3 Sentyabr 2015 16:45
2 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Partiya xətti ilə namizəd olmaq istəyən hər bir Müsavat üzvü və ya üzvü olmayan şəxs təşkilatın seçkili orqanlarına müraciət etməli, namizədliyinin qeydiyyata alınmasına nail olmalıdır. Müsavat nizamnaməsi bunu tələb edir. Arzular isə tamamilə fərqli şeydir. Şübhəsiz ki, mənim də müəyyən istəklərim və şəxsi arzularım var. Ancaq biz partiyaya daxil olanda siyasi hüquqlarımızın bir hissəsini nizamnamə tələbi olaraq partiyaya vermişik. İndi də nizamnamə tələb edir ki, ona uyğun formada fəaliyyət göstərək”.

Bunu qəzetimizə müsahibəsində Müsavat Partiyası Divanının üzvü, sabiq deputat İkram İsrafil bildirib. Müsahibəni təqdim edirik:

- Müsavat Partiyası artıq namizədlər siyahısını açıqlayıb. Siyahını nə dərəcədə güclü və sanballı hesab edirsiniz?
- Müsavat Partiyası bərpa edildikdən sonra bir neçə seçkidə iştirak edib. Hər seçki dönəmində Müsavatın namizədlər siyahısında fərqli adlar olub. 1995, 2000, 2005-ci il seçkilərini xatırlayın. 2000-ci ildə olan namizədlərimizin bir hissəsi 2005-ci il seçkilərində namizəd deyildi, bir hissəsi də 2010-da olmadı. Əlbəttə, bu il də dəyişikliklər var. Müsavatın axırıncı qurultayından sonra partiyadan uzaqlaşan dostlarımızın siyahıda olmadığı bəllidir. Bu da, bir reallıqdır ki, 2015-ci il seçkilərinə indiki siyahı ilə gedirik. Partiyanın həyatında rolu olan şəxslər bu siyahıda yer alıb.

- Ancaq çoxları deyir ki, Müsavatın 1995-ci ildən bu yana ən zəif namizədlər siyahısı indikidir...
- Zaman dəyişdikcə siyahılar, insanlar, nəsil də dəyişir. 2000-ci il siyahısında olan bir çox dostumuz artıq dünyada deyillər. Bir çoxları isə partiyalarını dəyişiblər. İnsanlar var ki, siyasətdən gediblər, bəziləri ailə məişət problemlərinin həllinə üstünlük veriblər. Bunlar gerçəklikdir. Bu, həyatdır, insanlar rastlaşdığı müəyyən səbəblərdən nəinki siyasətdə, hətta ailədə belə mövqelərini dəyişə bilir. Təbii ki, 2000-ci ildə olan siyahı ilə indiki siyahını eyniləşdirmək fikrində deyiləm. Amma indiki siyahıda olan insanlar 2000-ci ildə də partiyada fəaliyyət göstərib, həmin namizədləri müdafiə ediblər. İndi növbə bu dostlara çatıb. Bu məsələni həm də zamanın öhdəsinə buraxmaq lazımdır.

- Vaxtilə Müsavatın ən nüfuzlu üzvlərindən olan Adil Qeybulla elan edib ki, Müsavatın bu siyahısı rəhbərliyin qrup və firqə maraqlarından hazırlanıb...
- Adil Qeybulla mənim hörmətlə yanaşdığım ziyalılardan biridir. Müsavatda olduğu dönəmdə də onu hörmət və izzətlə qarşılamışıq. Ancaq Adil Qeybullanın bu mövqeyini bölüşmürəm. Xüsusilə, içi mən qarışıq bir çox namizədlərin adını çəkə bilərəm ki, Adil Qeybulla bu şəxsləri yaxşı tanıyır. Bu insanlar Müsavatın rəhbərliyinin maraqları əsasında deyil, öz istəkləri ilə namizədliklərini irəli sürüblər. Həm də siyahı bütün ölkəni təmsil edir. Necə ola bilər ki, ölkəni təmsil edən namizədlər siyahısı kiminsə qrup maraqları əsasında hazırlansın? Adil Qeybullanın dedikləri onun subyektiv yanaşmasıdır.

- Ancaq deyirlər ki, sizin siyahı artıq Müsavatın potensialının, gücünün və nüfuzunun hansı səviyyədə olduğunu, ziyalıların artıq partiyadan üz döndərdiyini açıq göstərir...
- Azərbaycan reallıqları var. Ziyalılar ictimai-siyasi proseslərə, hansısa duruma münasibət bildirmirlər, siyasətə meyl etmirlər. Könül istərdi ki, ziyalılar bu prosesdə iştirak etsinlər. Ancaq bizim siyahımızda elmi titulu olan şəxslər də təmsil olunur. Lakin aydındır ki, ziyalılar siyasi partiyalarda fəaliyyət göstərməyə maraq göstərmirlər.

- Adil Qeybulla, Mehman Cavadoğlu, Vurğun Əyyub və digər şəxslər seçkilərdə iştirak edəcək. Bunlar vaxtilə Müsavatın seçki siyahısında namizəd olan şəxslərdir. Mümkün deyildimi ki, bu şəxslərlə danışıq aparıb namizədliklərini partiya xətti ilə irəli sürülməsinə nail olunsun. Onsuz da, Müsavat başqa partiyanın sədrini irəli sürüb. Adil Qeybulla hesab edir ki, belə imkanlar var idi, amma Müsavat rəhbərliyinin çılğınlığı buna imkan verməyib...
- Hər hansı bir dairədən namizəd olmaq istəyən şəxs Müsavatın rayon təşkilatına müraciət edir. Sonradan həmin şəxsin namizədliyi rayon təşkilatı Şurasının tövsiyəsi ilə Müsavat Məclisinə təklif edilir. Müsavat Məclisi də rayon şuralarından gələn bu təklifləri müzakirə edərək müvafiq qərarlar verir. O cümlədən də Müsavat Partiyasının üzvü olmayan şəxslər Müsavat rəhbərliyinə və Divanına müraciət etməsi lazımdır. Məhz bundan sonra həmin şəxs namizədliyinin partiya tərəfindən müdafiə edilməsinə nail ola bilir. Yəni prosedur bundan ibarətdir. Əlbəttə, indi səmimi yanaşsaq, Qubad İbadoğlu, Adil Qeybulla, Vurğun Əyyub və Mehman Cavadoğlu da uzun illər Müsavat üzvü olub, rəhbərliyi təmsil ediblər. Başqa sözlə, onlar başqa şəxslərin Müsavat tərəfindən müdafiə olunması üçün qərar veriblər, onun qəbulunda iştirak ediblər. Bu adamlar bir fakt göstərə bilərmi ki, Müsavat Partiyası hansısa fərdə müraciət etsin ki, gəlin partiyadan namizəd olun? Belə bir fakt və təcrübəyə heç zaman olmayıb. Odur ki, mən indi həmin şəxslər tərəfindən səslənən bu fikri heç də səmimi hesab etmirəm. Dostlarımız bu məsələdə subyektiv fikirlər işlədir, hətta deyərdim ki, bir qədər qərəzə yol verirlər.

- Ancaq Müsavatın keçmiş nümayəndələri Tural Abbaslının partiyanın namizədlər siyahısında yer almamasını qərəzin və qəzəbin nəticəsi hesab edirlər. Bu, nə dərəcədə doğrudur?
- Tamamilə yanlış və absurd yanaşmadır.

- Fakt odur ki, Tural Abbaslı partiya rəhbərliyinə müxalifətdir. İndi bu şəxsin namizədliyinin siyahıda olmaması kimin günahıdır?
- Partiya xətti ilə namizəd olmaq istəyən hər bir Müsavat üzvü və ya üzvü olmayan şəxs təşkilatın seçkili orqanlarına müraciət etməli, namizədliyinin qeydiyyata alınmasına nail olmalıdır. Müsavat nizamnaməsi bunu tələb edir. Arzular isə tamamilə fərqli şeydir. Şübhəsiz ki, mənim də müəyyən istəklərim və şəxsi arzularım var. Ancaq biz partiyaya daxil olanda siyasi hüquqlarımızın bir hissəsini nizamnamə tələbi olaraq partiyaya vermişik. İndi də nizamnamə tələb edir ki, ona uyğun formada fəaliyyət göstərək.

- Tural Abbaslı partiyanın üzvüdür, amma həm də “Ağ Blok” yaradaraq seçkilərə gedir. Bu məsələ necə tənzimlənəcək?
- Hər halda Müsavat Partiyasının müvafiq qurumları nizamnaməyə uyğun olmayan fəaliyyəti müzakirə etmək və müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

- Milli Şura və AXCP seçkiləri boykot etmək xəttini təbliğ edir. Siz, bu haqda nə düşünürsünüz?
- Bu, ciddi məsələdir. 1998 və 2008-ci illərdə müxalifət prezident seçkilərini boykot etdi. Xatırlayırsınızsa, həmin boykotu Azərbaycan vətəndaşı aktiv dəstəkləmədi, heç buna həvəs də göstərmədi. İnsanların istəkləri başqa idi. Biz həmin boykotlardan sonra cəmiyyətdə və partiyalar daxilində gedən müzakirələri gördük, dinlədik. Hər bir siyasi partiya rəhbəri o qənaətə gəldi ki, boykot taktikasının Azərbaycanda effekti yoxdur. Üstəlik bunu beynəlxalq qurumlar və Azərbaycan cəmiyyəti də qəbul etmir. Biz bütün bunları müzakirə etmişik və o qənaətə gəlmişik ki, seçkidə iştirak etmək lazımdır. İndi Milli Şura və AXCP-nin belə qənaətə gəlməsi qəribədir. Onlar 2013-cü il seçkiləri də daxil olmaqla bütün seçkilərdə iştirak ediblər. İndi 2015-ci il əvvəlki illərdən hansı mənada fərqlənib ki, biz boykot haqqında düşünək? Arzu edilən odur ki, müxalifət bir araya gəlsin, əvvəlki illərdəki kimi seçkiyə blok şəklində getsin. Elektorat da görməli idi ki, müxalifət bir araya gələrək seçkidə iştirak edir, aktivdir və s. Ancaq bu, baş tutmadı. Milli Şura daxil olmaqla AXCP boykot xəttinə yüklənib. Ancaq bildiyim qədər AXCP daxilində bir çox şəxslər seçkilərdə iştirak arzusundadırlar. İndi bunu necə edəcəklərini yaxın günlər ortaya qoyacaq.

- Deyirsiniz ki, müxalifətin birləşməsi və seçkilərə blokla getməsi lazım idi. Bəs, müxalifətin birləşməməsi və parçalanmasının günahı hansı siyasətçidədir?
- Mən birmənalı ad çəkmək istəməzdim. Müsavat adına deyə bilərəm ki, seçkilər zamanı hətta partiyamız müttəfiqlik etmək istəmədiyi partiyanın da bu prosesdə iştirakına razılıq verib ki, təki blok baş tutsun, seçkilərdə iştirak olsun. Bu, gerçəklikdir. Ancaq görünən budur ki, bəzi müxalifət partiya liderləri ölkədə ana müxalifət olmaq iddiasında və ya seçkilər prosesində iştirak etməməklə vətəndaşların bir hissəsinin rəğbətini qazanmaq niyyətindədir. Ancaq hesab edirəm ki, partiya rəhbəri bir arada olmağı, şəxsi və partiya maraqlarından çıxış etməməyi bacarmalıdır.

- AXCP funksionerləri sosial şəbəkələrdə Müsavatı nəzərdə tutaraq yazırlar ki, seçkilərdə iştirak satqınlıqdır. Bu iddianı necə qiymətləndirirsiniz?
- Satqınlıq ifadəsi çox hallanır. Azərbaycan siyasətinə satılma anlayışını gətirən siyasətçini ortaya çıxarmaq lazımdır. Müsavatı seçkilərə getdiyinə görə satılmış hesab edən şəxslər bir qədər əvvələ, özlərinin yaşadığı yaxın keçmişə diqqət etməlidirlər. Bu, daha yaxşı olardı.

Nemət


Müəllif:

Oxşar xəbərlər