində mədəniyyətlər, dinlərarası dialoqun və multikulturalizmin möhkəmləndirilməsində, irqi ayrı-seçkiliyin və Avropada ciddi problem olan islamofobiyanın, radikal meyillərin aradan qaldırılmasında maraqlı deyillər.
Siyasi qısqanclıq da burada nəzərə alınmalı olan ciddi amildir. Etiraf edilməlidir ki, yalnız idman obyektlərinə görə deyil, ümumi inkişaf, ölkədaxili və beynəlxalq nəqliyyat infrastrukturunun və digər zəruri şərtlərin olması baxımdan heç də hər bir dövlət Olimpiya Oyunları miqyasında olan Avropa Oyunları kimi tədbirə ev sahibliyi etmək iqtidarında deyil. Azərbaycan isə çox qısa müddətdə qitə səviyyəsində bu əhəmiyyətli tədbirə ev sahibliyi etməyə qadir olduğunu sübut edib.
“Bakı-2015” ilk Avropa Oyunlarına qarşı əks-fəaliyyət aparan dairələr də çox gözəl başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq beynəlxalq nüfuzu və çəkisi baxımdan tamamilə yeni bir mərhələyə qədəm qoyacaq.