Teleqraf.com Xalq şairi Fikrət Qoca ilə müsahibəni təqdim edir.
- Fikrət müəllim, sizi yubileyiniz münasibəti ilə təbrik edirəm.
- Çox sağ olun, təşəkkür edirəm.
- Mətbuatda oxudum ki, arxivinizi saf-çürük etməklə məşğulsunuz. Maraqlıdır, arxivdə unutduğunuz bir şey varmı ki, xatırlayıb pis olursunuz? Yoxsa, hər şey olduğu kimi yadınızdadır.
- Arxiv elə yaddaş kimidir. Arxivə baxırsansa, bu, o demək deyil ki, hər şey tamamilə yadından çıxıb. Sadəcə, yaddaş adamı yenidən o dünyaya, o dövrə qaytarır, xatirələri yadına salır.
- Bir sözlə, arxivdə yeni heç nə yoxdur?
- Var.
- Nə?
- Məsələn, bu günlərdə 1967-ci ildə yazılmış bir poemamı tapmışam və “Azərbaycan” jurnalına vermişəm. O illər mənim həyatımın bir hissəsidir.
- Poema indiyə kimi çap olunmayıb?
- Xeyr.
- Niyə?
- Bu, mənim özüm üçün də bir sirdir. Görünür, dövrlə əlaqədar olaraq çap olunmayıb. Yəni həmin illərdə senzura vardı, bəlkə də, buna görədir. Düzü, niyə o poema indiyə kimi yadıma düşməyib, bilmirəm. Görünür, yazıb atmışam bir kənara.
- Məncə, o illərdə sizin əsərləriniz senzuradan asanlıqla keçirdi axı.
- O vaxtlar mənim çox yazılarım çap olunub. Amma bu əsərim niyə çap olunmayıb, yenə deyirəm, heç özüm də bilmirəm. Əslində, arxivimə baxdıqca bu kimi çox şeirlərim ortaya çıxır.
- Fikrət müəllim, şeiri necə yazırsınız? Yəni hiss, həyəcan olur?
- Təbii, mən bir şeiri yazınca əziyyət çəkirəm, çox həyəcan keçirirəm. Sən Rəşad Məcid haqqında bir yazı yazmışdın, “Diş ağrısı” adında.
- Aha...
- Şeir də məndə diş ağrısı kimidir. İstəyirəm, çəkdirim canımı qurtarım.
- Mənim üçün maraqlıdır, özünüz özünüzlə tək qalanda, əlinizi vicdanınızın üstünə qoyub keçdiyiniz 80 illik ömür haqqında nə düşünürsünüz? Heç fikirləşirsiniz ki, mən bu ömrü necə yaşadım?
- Səncə, mən rahat düşünə, gecələr rahat yata bilməsəydim, 80 il yaşaya bilərdimmi? Mən hər axşam özümə hesabat verirəm. Bu mənim özümdən asılı olmayaraq baş verir. İstəyirəm tez yatam, bəzən olur, gecə saat 3-də yorğun halda işimi bitirib yatmağa hazırlaşıram. Amma yenə də düşünməyə bilmirəm. Harada bir yersiz söz işlətmişəmsə, yorğanın altında xəcalətimdən tərləyirəm, harada boş söz işlətmişəmsə, əsəbiləşirəm, amma harada xoş, yaxşı bir iş görmüşəmsə, ona söykənib rahat oluram və məni yuxu aparır.
- Məncə, şair xarakteri yaşa baxmır, elə gənclikdən qocalana kimi emosional, çılğın olur. Bəs sizdə necə, çılğınlıqlar çoxmu olub?
- Bayaq dedim, ayrı-ayrı xırda çılğınlıqlar ola bilər, amma mən həyatımda böyük mənada heç nəyə görə xəcalət çəkməmişəm. Çünki həmişə özüm-özümə hesabat vermişəm. Hesabat özünü redaktə etməkdir. Sanki sən doğulandan istədiyin kimi adam olmağa can atırsan. Kim istəməz ki, yaxşı adam olsun?
– Əlbəttə...
- Hətta pis adamlar belə yaxşı olmaq istəyir. Mən isə həmişə özümdən razılıqla yaşamaq istəmişəm. Buna görə də mənə fərq etməyib ki, kim mənim haqqımda nəyi necə deyir. Hərə öz bildiyi kimi yaşayır, düşünür. Mən hamı ilə razılaşsam, demək ki, heç kiməm, heç nəyəm.
- İndi 80 yaşınız var. Demək olar ki, hər şeylə təmin olunmusunuz. Ordenlər, medallar, titullar... Bəs indən belə özünüzlə bağlı bir şəxsi arzunuz varmı?
- Mən nə arzum varsa, hamısını yerinə yetirirəm. Arzu çətin olur, gec olur, amma yerinə yetir. İndi özümə qulluq edirəm, işimin adı budur ki, özümdən adam eləmək istəyirəm.
- Necə bir adam?
- Mənim görmək istədiyim adam.
- Anlamadım.
- Yəni bir heykəltəraş kimi insan özünü yonmağı bacarmalıdır, öz içindəki pisliyi, cəmiyyətə yaramayan şeyi görməlidir. Biz, əslində, heykəltəraşıq, özümüzdən adam düzəldirik. Bunu biz etməsək, heç kim etməyəcək.
- Anar müəllimlə otağınız üz-üzədir. Tez-tez dərdləşirsiniz?
- Biz görüşəndə həmişə dərdləşirik, söhbətləşirik. Demək olar ki, ədəbiyyatdan, təşkilat məsələləri barədə danışmırıq. Anarla mənim dostluğumun təxminən, 60 yaşı var. Halbuki, indi biz bir adamla heç bir il dostluq edə bilmirik.
- Adam var ki, 30 yaşa çatmır, amma sizin dostluğunuz 60 ildir ki, yaşayır.
- Biz hər bir intriqanı oturub müzakirə etsəydik, vallah, heç dostluğumuz da gəlib bu yaşa çıxmazdı.
- Fikrət müəllim, istərdinizmi ömür arxaya qayıtsın, təzədən 40 yaşından yaşamağa başlayasınız?
- Yox. (gülür)
- Niyə?
- İstəyərdim, bundan sonra 40 il də yaşayım.
- Allah ömür versin.
- Daha o yaşadıqlarımı yaşamışam. Arxada nə qalıbsa, onlar hamısı mənim ömrümün parçalardır. Mən yenidən eyni ömrü yaşamaq istəməzdim, çünki yenə də eyni şeyləri edəcəyəm.
- Yəni ciddi bir səhviniz olmayıb ki, onu bir də eləməyəsiniz? Peşmançılıq hissi yoxdur?
- Yox. Mən nə etmişəmsə, o, mənimdir. Səhvim də, doğrum da. Bir şey də deyim. Mənim səhvlərimi çox adam bilmir.
- Necə yəni?
- Yəni mənim ən çox sevilən şeirlərim var ki, orda o qədər tənqid olunası məqamlar görürəm, amma tənqid eləməyiblər.
- Sizin haqqınızda deyirlər ki, gənc yaşınızda çox istedadlı bir şair olubsunuz, amma sonra içinizə xəyanət etmisiniz deyə istedadınızı itirmisiniz və yaza bilməmisiniz.
- Hansı xəyanətdən söhbət gedirsə, bunu da yazsınlar. Bunu deyənlər iki şeyi bir- biri ilə qarışdırıblar. Biri var tənqid, biri də var, təhlil. Onlar tənqidi söyüş kimi başa düşürlər. İstedadsızlığın nədə olduğunu göstərmək lazımdır. Əlbəttə ki, mənim gənclikdə temperamentim, mövzularım başqa idi. Amma o vaxtlar şeir yazanda şeiri beş yerdən kəsirdilər. O olmaz, bu olmaz və s. Şeir illər üçün yazılır və öz sözünü müəyyən zamandan sonra deyir. Bu gün bəzilərinin qoçaqlıq dediyi şeylərin çoxu keçib gedir. Amma mən yenə də köhnə Fikrət Qoca olaraq qalmışam.
- Sizin bir şeiriniz var.
Könlüm nə vaxt arvad istədi,
Gördüm arvad namaz üstədi.
- Bəli, var.
- Bunu nə vaxt yazmısınız?
- Təxminən, 10 il olar.
- Maraqlıdır, 70 yaşında bir şair üçün bu şeir hansı ehtiyacdan, hansı ovqatdan yarandı?
- Bu, əvvəla öz xanımıma qarşı zarafatdır. (gülür) İkincisi isə, əslində, belədir. Mənim yoldaşım namaz qılır. Gündə beş dəfə namaz qılan adam evdə necə iş görə bilər? (gülür) Hələ o namazdan sonra Allaha yalvarmaq, istəyini dilə gətirmək var.
- Bir şeiriniz də var.
Barmek işığı söndürüb,
Hamilə qadın liftdədir, müftədir və s.
Bu da zarafat idi?
- Yox. Bu şeirin elə bir yerini çıxarıb yayıblar ki, əsas mənanı itiriblər. Burda çox ciddi bir məsələ var. Şeir “525-ci qəzet” də səhv getmişdi. Hamilə qadın liftdədir, yerinə, hamilə qadın müftədir yazılmışdı. Mən bunu onlara dedim, sonra düzəltdilər.
- Hal-hazırda şeir yazırsınız?
- Əlbəttə, yazıram. Yazmasam, heç sabaha ümidim olmaz, yaşamaram. Mən əslində, şeir yazmaq üçün yaşayıram.
- Əkrəm Əylisli sizin bir kitabınıza ön söz yazıb. O hansı kitab idi?
- O mənim seçilmiş əsərlərim idi.
- Mən özüm oxumuşam həmin ön sözü və çox xoşuma gəlib. İndi Əkrəm müəllimlə aranız dəyib, dost kimi ondan imtina etmisiniz, bəs həmin ön sözdən necə, imtina etmək fikriniz yoxdur ki?
- Yox, qətiyyən imtina kimi bir fikrim yoxdur. Amma Əkrəm dost kimi axıra qədər eyni bir adam olmadı. Əkrəmdən imtina etməyimin səbəbi budur. Dostluq çətin şeydir. Mənim atam həkim idi və həmişə mənə məsləhət görürdü ki, bir adam ki, səninlə axıra qədər dostluq edə bilmir, o adam xəstədir, elə adamla dostluq etmə. Mən bu xəstəliyi Əkrəmdə gördüm.
- Fikrət müəllim, Qoca təxəllüsü sizdə nə vaxtdan var? Əvvəldən Qocasınız, yoxsa sonra Qocaldınız?
- Mənim soyadım Qocayevdir. O zamanlar “ov”, “yev” sonluqlarını pozmağa icazə vermirdilər. Mən özüm Ağdaşdanam və onda orda Qocayevlər ailələri vardı. Moskvadan təzə gəlmişdim. Gördüm bizim uşaqlar ya zarafata, ya da mənə sataşmaq üçün işlədiyimiz qəzetdə yazmışdılar ki, Fikrət Qocayev bu bazardan girib o bazardan çıxır, gah alma satır, gah alça satır, tutub aparırlar, cibindən intim şeirlər çıxır. Həmin adam tamamilə ayrı bir Fikrət Qocayev idi. (gülür)
- Aha...
- Təbii ki, bu qəsdən olmuşdu və həqiqəti heç kimə izah edə bilməzdim. Onda işlədiyim qəzetin baş redaktoru Cəmil Əlibəyli idi. O dedi, mən baş redaktor adı ilə buna bir etiraz yazısı yazmaq istəyirəm. Onu yazanlarla da dalaşdı ki, bəs ayıbdır. Bax, onda mən Qoca təxəllüsü ilə şeir yazdım, mənə bu söz-söhbətdən sonra icazə verdilər ki, həmin təxəllüsü özümə götürüm.
- Təxminən, neçənci illər idi?
- 64-65-ci illər...
- Sizi Yazıçılar Birliyində katib olduğunuz üçün də çox tənqid edirlər. Deyirlər, Fikrət Qocanın bağ evində oturub dincəlmək vaxtıdır, nəvələri ilə oynayan yaşıdır, amma vəzifədən əl çəkmir.
- Əvvəla, mən AYB-də işləməsəydim, sən mənimlə intervü almaqdan ötrü bağ evimə gəlməli olacaqdın. (gülür)
- Doğrudan, bir də taksi tut, bağ evinə get. Hamısı əlavə xərcdir.
- Bəlkə də, gəlib görəcəkdin ki, bağda da yoxam, çıxıb harasa getmişəm. İkincisi, məni yazarlar bu vəzifəyə seçiblər ki, birinci katib olum. Axı mən məni seçənlərə niyə xəyanət etməliyəm? Niyə məni tənqid edən ən uzağı yüz nəfər axmaq adama görə bu qədər şairin, yazıçının sözünü yerə salmalıyam?
- Axmaq?
- Şəxsən mənə münasibətlərinə görə axmaq deyirəm.
- Aydındır.
- Əvvəla, Yazıçılar Birliyinin üzvlərinin heç olmasa ali təhsili var. İkincisi, onu deyən adamların düşüncə tərzinə bələdəm, bu vəzifədə onlar özlərini görmək istəyirlər.
- Bəs işləməkdən yorulmursunuz?
- Mən işsizlikdən yoruluram. Fikir versəniz, şairlərdən, yazıçılardan intihar edənlərin çoxu artıq yaza bilməyənlərdir. Sanki hər şey bitib, yaşamağın bir mənasını görmürlər.
Kəramət Böyükçöl