"Məncə, Türkiyədə son parlament seçkiləri ölkə tarixində ən demokratik seçkilər idi. Çox təəssüf ki, Türkiyənin hakim elitası xalqın bu mesajını düzgün qiymətləndirmədi. Mənə elə gəlir ki, xalq da bunu "dəyərləndirərək" hakim elitaya ciddi mesaj verəcək. Fikrimcə, Ədalət və İnkişaf Partiyası və onun lideri Ərdoğan xalqın seçkilərdə verdiyi mesajı düzgün oxumadı. Düşündü ki, xalq səhv edib, ona şans vermək lazımdır ki, yanlışını düzəltsin. Mən bunun tam tərsini düşünürəm. Fikrimcə, Ərdoğanın öz partiyasına təzyiq etməsi son nəticədə koalisiya qurulmasına mane oldu. Türkiyədə heç olmasa iki il müddətinə olsa da, koalisiya qurulmalı, xalqın iradəsi, mesajı nəzərə alınmalı idi. Türkiyə hakim elitasının bu davranışını demokratik proseduralardan kənar hesab edirəm. Bunun təkrar seçkilərə bu və ya digər formada təsir edəcəyi qənaətindəyəm. Zənnimcə, Türkiyədə yaranan indiki vəziyyət, hakimiyyətin çözüm mərhələsini dayandıraraq PKK-ya qarşı aktiv mübarizəyə keçməsi də daxili siyasi hesablarla bağlıdır".
Bu fikirləri Teleqraf.com-a müsahibədə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər dilə gətirdi. Müsahibəni təqdim edirik.
- Seçkilərə getməyəcəyiniz, "Azadlıq-2015" seçki blokundan çıxacağınız deyilir. Buna səbəb nədir?
- Partiyamız yeni yaranıb. Həvəslə seçkilərə hazırlığa start vermişik. Sonradan bir qrup siyasi partiyanın hakimiyyətlə dialoqa başlaması ümidlərimizi artırdı. Düşünürük ki, bunun davamı gələcək. Eyni zamanda xüsusi vəziyyətimiz də var. Biz iki ildir ki, partiya olaraq qeydiyyata alınmamışıq. İndi Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işə yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə qaytarıb. Apelyasiya Məhkəməsi də sentyabrın 23-nə məhkəmə prosesi təyin edib. Bu da seçkilərə start veriləndən bir ay sonra keçiriləcək məhkəmə prosesi deməkdir. İndi partiyada ciddi müzakirə gedir. Yəqin ki, sentyabrın əvvəlində Məclis seçkilərdə iştirakla bağlı qərarını verəcək. Rəsmi qeydiyyatımızın olmaması bizə imkan vermir ki, partiya olaraq seçkidə iştirak edək və "Azadlıq-2015" seçki blokunun rəsmi təsisçisi olaq. Odur ki, seçkidə rəsmi partiya kimi iştirakımız sual altındadır.
- Sizin bu fikirləriniz partiyanın Məclisinə təzyiq xarakteri daşımırmı?
- Əsla. Elə bu səbəbdən də, əlavə fikirlər işlətmirəm. Məclisə təzyiq etmək niyyətində deyiləm. Məclisin toplantısında demokratik müzakirələr aparılacaq və sonda qərar veriləcək.
- Müttəfiqləriniz deyir ki, Azad Demokratlar Partiyası seçkilərə qatılmasa belə "Azadlıq-2015" seçki blokuna siyasi dəstəyini verəcək...
- İndi bu barədə fikir söyləməyim erkən olardı. Bu, daha çox Məclisin qərarından asılı olacaq. Qərara uyğun mövqe ifadə olunacaq. Məclisin həm partiyanın özünün seçkilərdə iştirakı, həm də "Azadlıq-2015" seçki bloku barədə rəsmi mövqeyi olacaq.
- Azərbaycan müxalifəti seçkilərə hazırdırmı?
- İndi seçki ab-havası hiss edilmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Vətəndaşlarda da passivlik mövcuddur. İctimai-siyasi fəallığın kəskin zəifləməsi partiyalara da təsir edir. Seçki fəallığı bir çox partiyalarda hiss edilmir, bəzi partiyalarda isə zəif hiss olunur. Bu istiqamətdə hazırlıqlı olan "Azadlıq-2015" seçki blokudur. Bu barədə daha informasiyalıyam. Bir də, Ümid Partiyasının fəallığı hiss edilir. Digər partiyalarda da fəallıq var. Konkret ad çəkmirəm, müşahidəmə görə deyirəm ki, bəzi partiyalar seçkidə iştirak etməyəcək. Bu, hiss edilir. Bəzi partiyalar seçkiyə qatılacaq, lakin onların resursları zəifdir, ağır zərbələr alıblar. Odur ki, indi ən aktiv kəsim olaraq "Azadlıq-2015" seçki blokunu qeyd edirəm.
- Ancaq indiyə qədər seçkilərdə ən fəal müxalif partiyaları Müsavat və AXCP olub...
- Bəli, çox təəssüf ki, indiki vəziyyət belədir. Müsavat Partiyasında bəzi fəallıq müşahidə edilir, AXCP-nin isə seçkilərdə iştirak etməməyə meyilləndiyi görünür.
- Seçkiləri boykot xətti nə dərəcədə effektivdir?
- Buna hansı bucaq altında baxmağınız önəmlidir. Bu, hər hansı bir partiyanın verəcəyi qərardır, onun seçdiyi taktikadan asılıdır. Odur ki, qiymət müxtəlif ola bilər. Elə partiya var ki, seçkidə iştirakını özünü təsdiq kimi görür, təbliğat imkanı olaraq baxır və ya ağır zərbələr almasına baxmayaraq, ayaqda olduğunu nümayiş etdirmək istəyir. Kiçik taktiki maraqları olan partiyalar, ola bilsin ki, seçkidə maraqlı görünsünlər. Konkret maraqları olan partiyalar var ki, 1-2 namizədinin seçilməsinə və hüquqi statusunun yüksəlməsinə çalışır. Bir sözlə, bu hesablamalardan asılıdır.
- İndi Milli Şura boykot xəttinə üstünlük verir və həm də seçkidə iştirak edənləri satqın kimi qələmə verirlər. Bunu nə dərəcədə ciddi hesab edirsiniz?
- Müstəqillik tarixindən bu yana keçirilən seçkilər göstərir ki, müxalifətin bu prosesi tam olaraq boykot etməsi mümkün olmur. Ona görə də boykot taktikası effekt verməyəcək. İstənilən halda rəsmi dövlət qeydiyyatından keçən və indi fəaliyyət göstərən partiyaların əksəriyyəti bu seçkilərdə iştirak edəcək və boykotda baş tutmayacaq. İstənilən partiyanın bu seçkilərdə iştirak edib-etməməsi elə bir ciddi nəticə də verməyəcək. Boykot o zaman effektiv ola bilər ki, müxalifət birləşmiş olsun, birgə mövqe ifadə edilsin. Bu isə mümkün deyil.
- Amma müxalifət hətta adicə fəaliyyətini əlaqələndirə bilmir?
- Səbəblər çoxdur. Bunun dərinlikləri milli azadlıq hərəkatına qədər gedib çıxır. Yəni ortada dərin səbəblər var. Artıq milli azadlıq hərəkatından çıxan siyasi qüvvələrin dominant müxalif qüvvə rolu oynaması, Azərbaycan siyasətinə bu və ya digər dərəcədə təsir göstərmə dövrü bitib. Azərbaycanda yeni şərait var. Bu yeni şəraitdəki durğunluq yeni müxalifət qüvvələri ortaya çıxmayana qədər davam edəcək. İndi ölkədə güclü hakimiyyət və zəif müxalifət tarazlığı yaranıb.
- Türkiyədə baş verən prosesləri necə qiymətləndirirsiniz, ölkə təkrar seçkilərə gedir, nəticə necə olacaq?
- Məncə, Türkiyədə son parlament seçkiləri ölkə tarixində ən demokratik seçkilər idi. Çox təəssüf ki, Türkiyənin hakim elitası xalqın bu mesajını düzgün qiymətləndirmədi. Mənə elə gəlir ki, xalq da bunu "dəyərləndirərək", hakim elitaya ciddi mesaj verəcək. Fikrimcə, Ədalət və İnkişaf Partiyası, onun lideri Ərdoğan xalqın seçkilərdə verdiyi mesajı düzgün oxumadı. Düşündü ki, xalq səhv edib, ona şans vermək lazımdır ki, yanlışını düzəltsin. Amma mən bunun tam tərsini düşünürəm. Fikrimcə, Ərdoğanın öz partiyasına təzyiq etməsi son nəticədə koalisiya qurulmasına mane oldu. Türkiyədə ən azından iki il müddətinə olsa da, koalisiya qurulmalı, xalqın iradəsi, mesajı nəzərə alınmalı idi. İndilikdə Türkiyə hakim elitasının bu davranışını demokratik proseduralardan kənar hesab edirəm. Bunun təkrar seçkilərə bu və ya digər formada təsir edəcəyi qənaətindəyəm. Zənnimcə, Türkiyədə yaranan indiki vəziyyət, hakimiyyətin çözüm mərhələsini dayandıraraq PKK-ya qarşı aktiv mübarizəyə keçməsi də daxili siyasi hesablarla bağlıdır. Əlbəttə, digər səbəblər də var, ancaq bu, daha çox daxili siyasətlə əlaqəlidir. Türkiyə daxilində yaranan indiki gərgin vəziyyət, həm daxildə koalisiyanın qurulmaması, yenidən seçkilərə gedilməsi, digər tərəfdən, PKK ilə aktiv mübarizə, eyni zamanda, PKK-nın terror fəaliyyətini aktivləşdirməsi, Türkiyə ətrafında mövcud olan gərgin durum, qardaş ölkənin İŞİD-lə fəal mübarizəyə başlaması bu durumu mürəkkəbləşdirib. Arzumuz budur ki, Türkiyə mümkün qədər vəziyyətdən tez çıxsın. Görünən budur ki, Türkiyədə təkrar seçkilərə qədər daxili ictimai-sosial vəziyyətin kəskinləşəcəyi də gözləniləndir. Bildiyiniz kimi, Türkiyə milli valyutası dollar qarşısında devalvasiyaya uğrayır. Bu da inflyasiyanın yüksəlməsinə xidmət edir. Həm də Türkiyə cəmiyyətində ictimai-siyasi parçalanma prosesi gedir. Bu, virtual sosial şəbəkələrdə aydın görünür. Odur ki, seçkiyə qədər həm ölkənin daxilində, həm də ətrafında vəziyyətin daha da kəskinləşəcəyini düşünürəm. Əgər İŞİD Türkiyə daxilində PKK ilə paralel fəaliyyətə başlasa, bu da daxili durumu pisləşdirə bilər.
- PKK ilə bağlı problemi silah gücü ilə həll etmək mümkündürmü?
- Artıq dünyada sübut olunub ki, terrorizmlə mübarizə yalnız hərbi güclə mümkün deyil. Terrorizmlə strateji mübarizə olmalıdır. Yəni geniş və dərin, kompleks, ardıcıl və məqsədyönlü mübarizə aparılmalıdır. Burada məsələnin siyasi-diplomatik, iqtisadi, sosial, psixoloji tərəfi var. Üstəlik, bunun informasiya, maliyyə, operativ tərəfi mövcuddur. Odur ki, terrorizmlə strateji mübarizə planına ehtiyac var. Bu məsələdə kəşfiyyat öncəliyi olmalıdır. Kəşfiyyat öncəliyi olmadan uğurlu nəticə mümkün deyil.
- PKK-nın parlament seçkilərindən sonra aktiv fəaliyyətə keçməsi xaricdən gələn tapşırıqdır, yoxsa?
- Burada Türkiyə daxili siyasi faktorlarda var. HDP-nin seçkilərdə uğur qazanması, parlamentə daxil olması öz təsirini göstərib. İkincisi, hakim elitanın buna böyük reaksiya verməsidir. Üçüncüsü, seçkilərdə qalib gələndən sonra HDP-nin yarımmüstəqil hərəkət etməsinin PKK-nı qıcıqlandırmasıdır. Eyni zamanda, burada Türkiyəni zəiflətmək istəyən beynəlxalq güclərin təsiri var.
- HDP təkrar seçkilərdə indiki qədər səs toplaya biləcəkmi?
- Bu suala konkret cavab vermək çox çətindir. Amma mənə elə gəlir ki, bu günə qədər olan situasiya, eləcə də, keçirilən rəy sorğularına görə, durum belədir ki, HDP təkrar seçkilərdə 2 faizə qədər səs itirə bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu, indiyə olan sorğuların nəticəsidir. Seçkilərə qədərsə müəyyən qədər vaxt var. Bu vaxt kəsimində hansı proseslərin gedəcəyi, nələrin olacağını biz deyə bilmərik. Elə proseslər baş verə bilər ki, bu, seçkinin nəticələrinə birbaşa təsir edər.
Nemət Orucov