23 İyun 2015 16:44
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini kəskin tənqid edib. İftar məclisində iştirak edən Türkiyə prezidenti çıxışı zamanı “Əl-Cəzirə” telekanalının əməkdaşı Əhməd Mənsurun Almaniyada saxlanılmasına münasibət bildirib.

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Qərb son illərdə demokratiya, insan hüquqları və ləyaqətinin qorunması sahələrində çətin imtahan verir. Onun sözlərinə görə, Qərb ölkələri öz vətəndaşları üçün vacib hesab etdikləri hüquqları İslam ölkələrinin hüquqları pozulan vətəndaşları üçün çox görürlər. Türkiyə prezidenti "Al Jazeera" əməkdaşının Misir hakimiyyətinin tələbi ilə Berlin hava limanında saxlanılmasını Almaniya hökumətinin maddi maraq qarşılığında söz azadlığını pozmaq cəhdi kimi qiymətləndirib. Ərdoğan deyib ki, Türkiyəni terrorla mübarizədə tək qoyan, ərazilərində terrorçuların sərbəst gəzməsinə şərait yaradan Avropa ölkələri qiyamçıların tələbi qarşısında fərqli davranırlar: "Hazırda terror təşkilatlarının üzvləri Almaniyada rahatlıqla fəaliyyət göstərirlər. Bütün sənədləri təqdim etməyimizə rəğmən səslərini çıxarmayanlar bu gün "mətbuat azadlığı" deyə-deyə "Al Jazeera"nin önəmli əməkdaşını həbs edirlər! Niyə? Misirin generalları əmr edib. Niyə? Ordan 8,5 milyard avroluq sifariş verib. Pul, mənfəət... Sən nələrə qadirsən?”

Ərdoğan bəyan edib ki, Almaniya hökumətinin fikir, düşüncə azadlığına qarşı yönəlmiş addımı bağışlanmayacaq.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli deyib ki, “Əl-Cəzirə” televiziyasının müxbirinin tutulması, yaxud tutdurulması onu çox heyrətləndirib: “Çünki “Əl-Cəzirə” Qərblə əməkdaşlıq edən və müasir dəyərlərə diqqət verən, hətta Qərbin işinə yarayan bir televiziyadır. Əgər bu gün ona qarşı da qurğu qururlarsa, Misir prezidenti Sissinin təşkilatçılığı ilə bu cür bədxah əməllərdə bulunurlarsa, bu, doğrudan da qəribədir. Güman edirəm ki bu məsələlərin çözələnməsi, detallarının açılması heç də Almaniya demokratiyası, Almaniyada insan haqları üçün başucalığı gətirməyəcək. Onsuz da son dövrlərdə Almaniyada islamafobiya, demokratik dəyərlərdən uzaqlaşma və sair bu kimi hallar tez-tez özünü büruzə verirdi. İndi isə azad sözə hücum edilməsi, özü də müsəlman dünyasının ən nüfuzlu televiziyanın jurnalistinə qarşı bir insafsızcasına və antidemokratik davranış zənnimcə, Almaniya üçün ciddi problemlər yaradacaq”.

Politoloq qeyd edib ki, Almaniya, eləcə də bütövlükdə Qərb dövlətləri Avropa Oyunlarına münasibətdə həddən artıq ikili standartlarla davranırlar. Onun sözlərinə görə, özləri bu Oyunların təşkili məsələsində yaxalarını kənara çəkdilər və bütün ağırlığı Azərbaycanın üzərinə yıxdılar: “Görəndə ki, Azərbaycan bu işin öhdəsindən ən yüksək səviyyədə gəlir, bir-birinin ardınca yüksək brend nümunələrini nümayiş etdirir, o zaman demək olar, tamamilə cüzi bir şeyləri bəhanə edərək, nə açılış mərasimiə qatıldılar, nə də yarışların gedişinin öz ölkələrinin kütləvi informasiya vasitələrində ətraflı işıqlandırılmasına imkan vermədilər. Bu, Avropanın riyakarlığına dəlalət edən ən ciddi faktlardandır. Söhbət Avropa Oyunlarından gedir, komandaları burdadır, onların komandalarına ən yüksək qonaqpərvərlik nümunələri göstərilir”.

Q.Hüseynli deyib ki, bu baxımdan paradoksal bir vəziyyət yaranıb: “Bura gələn idmançılar, turistlər geri döndükdən sonra ölkəmizdə gördükləri yaxşılıqları danışacaq, onlara göstərilən qonaqpərvərlikdən bəhs edəcək. Nəticə etibarilə oradakıların qərəzli fikirləri turistlərin və Oyunlarda iştirak edənlərin sözləri qarşısında tab gətirməyəcək. Məncə, Azərbaycan bu gün adını tarixə qızıl hərflərlə yazdırdı, ilk Avropa Oyunlarını ölkəmiz çox yüksək səviyyədə təşkil etdi. Bu, torpaqları işğal edilmiş, min cür əzab-əziyyətə qatlaşmış Azərbaycan xalqının istedadına, onun siyasi rəhbərliyinin müdrikliyinə, bütövlükdə xalqımızın intellektual səviyyəsinə bir nümunədir. Biz bu yarışların təşkilindən də, yarışların keçirilməsindən də üzüağ çıxdıq. Baxaq, görək, bizimlə rəqabət aparan, bizimlə sözün həqiqi mənasında işpozanlıq eləyən Qərb dairələri necə, apardıqları bu riyakar siyasətdən üzüağ çıxacaqlarmı?”

Səxavət HƏMİD


Müəllif: