23 İyun 2015 13:13
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: “Azərbaycan uğur qazandıqca onlar dərin narahatlıq keçirirlər”

“Azərbaycan öz işini nə xaricdəki mərkəzlərin, nə də daxildə fəaliyyət göstərən antimilli qüvvələrin qarayaxmaları üzərində qurmur. Azərbaycan öz yolunu müəyyən edib, bu yolla addım-addım uğurla irəliləyir. Dünya birliyinə yüksək templə qovuşur, dünyanın üstün dəyərlərini ölkədə tətbiq etməklə Vətənimizi sivil ölkə halına gətirməkdədir. Onların fəaliyyəti heç bir nəticə vermədi və bundan sonra da verə bilməz. Çünki Azərbaycan belə qarayaxmaların altında qalacaq ölkə deyil. Əksinə, Azərbaycan inkişaf etmiş, qarşıya qoyduğu məqsədləri yerinə yetirəcək gücə malikdir”.

Bunu qəzetimizə müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik.

- Fəzail bəy, I Avropa Oyunları davam edir. Siz Oyunlarla bağlı sosial şəbəkədə dostluq qrupu yaratmışdınız və təbliğat aparırdınız. Prosesi necə qiymətləndirirsiniz?
- Dostluq qrupuna 30 minə qədər fəal cəlb etdik. Bura həm ölkə daxilindən, həm də ölkə xaricindən fəallar qoşuldu. Qrup Avropa Oyunlarının keçirilməsi ilə bağlı sosial şəbəkələrdə ciddi təbliğat apardı, anti-Azərbaycan qüvvələrin qarşısına öz iradəsini qoydu. Avropa Oyunlarının açılış mərasimindən indiyə qədər Oyunlar peşəkarlıq baxımından yüksək həyata keçirilir. Doğrudan da, Azərbaycan Oyunlara peşəkar səviyyədə hazırlaşdığını, Olimpiya Oyunları səviyyəsində təşkilatçılıq bacarığının olduğunu nümayiş etdirdi. Bu Oyunların Azərbaycanda keçirilməsinin müəllifi, baş təşkilatçısı, proseslərə ciddi rəhbərlik edən və nəticələr əldə edən ölkə Prezidenti İlham Əliyevdir. Avropa Oyunlarına hazırlıq üzrə təşkilat komitəsinin sədri, ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşkilatçılıq istedadı özünü bir daha təsdiq etdi. Avropa Oyunları üzrə keçirilən bütün idman yarışlarının böyük tamaşaçısı var.

- Avropa Oyunları çərçivəsində çoxlu sayda idman yarışları keçirilir. Bəzi istiqamətlər üzrə isə ölkəmizdə ilk dəfədir mübarizə aparılır. Sizcə, insanlarımız idmana baxmaqda maraqlıdırmı?
- İdman yarışları zamanı arenalarda, demək olar ki, yer tapılmır. İstənilən yarışla bağlı müraciət edirsənsə, deyirlər “bilet yoxdur”. Ancaq küncdə-bucaqda olan yerlər qalır. Yəni, Azərbaycan tamaşaçısının Oyunlara istəkli və maraqlı olduğu aşkardır. Azarkeşlərimiz çoxdur və istədikləri oyuna bilet alıb yarışları canlı izləyirlər.

- İdmançılarımızın yarışlarda iştirakını necə qiymətləndirirsiniz?
- İdmançılarımız yarışlarda gözlədiyimizdən də yüksək səviyyədə iştirak edirlər. Düşündüyümüzdən də çox medal qazana bildilər. Əlli ölkənin içində medal sayına görə Azərbaycanın ikinci yerdə olması böyük uğurumuzdur. Yarışların qurtarmasına qədər daha bir neçə medal qazana biləcəyik. Bu nəticə ölkədə geniş vüsət alan Olimpiya hərəkatının mövcudluğunu təsdiq edən ciddi faktdır. Etiraf edilməlidir ki, Azərbaycanda Olimpiya Oyunlarının geniş miqyaslı hərəkata çevrilməsində Milli Olimpiya Komitəsinin prezidenti olaraq cənab İlham Əliyevin xidmətləri var. Azərbaycanın bütün rayon mərkəzlərində Olimpiya Komplekslərinin açılması, idmana dövlət səviyyəsində böyük qayğı, dünya, Avropa və Olimpiya yarışlarında əldə olunan qələbələr və onun gənclərə verdiyi stimul indi öz bəhrəsini göstərir. Bir sözlə, mən bir azərbaycanlı olaraq qürur hissi keçirirəm, milyonlarla soydaşımız kimi sevinc içindəyəm. Bu qüruru və sevinci bəxş edən ölkə Prezidentinə çox minnətdaram.

- İlk Avropa Oyunlarının Azərbaycan üçün hansı tarixi əhəmiyyəti var?
- Hər şeydən öncə Azərbaycan I Avropa Oyunlarını Bakıya gətirə bildi. Yəni bu tarix Bakıdan başladı. Əlli ölkənin xüsusi çəkisi olan idmançılarını, məşqçilərini, eyni zamanda, bu ölkələrin mütləq əksəriyyətinin rəsmi nümayəndələrini Azərbaycana gətirə bildik. Onlar Bakıya gəlməklə, bu möhtəşəm açılış mərasimində iştirak etməklə və indiyə qədər olan yarışları izləməklə ölkəmiz haqqında geniş təsəvvürə malik oldular. İllər uzunu Azərbaycanı ləkələyən, bütün imkanlarından istifadə edərək qarayaxma kampaniyası aparan, siyasi elitada və cəmiyyətlərdə bizi barbar xalq kimi təqdim edən ermənilərin yüzillərlə atdığı ləkələrin hamısı gözəl rənglə əvəz edilib. Başqa sözlə, bu qarayaxmalar artıq Azərbaycanın üzərindən götürülüb və dünyaya sübut olunub ki, Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellektual imkanları olan sivil və dünyəvi bir xalqdır. Biz I Avropa Oyunları zamanı özümüzü bu cür təqdim edə bildik. Oyunların təşkilinin peşəkarlıqla hazırlanması nəinki ölkəmizə gələn idmançıları, eləcə də, bura gələn turistləri də heyrətə gətirib. Bu, yaddaşlarda daima qalacaq. Buna heç bir şübhə yoxdur. Çünki minlərlə insan bunu öz gözləri ilə görür. Virtual istiqamətdə isə gedən reklamlar, videoçarxlarda dünya Azərbaycanı görə bildi. Yəni bizim dünyada tanınmağımız daha geniş miqyas aldı. Əlbəttə, bu, tarixi əhəmiyyət kimi qeyd edilməlidir. Bundan sonra hər il belə yarışlar təşkil ediləcək. Hər Oyunlar keçirildikcə I Avropa Oyunlarının Bakıda keçirilməsi qeyd olunacaq. Digər tərəfdən, Avropa Oyunlarının məşəli Atəşgahda alovlandırılacaq və Oyunların keçiriləcəyi ölkəyə daşınacaq. Bu da, Azərbaycanı bir daha yaddaşlarda saxlayacaq. Bu baxımdan, I Avropa Oyunlarının Bakıda keçirilməsinin tarixi əhəmiyyəti danılmazdır.

- I Avropa Oyunları zamanı Ermənistan idmançıları da ölkəmizdə oldular. Bu haqda siz nə düşünürsünüz?
- Biz özümüzü dünyadan təcrid edə bilməzdik. Deyə bilməzdik ki, Ermənistan işğalçı olduğundan erməni idmançıların Bakıda iştirakını qəbul etmirik. Çünki bu, Olimpiya idman hərəkatının dəyərlərinə və mahiyyətinə zidd olardı. Bəllidir ki, Olimpiya Oyunları başlayanda müharibələr dayanır, idman yarışları keçirilir. Müharibə şəraitində olan ölkələr bu dəyərlərə hər zaman riayət edib. Azərbaycan bu gün Ermənistanla müharibə vəziyyətindədir, ermənilər torpaqlarımızı işğal edib. Ancaq idmanın siyasətlə bağlılığı olmadığından mən ermənilərin I Avropa Oyunlarında iştirakına qadağa qoyulmasının tərəfdarı deyildim. Biz hər şeyi öz adı ilə çağırmışıq və dünyanın bütün üstün dəyərlərinin reallığa çevrilməsində əməyimizi vermişik, bu dəyərlərə sadiq qalmışıq. Bu da, dəyərlərə sadiqliyimizin bir numunəsidir.

- I Avropa Oyunlarının keçirilməsi ərəfəsində həm ölkə xaricindən, həm də ölkə daxilində bəzi qüvvələr buna qarşı çıxır, hətta boykot çağırışları səsləndirirdi. Sizcə, bu çağırışların effekti oldumu?
- Bu çağırışları biz də müşahidə etdik. Onların heç bir nəticəsi olmadı. I Avropa Oyunları nəinki baş tutdu, hətta özünü təsdiq etdi. Avropa Oyunlarının bitməsinə bir neçə gün qalıb. İyunun 28-də rəsmi bağlanış mərasimi olacaq. Həmin çağırışlara baxmayaraq, I Avropa Oyunları baş tutdu, özünü təsdiq elədi. Mən tamamilə əminəm ki, Bakıda baş tutan I Avropa Oyunları Avropanın ayrı-ayrı ölkələrində keçiriləcək. Bu çağırışları edənlər anti-Azərbaycan qüvvələri idi. Bu mərkəzlər Azərbaycana qarşı hər zaman öz iftiralarını, qarayaxmalarını davam etdirir, ölkəmizin uğurlarını həzm edə bilmir. İndi də Azərbaycanın bu Oyunları yüksək səviyyədə təqdim etdiyi üçün həmin qüvvələr qısqanclıq hissləri keçirirlər. Bu qüvvələr növbəti dəfə Azərbaycana qarşı belə davranışı ortaya qoyurlar. Təəssüf edirəm ki, bu prosesdə bəzi daxili antimilli qüvvələr də yer alıb. Azərbaycan uğur qazandıqca onlar dərin narahatlıq keçirirlər. Azərbaycan öz işini nə xaricdəki bu mərkəzlərin, nə də daxildə fəaliyyət göstərən antimilli qüvvələrin qarayaxmaları üzərində qurmur. Azərbaycan öz yolunu müəyyən edib, bu yolla addım-addım uğurla irəliləyir. Dünya birliyinə yüksək templə qovuşur, dünyanın üstün dəyərlərini ölkədə tətbiq etməklə Vətənimizi sivil ölkə halına gətirməkdədir. Onların fəaliyyəti heç bir nəticə vermədi və bundan sonra da verə bilməz. Çünki Azərbaycan belə qarayaxmaların altında qalacaq ölkə deyil. Əksinə, Azərbaycan inkişaf etmiş, qarşıya qoyduğu məqsədləri yerinə yetirəcək gücə malikdir.

- Qarşıdan parlament seçkiləri gəlir. Aktivlik və fəallıq müşahidə ediləcək?
- Azərbaycanda parlament seçkiləri fəallıqla fərqlənib. Əminəm ki, növbəti parlament seçkiləri də siyasi fəallıqla müşahidə olunacaq. İndi bütün diqqət Avropa Oyunlarına yönəlib və bu da təbiidir. Fikrimcə, iyul ayı bir qədər istirahət xarakterli olacaq. Yəqin ki, avqust ayından başlayaraq biz siyasi fəallığı müşahidə edəcəyik.

Nemət Hüseynli


Müəllif: