"İndi Avropanın maliyyə durumu elə də yaxşı halda deyil. Hər halda Azərbaycan bu Oyunları əldə etdi və keçirəcək. Azərbaycan burada özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirəcək. Uzağa gedən nəticələrdən biri turizmin inkişafı ilə bağlıdır. Bu Oyunlara yüksək səviyyəli qatılım olarsa, Azərbaycan məqsədlərinə çatacaq. Ancaq biz görürük ki, bəzən xaricdən müəyyən boykot çağırışları da olur. Məsələn, Rusiyada Böyük Vətən Müharibəsinin qələbəsi münasibətilə yubiley tədbiri keçirildi. Ancaq tədbir ərəfəsində bəzi ölkələr bunu boykot etdi. İndi martın 12-də də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib, bu, Avropa Oyunlarının Bakıda keçirilməsinə mane olmaqdır. Odur ki, bu halları nəzərə almalı, ona qarşı iş aparılmalıdır".
Bunu Teleqraf.com-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik.
- Sərdar bəy, iqtidar-müxalifət dialoqunun üçüncü mərhələsi başa çatdı. Prosesi necə qiymətləndirirsiniz?
- Üçüncü görüşdə gündəlikdə əsas məsələ I Avropa Oyunlarının Bakıda keçirilməsi idi. Mən bu məsələnin gündəliyə salınmasına ciddi önəm verdim. Əlbəttə, Oyunların Azərbaycana verəcəyi dividendlər bizimdir. Toplantıda bir çox partiya, əsasən, Oyunların gətirəcəyi dividendlər haqqında danışdılar. Bəzi məqamları nəzərə almaq lazımdır. Soçi Olimpiadası zamanı ABŞ Dövlət Departamenti bəyanat verdi ki, Rusiyaya getmək təhlükəlidir. Bununla da, turistlərin çoxu Soçiyə getmədi. Biz istəməzdik ki, ABŞ Dövlət Departamenti Avropa Oyunları ilə bağlı da analoji bəyanat versin. Ancaq bu kimi bəyanatlar verilərsə, onun qarşısını almaq üçün hansı addımlar atacağımızı müəyyən etməliyik. Həm də Avropa Oyunları ilə bağlı ölkəmizə çoxlu sayda jurnalist gələcək. "Avroviziya" mahnı müsabiqəsi zamanı da gəlmişdilər və sonradan onların bəziləri haqsız mənfi xəbərlər yaydılar. İndi bu Oyunlara gələn jurnalistlərin ermənipərəst mövqedən yazılar yazmasının qarşısını almaq üçün nə etmək lazımdır? Hakimiyyət və müxalifətin üzərinə bunu önləmək üçün hansı vəzifələrin düşməsi müəyyən edilməlidir. Biz imkan verə bilmərik ki, bu Oyunlarda medal alan 3-5 idmançı erməni lobbisinin təhriki və ya kimlərinsə işinin nəticəsi olaraq bəyanat yaysın. Belə olarsa, iqtidar və müxalifətin atacağı addımlar da müəyyən olunmalıdır. Məncə, dialoqda bu məsələlər dəqiqləşdirilməli, hər bir partiya buna uyğun olaraq fəaliyyətini qurmalıdır. Mümkün qədər mənfi hərəkətlərin qarşısını almaq, bizi istəməyən qüvvələrin bundan əleyhimizə istifadə edəcəyi təqdirdə atacağımız addımlar müəyyən edilməlidir.
- Dialoq prosesi davam etdirilməlidirmi?
- Mən bunu lazımlı deyil, zəruri proses hesab edirəm. Hesab edirəm ki, dialoq ölkədə yeni bir potensialın ortaya çıxarılmasına xidmət edəcək. Dialoq vacib prosesdir, tərəflər dialoqa yüksək yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, I Avropa Oyunları ilə məsələ bitmir. Oyunlardan sonra da dialoq lazımdır. Dünyada baş verən proseslər göstərir ki, sürprizlər meydana çıxa bilər. Bu kimi situasiyalar zamanı vəziyyətdən itkisiz çıxmaq üçün siyasi dialoq demokratik prosedura kimi olmalıdır. Elə bir cari demokratik prosedura olmalıdır ki, istənilən zaman ondan istifadə edərək mənfi halların qarşısını ala biləsən və bu da dövlətçiliyə xidmət etsin. Odur ki, siyasi dialoq mühümdür. Bu mənada, ola bilsin ki, dialoqlar ilk zamanlar formal olsun, amma sonradan daha vacib məqamlar gündəmə gələ bilər. Siyasi qüvvələr bu imkandan istifadə edərək xalqımızın və dövlətimizin qarşısında duran problemlərin həllində nəticə əldə etməlidir.
- Avropa Oyunlarının əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Əslində, belə Oyunların hansısa ölkədə keçirilməsinə müqavimət göstərilir. Biz Olimpiya Oyunlarına diqqət edəndə görürük ki, hansısa ölkə böyük xərclər çəkir, bu Oyunlara təşkilatçılıq etməyə iddia edir və sonda tədbirin harada keçirilməsi uğrunda az qala qanlı mübarizə gedir. İndi Avropanın maliyyə durumu elə də yaxşı halda deyil. Hər halda Azərbaycan bu Oyunları əldə etdi və keçirəcək. Azərbaycan burada özünün təşkilatçılıq qabiliyyətini nümayiş etdirəcək. Uzağa gedən nəticələrdən biri turizmin inkişafı ilə bağlıdır. Bu Oyunlara yüksək səviyyəli qatılım olarsa, Azərbaycan məqsədlərinə çatacaq. Ancaq biz görürük ki, bəzən xaricdən müəyyən boykot çağırışları da olur. Məsələn, Rusiyada Böyük Vətən Müharibəsinin qələbəsi münasibətilə yubiley tədbiri keçirildi. Ancaq tədbir ərəfəsində bəzi ölkələr bunu boykot etdi. İndi martın 12-də də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib, bu, Avropa Oyunlarının Bakıda keçirilməsinə mane olmaqdır. Odur ki, bu halları nəzərə almalı, ona qarşı iş aparılmalıdır. Hesab edirəm ki, bu tədbirin Bakıda keçirilməsi çox mühüm hadisədir və biz çalışıb bundan dividendlər götürməliyik. Bu imkandan maksimum istifadə etməliyik.
- 2013-cü ildən bu yana müxalifət düşdüyü boşluqdan çıxa bilmir. Səbəb nədir?
- Azərbaycan müxalifətində durğunluq hökm sürür. İndi bütün diqqəti I Avropa Oyunları cəlb edib. Odur ki, siyasi partiyaların indiki mərhələdə seçkilərlə maraqlanması real görünmür. Yəqin ki, I Avropa Oyunları başa çatdıqdan sonra əsas diqqət qarşıdan gələn parlament seçkilərinə istiqamətlənəcək.
- Bu il ADP-nin də iştirakı ilə Demokratiya və İnsan Hüquqları Mərkəzi yaradıldı, cəmiyyətdə də düşünüldü ki, 10 partiya bir araya gəlib, aktivlik olacaq. Amma bu birlik də dağıldı..
- Nəzərə almaq lazımdır ki partiyalar təşkilatlarda birləşib proses yaratmırlar. Normalda proseslər baş verir və həmin proseslər təşkilatları yaradır. O yerdə ki, təşkilatlar yaradılır və hansısa proses yaratmaq haqqında düşünülürsə, bu, siyasi məntiqə uyğun deyil. Dünya siyasi təcrübəsi göstərir ki, öncə proseslər və hadisələr baş verir, bunun ardınca təşkilatlar ortaya çıxır. Azərbaycanda isə tərsinədir. Hadisə yoxdur, partiyalar birləşib deyir ki, təşkilat yaratmışıq və bunun davamında da hadisə yaradacağam. Normalda hadisəni yaradan sosial mühitdir. Bu mühit yoxdursa, hadisəni necə yarada bilərsən? Tutaq ki, biz 10 partiya birləşdik. Hadisə yaratmaq üçün sosial mühit yoxdursa, bunu necə edə bilərsən? Azərbaycan müxalifətinin ən böyük qüsuru budur. Azərbaycan müxalifəti elə başa düşür ki, sosial hadisələri o yaratmalıdır. Halbuki müxalifət yaranan hadisələr üzərində siyasətini qurmalıdır. Müxalifətin nə gücü var ki, hadisə yaratsın. Müxalifətdə ikinci problem qarşıya qoyulan məqsədlə atılan addımlar arasında fərqlərdir. Məsələn, partiyalar toplaşır və seçkilərdə birlikdə olmaq məqsədilə qurum yaradır. Lakin faktiki olaraq seçkidə birlik nümayiş etdirilmir. Seçkilərlə bağlı qurumam, amma başqa işlərlə məşğul olur və fərqli niyyətlər güdürəmsə, bu halda hansı nəticədən bəhs etmək olar? İndi durum belədir.
- ADP hazırda seçkilər istiqamətində fəaliyyət göstərirmi?
- Bu gün üçün seçkilərlə bağlı heç bir fəaliyyətimiz yoxdur. Partiya öz işini ölkədə gedən ictimai-siyasi hadisələrin nəbzinə uyğun qurmalıdır. Bu dəqiqə Azərbaycan cəmiyyəti diqqətini I Avropa Oyunlarına verib. Biz də bu istiqamətdə köklənmişik. Çünki siyasi gündəmi bu hadisə tutur. Süni surətdə gündəm yaradıb seçki haqqında danışmağın mənası yoxdur.
- Ancaq hər həftə "Qarabağ" blokunun toplantısını keçirib seçkiləri müzakirə edirsiniz...
- Bu, siyasi blokdur. Hər gün nəsə olur, biz də bunu müzakirə edirik. Bunları bir-birinə qarışdırmaq doğru deyil. Ölkənin siyasi həyatı ancaq seçkilərlə bağlı deyil. Hər gün dünya inkişaf edir, xəbərlər olur. Bizdə belə düşüncə var ki, müxalifət hər an seçkilər haqqında düşünməli, mitinqlər keçirməlidir. Halbuki müxalifətin bir çox vəzifələri var ki, bunun da seçki ilə əlaqəsi yoxdur. Azərbaycan müxalifəti vəzifələrinin heç birini yerinə yetirməklə məşğul deyil. Ona görə də elektoratı yoxdur.
- Deyirdiniz ki, maya qədər Müsavatın seçkilərlə bağlı mövqeyi və qərarını gözləyəcəksiniz...
- Biz Müsavatın qərarını gözlədik, onların da qərarı olmadı. İndi daha Müsavatla seçkiyə getmək haqqında düşünmürük.
- Niyə böyük müxalifət partiyaları sıradan çıxır?
- Əslində, böyük partiya dağılanda yerinə daha böyük partiya çıxmalıdır. Vaxtilə Türkiyədə Ana Vətən və Doğru Yol Partiyası sıradan çıxdı, az sonra isə AKP yarandı. AKP onlardan da nəhəng oldu. Azərbaycanda bu proses getmir.
- ADP, Müsavat, AXCP, AMİP və ALP son 20 ildə əsas müxalifət partiyası rolunda çıxış ediblər. İndi bu partiyalar arasında münasibətlər nədən ibarətdir?
- Sizə deyim ki, heç bir münasibət yoxdur.
- Sədrlərin iddiası səbəbindən münasibət yoxdur?
- Rəsulzadə deyirdi ki, həmrəylik o yerdə yarana bilər ki, həmrəyliyə daxil olan qüvvələr eyni təhlükə ilə üz-üzə qalsın. Bu gün dediyiniz partiyaların hər birinin fərqli problemi var. Bu səbəbdən də bir araya gəlmək cəlbedici görünmür. Bu məsələ ancaq partiyaların apardığı siyasi kursla bağlı deyil.
Nemət