6 İyun 2015 14:35
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015" Birinci Avropa Oyunlarına şeir yazan şairlərdən biri də əməkdar incəsənət xadimi Baba Vəziroğludur. Onunla qısa müsahibədə Avropa Oyunları və bu tədbirin ölkəmiz üçün əhəmiyyətindən danışdıq. İl-ildən daha az heyrətləndiyini deyən şair hələ də onu təəccübləndirən insanlardan söhbət açdı. Teleqraf.com Baba Vəziroğlu ilə müsahibəni təqdim edir.



- Baba bəy, “Bakı-2015" Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Bir sənətkar və bir vətəndaş kimi Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- “Bakı-2015" I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünya çapında tanınması, müsbət imicinin formalaşması üçün çox önəmli rol oynayır. Ümumiyyətlə, hər bir insanın həyatında, ölkənin tarixində ilklər olur. O ilklər əbədi yadda qalır. İnsanın həyatında ilk müsahibə, ilk müəllim, ilk məhəbbət, ilk sevgi məktubu heç vaxt yaddan çıxmır. Amma sonrakılar hamısı yaddan çıxır. O cümlədən də ölkənin həyatında. Mənim yadımdadır ki, orta məktəbdə oxuyanda kosmonavt Yuri Qaqarin ilk dəfə aya uçdu. Ondan sonra da yüzlərlə adam aya uçdu, amma heç birinin adı belə hallanmadı. Yuri Qaqarin ilk sovet adamı kimi aya uçdu və əbədi olaraq bizim üçün kumir oldu. O cümlədən də Yunanıstanda ilk Olimpiya Oyunları keçirilib. Ona görə də Olimpiya Oyunları deyən kimi yada öncə Yunanıstan düşür. Bundan sonra yüz illər də, min illər də keçsə ilk Avropa Oyunları deyəndə yada Bakı, Azərbaycan düşəcək. Bundan başqa indi Azərbaycana dünyada tanınmaq çox gərəklidir. Çünki biz dünyada haqq səsimizi eşitdirməyə həmişə möhtacıq. Bu bizə lazımdır, çünki torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə müxtəlif ikili standartlarla yanaşılır. Bu mənada bütün dünyaya bir addım yaxın olmaq, dünyanın da bizə bir addım yaxın gəlməsi üçün belə möhtəşəm tədbirlərə ehtiyac var. Bunu siyasətimizin prioriteti hesab edən Cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən, güclü siyasəti öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan on il, iyirmi il əvvəlki Azərbaycan deyil. Ölkəmiz həm dünya miqyasında, həm ölkədaxili bütün parametrlərdə: iqtisadi, siyasi, mədəni sahədə çox inkişaf edib. Əminliklə deyə bilərəm ki, dünyada söz sahibi olmaq mənasında bugünkü Azərbaycan dostları sevindirəcək, düşmənlərin ürəyini partladacaq bir səviyyədədir.

- Nə vaxtsa, idmanın hansısa növü ilə məşğul olmusunuz? Ümumiyyətlə, idmanla aranız necədir?
- İdmanı çox sevirəm. Mən kənd uşağı olmuşam, asfaltın üzərində böyüməmişəm. Hər bir kənd uşağı anadan olandan düşür çöllərə, palçıqlı küçələrə, idman edir. Ayaqyalın qaçır, iki təkəri keçirir ağacın başına, onu ştanq kimi qaldırır. İki paya keçirir çəmənliyə onu futbol qapısı elan edib, futbol oynayır. Bəlkə, ona görə biz həm cismani, həm də ruhən çox sağlamıq. Çünki elədiklərimizin hamısı idman olub. İdman da sağlamlığın təməlidir.

- Bayaq ilklərdən danışdınız. Sözlərinizə yazılmış ilk musiqini xatırlayırsınız?
- Əlbəttə. Deyirəmsə ki, ilklər əbədi yadda qalır, mənim üçün bütün ilklər unudulmazdır. İlk dəfə 17 yaşım olanda 1971-ci ildə ilk mahnılarımı böyük sənətkarımız Şövkət xanım Ələkbərova oxuyub. Bunlar Oqtay Rəcəbovla birlikdə yazdığımız “Sevərsən”, digəri bəstəkar Firəngiz Babayevayla yazdığım “Töhfə” mahnısıdır. İki ilk mahnım olub, eyni vaxtda da səslənib.

- Bunlar üzə çıxanlardır, amma üzə çıxmayan ilklər də var.
- Əlbəttə, var. Amma onlar ilk sayılmır. İndi sadaladıqlarım milyonlara təqdim etdiyim musiqilərdir. Hər iki mahnı o vaxt yeganə telekanal olan Azərbaycan Televiziyasında yeni il gecəsi dekabrın 31-də ilk dəfə efirdə səslənmişdi.

- O vaxt hiss etdiyiniz duyğuları sözlə ifadə edə bilərsiniz?
- Onda hiss etdiklərimi nəinki sözlə, heç sazla da deyə bilmərəm. O hissiyyatı dilə gətirmək mümkün deyil. O hissiyyatı dilə gətirib yaza bilsəydim dünyanın ən böyük yazıçısı, aşığı olardım.

- İndi hər bir şeirinizə bəstələnən yeni mahnını eşitmək çox adi təəssürat yaradır?
- İnsan həyatı elədir ki, get-gedə hər şeyə heyrəti azalır. İlk ən böyük sevinc ömrün müəyyən çağında olur. Ondan sonra hər şey azalmağa doğru gedir.

- Sizi hələ də heyrətləndirən nələrdir, kimlərdir?
- Yox, mən daha böyük sevinc hissi yaşamıram. Böyük sevinc hissi insan həyatda bircə dəfə yaşayır. Yəqin ki, çox pisliklər görəndə təəccüblənirəm indinin özündə də. İnsan həyatı o qədər qısadır ki, düşünürəm, bu qısa həyatda insan başqa birinə pislik etməyə, quyu qazmağa necə vaxt tapır. Bu qısa ömrü insan özünə həsr etməlidir. Çünki ömür o qədər qısadır ki, güclə özünə çatar, ya çatmaz. Üstəlik, bunu pislik etməyə sərf etmək- bax bunu anlaya bilmirəm və buna hər zaman təəccüblənirəm. Həm də ona təəccüblənirəm ki, insan bunları dərk edə bilmir.

- Siz sizə olunan pisliklərə, qısqanclıqlarla necə baş edirsiniz? Cavab verirsinizmi?
- Yox vermirəm. O qədər vaxt azlığı yaşayıram ki, onlara cavab verməyə də vaxtım yoxdur. Mən vaxtımın qədrini daha çox bilirəm. Və vaxtımı hər şeydən yüksəkdə tuturam.

Nərmin


Müəllif: