19 Oktyabr 2015 15:43
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzuxan Əlizadə: “Qurultay parlament seçkilərindən sonra çağırılacaq”

“İstənilən siyasi təşkilatda çalxalanmaların baş verməsi labüddür və təcrübə göstərir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların hamısında bu proses yaşanıb. Partiyanın özünün gücündən asılı çox şey var. Əgər partiya üzvləri birgə olaraq bu prosesdən çıxmaq üçün irəliyə addım ata bilirlərsə, bu proses əksinə təsir edir, yəni, partiyanı zəiflətməkdən daha çox birliyin əldə olunmasına və təşkilatın güclənməsinə səbəb olur. Hesab və ümid edirəm ki, bu dəfə müşahidə etdiyimiz prosesdən AMİP güclü partiya olaraq çıxacaq və bu çalxalanma partiyanın nüfuzuna təsir göstərməyəcək, növbəti mərhələdə AMİP daha güclü siyasi təşkilat olaraq çıxış edə biləcək”.

Bunu Teleqraf.com-a müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi və sədrin səlahiyyətlərini icra edən Arzuxan Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Hazırda Sizi AMİP sədri kimi təqdim etmək olarmı?
- AMİP nizamnaməsinə əsasən, sədr postu hər hansı bir səbəbə görə boşalırsa, bu səlahiyyətlərin icrası növbəti qurultay keçirilənə qədər baş katibə keçir. Baş katib olmadıqda isə Mərkəzi Şuranın sədri AMİP sədrinin səlahiyyətlərini icra edir. Yəni, bu ardıcıllıqla sədrin səlahiyyətləri digər şəxslərə keçir. Hazırda AMİP sədri postu boş qaldığı üçün nizamnaməyə əsasən baş katib bu səlahiyyətləri icra edir.

- Sədrin istefasının konkret səbəbləri bəlli oldumu?
- Biz yalnız Yusif Bağırzadənin özünün dediyi səbəblərin üzərində dayana bilərik. Artıq AMİP-in sabiq sədri Yusif Bağırzadə səhhətində yaranan problemlər səbəbindən istefa verdiyini bəyan edib və partiyaya göndərdiyi ərizədə də həmin səbəbi göstərib. Odur ki, başqa bir səbəb üzərində dayanmaq istəməzdim.

- İstefa ərizəsindən sonra sabiq sədrlə əlaqə saxlamısınızmı?
- Xeyr.

- Niyə?
- Hazırda Yusif Bağırzadə səhhətində yaranan problemlə əlaqədar xaricdə müalicə olunur. Yəni, bizdə olan məlumat bundan ibarətdir. Şübhəsiz ki, özü Bakıya qayıtdıqdan sonra bizimlə əlaqə saxlayacaq.

- Sədrin tutduğu postdan istefası başa düşüləndir, bəs, AMİP üzvlüyündən də istefa verməsinə səbəb nə olub?
- Təbii ki, bu məsələyə də özü ilə təmasdan sonra aydınlıq gətirilə bilər. Hərçənd ki, sədrlikdən getmək üzvlükdən istefa verməklə əlaqəli olmalı deyildi. Görünür, özü bu cür lazım bilib. Məncə, sabiq sədrin özü bu məsələyə daha geniş aydınlıq gətirə bilər.

- Sədr kimi özünüzü necə hiss edirsiniz?
- Elə baş katib olanda özümü necə hiss edirdimsə, indi də o cür hiss edirəm. Başqa və yeni bir hiss yoxdur. Şübhəsiz ki, məsuliyyət bir qədər artıb. Ən azından növbəti qurultaya qədər bu yükü dartıb aparmaq lazımdır. Eyni zamanda parlament seçkiləri ərəfəsidir və bu da məsuliyyətimizi iki qat artırıb. Mən bunun fərqindəyəm. Bütün bunları nəzərə alaraq sədrin səlahiyyətlərini necə icra etdiyimizi zaman özü göstərəcək. Mən hər gün partiyanın qərargahına gəlib-gedirəm. Bir ay əvvəl də gəlib-gedirdim.

- Sədrin istefasından AMİP rəhbərliyinin məlumatı belə olmayıb. Hazırda istefa qərarı partiya üzvlərinə hansı təsiri göstərib və ümumi vəziyyət nədən ibarətdir ?
- Təbii ki, bu, arzuedilməz bir proses idi. Heç kəs istəməzdi ki, xüsusilə, indiki məsul dönəmdə partiya sədri istefaya getsin. Odur ki, hər kəs fakt qarşısında qalıb və bu vəziyyətdən çıxmaq üçün hər bir şəxs məsuliyyətini artırmalıdır. Fikrimcə, AMİP yaranandan elə struktur formalaşıb ki, sədrin və digər rəhbər şəxsin olub-olmamasından asılı olmayaraq partiya fəaliyyətini davam etdirir və bundan sonra da belə olacaq. Şübhəsiz ki, sədrin istefası bir o qədər də xoşagələn durum deyil. Olmasaydı, daha yaxşı olardı. Ancaq bu, baş verib və biz faktla razılaşmalıyıq.

- AMİP-in növbəti qurultayı ilə bağlı hansı yeniliklər var?
- Qurultay parlament seçkilərindən sonrakı dövrə saxlanılır. Qurultayın keçirilməsi, vaxtın müəyyən edilməsi ilə əlaqədar olaraq Siyasi Şura Mərkəzi Şuranı çağırmalı və qurultayın yeri və vaxtı barədə qərar Mərkəzi Şurada verilməlidir. Prosedura qaydası bundan ibarətdir. AMİP-də növbəti qurultaya hazırlıq prosesi aparılıb və bu iş başa çatdırılıb. Bu məsələ ilə əlaqədar olaraq Siyasi Şura qarşısında hesabat da verilib. Artıq AMİP növbəti qurultayına hazırdır. Şübhəsiz ki, qurultay parlament seçkilərindən sonra çağırılacaq.

- Qurultayınız üçün 3 ay lazım gələcək ?
- Üç ay vaxt aparmaya, daha tez reallaşa bilər. Bir daha qeyd edim ki, bu Mərkəzi Şuranın qərarına bağlı olan məsələdir. Mərkəzi Şurada bütün məsələlər müzakirə ediləcək və partiyanın növbəti dönəmdə hansı proqram və platforma ilə çıxış edəcəyi aydın olduqdan sonra qurultayın keçirilməsinə start veriləcək.

- Yəni, 2015-də keçiriləcək...
- Nəzəri baxımdan qurultayın 2015-ci ildə baş tutması mümkündür.

- Uzun illərdir AMİP-in baş katibi postundasınız. Sədrliyə iddianız varmı?
- Mən 2005-2006-cı illərdə baş katib olmuşam. Hazırda isə 2010-cu ildən bu vəzifədəyəm. Hesab edirəm ki, AMİP-də sədrliyə kifayət qədər layiq və real namizədlər var. Zaman göstərəcək. Kim özünü bu məsuliyyətin altına girməyə hazırlıqlı hesab edəcəksə, qurultay da namizədliyini irəli sürəcək. Sədr seçkiləri isə AMİP-də şəffaf formada baş tutur. Bizdə kifayət qədər namizəd ola bilər. Şəxsən özüm bu məsələyə Mərkəzi Şura qurultayın çağırılması haqqında qərar verdikdən sonra qayıdacam. Çünki öncədən fikirlərimi demək istəmirəm. Sədrliyə namizədliyini irəli sürmək istəyən digər şəxslərlə marafona eyni vaxtda qoşulmaq baxımından da, bu, doğru olardı. Bizdə öncədən belə qayda var ki, Mərkəzi Şuranın müvafiq qərarından sonra iddialı şəxslər sədrliyə iddiasını ortaya qoyur və partiya daxilində seçki kampaniyası başlanır. Odur ki, öncədən bu məsələyə dair fikrimi açıqlamaq istəmirəm.

- Neçənci dəfədir AMİP-də qəfil sədr dəyişiklikləri baş verir, çalxalanmalar müşahidə olunur. Bu, partiyanı nə dərəcədə zəiflədir ?
- İstənilən siyasi təşkilatda çalxalanmaların baş verməsi labüddür və təcrübə göstərir ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların hamısında bu proses yaşanıb. Partiyanın özünün gücündən asılı çox şey var. Əgər partiya üzvləri birgə olaraq bu prosesdən çıxmaq üçün irəliyə addım ata bilirlərsə, bu proses əksinə təsir edir, yəni, partiyanı zəiflətməkdən daha çox birliyin əldə olunmasına və təşkilatın güclənməsinə səbəb olur. Hesab və ümid edirəm ki, bu dəfə müşahidə etdiyimiz prosesdən AMİP güclü partiya olaraq çıxacaq və bu çalxalanma partiyanın nüfuzuna təsir göstərməyəcək, növbəti mərhələdə AMİP daha güclü siyasi təşkilat olaraq çıxış edə biləcək.

- AMİP lideri Etibar Məmmədovun bilavasitə sədrliyə qayıtması, partiyanın idarəçiliyində iştirak etməsinə dair məlumatlar səslənir. AMİP üzvlərinin E.Məmmədovun partiya rəhbərliyinə dönməsinə dair təşəbbüs və təklifləri varmı?
- Bu cür təklif və təşəbbüslər var. Etibar Məmmədov Azərbaycan siyasətində sözünü deyən xadimdir. Heç şübhəsiz ki, onun sədrliyi zamanı AMİP daha güclü, nüfuzlu olub. Bu, danılmaz faktdır. Lakin bu gün Etibar Məmmədov AMİP-in lideridir. Lider postu isə sədr postundan yüksəkdir. Amma eyni zamanda partiya daxilində Məmmədovun özünün proseslərə bilavasitə müdaxilə etməsi, rəhbərlik etməsi təklifləri sürülür. Ancaq bu məsələlər Etibar Məmmədovun şəxsi qərarına bağlı məsələdir.

- AMİP parlament seçkilərinə neçə namizədlə qatılıb ?
- Biz ilkin olaraq seçkilərə 29 namizədlə qatılmışdıq. Müxtəlif səbəblərdən namizədliyi qeydə alınmayanlar, geri çəkənlər olub. Hazırda AMİP-in 12 namizədi qeydə alınıb. Bundan başqa, bir nəfər Gəncə təşkilatının üzvü öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və qeydə alınıb. Bu seçkilərdə AMİP-in 13 namizədi var.

- AMİP kimi tarixi partiyanın seçkilərə 13 namizədlə getməsi normal haldır ?
- 2010-cu il parlament seçkilərində biz daha çox namizəd irəli sürmüşdük. Həmin zaman hakim partiyadan sonra ən çox namizəd irəli sürən təşkilat AMİP oldu. Bizim 70-dən çox namizədimiz var idi. Düzdür, həmin vaxt namizədlərimizin hamısı qeydiyyatdan keçə bilmədi, 25 namizədimiz qeydə alına bildi. Biz də seçkilərdə iştirak etdik. Ancaq 25 AMİP-çi namizəd o zaman seçkidə ən çox namizəd irəli sürən partiya mənsubları idi. Bu dəfə isə Siyasi Şura və Mərkəzi Şura belə qərar verdi ki, kəmiyyətə deyil, keyfiyyətə fikir verilsin. Ona görə də, bu seçkilərdə daha az namizədlə seçkilərə getdik. Hesab edirəm ki, 12 namizəd partiyanı təmsil edərək seçkiyə qatılırsa və uğur əldə edəcəksə, bunu partiyanın uğuru kimi qiymətləndirmək olar.

- AMİP-in beynəlxalq əlaqələri var, daima xaricə səfərlər edirsiniz, bura qonaqlarınız gəlir. Bütün bunlar həm də maliyyə tələb edir. Sədrin istefasından sonra bu istiqamətdə çətinliyiniz olmayacaq?
- Heç bir problem olmayacaq. AMİP-in beynəlxalq əlaqələri partiya yarananda əsası qoyulan əlaqələrdir. Etibar Məmmədovun zamanında bu əlaqələr ciddi inkişaf etdirilib. Ondan sonra da əlaqələrin irəli aparılması istiqamətində addımlar olub. Bu əlaqələr hazırda güclənmiş vəziyyətdədir, bundan sonra da artan dinamika ilə irəli gedəcək. Yəni, Yusif Bağırzadənin partiyada olub-olmamasından asılı olmayaraq bu istiqamətdə inkişaf olacaq.

- Demək istəyirsiniz ki, Yusif Bağırzadədən sonra maliyyə problemi olmayacaq?
- Hər halda çalışacağıq ki, maliyyə problemi bu əlaqələrin saxlanmasına və inkişafına mane olmasın.

Nemət


Müəllif:

Oxşar xəbərlər