20 May 2015 20:36
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa Oyunları Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”

“Bizim Gürcüstana buraxılmamağımızdan kimlərsə sevinirsə, bu yanlış mövqedir. Biz onları doğru-dürüst düşünməyə dəvət etmişik. Ancaq bütün dövrlərdə müxaliflər və münafiqlər olub. Biz təbii ki, sağlam müxalifliyi səmimi qəbul edirik. Ancaq münafiqlik bizlik deyil. Onların bu millətə dəxli yoxdur. Amma kampaniya aparmaq, “Zəlimxan Məmmədli istefa verməlidir, o, Rusiyanın agentidir” və s. kimi sözlər yaymaq ərənlik deyil. Bu da, onların çörək ağacıdır. Hər halda millətimizə və Borçalı elinə şərəf gətirmir. Bu yanlışlıq bizi düzgün yoldan sapdırmaq, emosional müstəviyə çəkmək imkanında deyil”.

Bunu Teleqraf.com-a müsahibəsində “Borçalı” Cəmiyyətinin sədri, əməkdar idman nümayəndəsi Zəlimxan Məmmədli bildirib. Müsahibəni təqdim edirik:

- Zəlimxan bəy, mayın 26-da “Borçalı” Cəmiyyətinin qurultayı keçiriləcək. Son aylar Cəmiyyətlə bağlı müxtəlif xəbərlər yayılır, narazılıqların olduğu bildirilir. Qurultayla bağlı məlumat verə bilərsinizmi?
- Cəmiyyət əvvəllər nizamnamə ilə fəaliyyət göstərməyib. Hazırda isə fəaliyyətimizi uyğunlaşdırdığımız nizamnamə var. Nizamnamə tələb edir ki, ildə bir dəfə qurultay səlahiyyətli konfranslar keçirilsin. Mən 2009-cu ildən Cəmiyyətin sədri seçilmişəm. Bu günə qədər ənənəvi qurultay səlahiyyətli konfranslarımızı təşkil edir, hesabatlar verir və növbəti hədəfləri müəyyən edirik. İndi də 26 mayda keçiriləcək qurultay mənim sədr olduğum müddətdə sayca 7-ci, 1993-cü ildən bu yana isə 10-cu konfransdır. Konfransda bir illik fəaliyyətimiz haqqında hesabat olacaq. Mümkündür ki, İdarə Heyətinin yeni tərkibinə baxılsın və 2015-2016-cı il üçün hədəfləri müəyyən olunsun. Əlbəttə, digər müzakirə ediləcək məsələlər də olacaq. O cümlədən Gürcüstan-Azərbaycan əlaqələri, Gürcüstan hakimiyyətinin borçalılara münasibəti və buna müvafiq qərarların qəbulu da nəzərdə tutulur. Həmçinin konfransda sayca 7-ci olan Elat mədəniyyət tədbirinə hazırlıq məsələsi də diqqətdə olacaq.

- Elat mədəniyyəti tədbiri nə zaman keçiriləcək?
- Elat mədəniyyət tədbiri ənənəvi olaraq hər il iyunun 26-da keçirilir. Borçalı türkləri bu tarixdə birlik və bərabərlik nümayiş etdirir, digər ölkələrdən də qonaqlarımız bu tədbirə qatılır.

- Siz Gürcüstana buraxılmırsınız, bu dəfə tədbir sizin iştirakınız olmadan keçiriləcək?
- Bu artıq Zəlimxan Məmmədlinin deyil, Borçalı elinin tədbiridir. Borçalı eli türk dünyasından gələn insanlarla, öz ziyalıları, Gürcüstanın mədəniyyət və incəsənət nümayəndələri, Güney Azərbaycanın fikir adamlarının iştirakı ilə bu tədbiri keçirəcək. Mənim də inamım odur ki, gürcü cəmiyyəti bizim haqqımızda qərar verən avantüristlərdən ibarət deyil. İnanırıq ki, bizim haqqımızda verilən bu ləkəli qərar aradan qaldırılacaq və mən də cəmiyyətin sədri qismində bu törəndə iştirak etməkdən qürur duyacağam.

- Sizin Gürcüstana buraxılmağınızı təmin etmək məqsədilə Azərbaycan XİN-in notası, deputatların müraciəti, Gürcüstan prezidentinin dostunun fəaliyyəti olub. Ancaq Borçalıda bəzi Azərbaycan QHT-ləri də sizin ora buraxılmamağınıza sevinir. Hazırda bu istiqamətdə vəziyyət nə yerdədir?
- Bizim hüquq müstəvisində mübarizəmiz davam edir. Ötən həftə mən və Yusif Salmanlı Prezident İlham Əliyevə müraciət etmişik. Bu günə qədər Gürcüstan bizim XİN-in notasına cavab verməyib. Biz Gürcüstanın bütün strukturlarına haqlı olduğumuzu çatdırmışıq, ölkəyə buraxılmamağımıza dair qərarın faktlarla əsaslandırılmasını istəmişik, əgər faktlarda cinayət tərkibi olarsa, cavab verməyə hazır olduğumuzu elan etmişik. Biz sadəcə olaraq bu məsələni beynəlxalq təşkilatların diqqətinə çatdırmamışıq. Hesab edirik ki, bu məsələni BMT, ATƏT, AŞ PA, Avropa Birliyi və digər qurumlara daşımağa ehtiyac yoxdur. Çünki Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, Borçalı Gürcüstanın ayrılmaz tərkibidir. Yəni istəmişik ki, problemi özümüz yoluna qoyaq, bunu üçüncü tərəfin diqqətinə çatdırmayaq. Ancaq bu o demək deyil ki, beynəlxalq qurumlara müraciət etməməliyik. Biz bütün hüququ prosedurları aşacağıq. Təbii ki, bizim gürcü dostlarımızın fəaliyyəti olub, müəyyən açıqlamalar verilib. Lakin onların fəaliyyətinin hələlik nəticəsi yoxdur və buna görə özləri də məyus olublar. Lakin fəaliyyətlərini davam etdirirlər. Ola bilsin ki, yaxın zamanlarda II İlya həzrətləri ilə görüş olsun. Gürcüstanda din siyasi hakimiyyətdən uzaq olsa da, bütün təbəqələr dini rəhbərə ehtiramlıdır. Məncə, II İlya ədalətli mövqe nümayiş etdirib məsələnin həlli istiqamətində bəyanat verə bilər. Bu da, barəmizdə olan siyasi qərarların qüvvədən düşməsi, bizim vətənimizə getməyimiz üçün yaşıl işıq yandıra bilər.

- Əleyhinizə fəaliyyət göstərənlər haqqında nə düşünürsünüz?
- Bir qrup insan mənim Gürcüstana buraxılmamağımdan qürur duyur. Mən türk insanının əxlaqı, mədəniyyət tarixinin formalaşmasını az-çox bilirəm. Türk kanallarında seriallar nümayiş etdirilir. Bunlardan biri Osmanlının qurulması ilə bağlı, ikincisi isə Osmanlıya yaxın dövrü əhatə edir. Bu filmlər türk əxlaqı, dəyəri, ərənliyi baxımından ibratəmizdir. Mən bu filmlərə baxdıqca qürur duyuram. Türk əxlaqına görə, düşməni yatan zaman, xanımı-övladları ilə birgə olan vaxt, həm də arxadan vurmaq yolverilməzdir. Mən bütün hallarda Borçalı insanıyam, türkəm, Elçibəy məktəbini keçmişəm. Türkçülüklə qürur duyuram və bu əxlaq, mənəviyyat məsələsidir. Bizim Gürcüstana buraxılmamağımızdan kimlərsə sevinirsə, bu yanlış mövqedir. Biz onları doğru-dürüst düşünməyə dəvət etmişik. Ancaq bütün dövrlərdə müxaliflər və münafiqlər olub. Biz təbii ki, sağlam müxalifliyi səmimi qəbul edirik. Ancaq münafiqlik bizlik deyil. Onların bu millətə dəxli yoxdur. Amma kampaniya aparmaq, “Zəlimxan Məmmədli istefa verməlidir, o, Rusiyanın agentidir” və s. kimi sözlər yaymaq ərənlik deyil. Bu da, onların çörək ağacıdır. Hər halda millətimizə və Borçalı elinə şərəf gətirmir. Bu yanlışlıq bizi düzgün yoldan sapdırmaq, emosional müstəviyə çəkmək imkanında deyil.

- Zəlimxan bəy, siz uzun illər Sambo Federasiyasının prezidenti olmusunuz, idman ictimaiyyətinə bələd insansınız, idman sahəsini də gözəl bilirsiniz. Ölkə I Avropa Oyunları ərəfəsindədir. Bu haqda fikirləriniz nədən ibarətdir?
- Sambo tarixi qızıl tarixdir, 1992-2002-ci illərdə mən Sambo Federasiyasına rəhbərlik etmişəm. İlk dəfə yeganə türk olaraq Avropa Federasiyasının I vitse-prezidenti, beynəlxalq federasiyada icraiyyə komitəsinin üzvü olmuşam, tibb komissiyasına rəhbərlik etmişəm. Üstəlik Avropada idmanın inkişaf konsepsiyasının müəlliflərindən biriyəm. Ancaq həmin dövrdə mən AXCP sədrinin müavini idim, müxalifətdə təmsil olunurdum. Cənab Prezident İlham Əliyev o dövrdə Milli Olimpiya Komitəsinin prezidenti idi. Prezident mənim fəaliyyətimdən xəbərdar idi, eləcə də həmin dövrdə idman sahəsinə nəzarət edən nazir Əbülfəz Qarayev fəaliyyətimi gözəl bilirdi. Biz dövlət xəzinəsinə göz dikmədən, ancaq dövlətimizdən nələrisə istəyərək sambonun inkişafı üçün addımlar atmışıq. Məhz bunun sayəsində də ilk dəfə olaraq Bakıda sambo üzrə Avropa çempionatı keçirmişik. Təbii ki, biz burada millətimizin və dövlətimizin uduşunu nəzərdə tuturduq. Əgər cılız, emosional, millətdən uzaq təfəkkür olsaydı, bu tədbir Bakıda keçirilməzdi. Konkret olaraq I Avropa Oyunlarına gəldikdə, Azərbaycan bizim dövlətimizdir, bayrağımız var, qürur yerimizdir, müstəqildir, öz sözü var. Bunu da dünyaya çatdırmaq lazımdır. I Avropa Oyunlarına hər kəs bir prizmadan yanaşa bilər. Şəxsən mən bu Oyunlara millətimizin və dövlətimizin maraqları çərçivəsində yanaşır, bu tədbiri olduqca əhəmiyyətli hesab edirəm. Özüm də çox böyük məmnuniyyətlə I Avropa Oyunlarının açılış tədbirində və digər yarışlarda iştirak edəcəyəm. Bu idman yarışı, sülh tədbiridir. Əlbəttə, burada hakimiyyət bütün qüvvələrə əl uzatmalıdır, ölkə daxilində birlik və bərabərlik olmalıdır. Biz imkan verə bilmərik ki, bayrağımızı endirsinlər, dövlətimizi çökdürsünlər. Bu baxımdan I Avropa Oyunlarını təqdir edirəm. Eləcə də, hesab edirəm ki, idman yarışı siyasiləşdirilməməlidir. Qeyd edim ki, Prezident İlham Əliyev, eləcə də xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çox işlər görüblər. Bu Oyunlardan dövlətimiz və millətimiz qazanmalıdır. Məncə, bu idman yarışı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq, Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol olacaq, Avropaya inteqrasiyasına töhfə verəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər