Teleqraf.com-un “Portret” layihəsində Elnur Astanbəyli mərhum şair Akif Səməd haqqında danışır:
– Elnur bəy, Akif Səmədi nə vaxtdan tanıyırdınız?
– Akif bəyi şəxsən tanımağımın tarixçəsi yanlış xatırlamıramsa, 1997-ci ilə gedib çıxır. O vaxt şeir yazdığımı hətta evdə də heç kim bilmirdi, amma oxuduğum sinifdə bir diqqətsizlik üzündən “sirrim” faş olmuşdu. Məktəbli çantamdakı dəftərlərdən biri, – hansı ki, axır vərəqlərinə bir neçə şeir yazımışdım – necə olmuşdusa, ələ keçmişdi, mən də o dəftərdəki şeirlərin mənə aid olduğunu inadla boynumdan atmışdım, amma təbii ki, bu cəhdim fiaskoya uğramışdı. Adım sən də məni bağışla, şair çıxmışdı.
– Pis xəbərlər həmişə tez yayılır...
– Elin ağzı torba deyil büzəsən. Bu söhbət əvvəl məktəbdə, sonra da kənd arasında yayılmışdı. Bir Alı Baba vardı kənddə. Təbli, istedadlı adamdı, (Qəbri nurla dolsun) xəbər gedib onun qulağına da çatmışdı, bir gün qonşuluqda toyda tutdu yaxamdan, dedi, nə məsələdi, əvvəl yenə boynumdan atdım, ancaq xeyri olmadı. Axırda məcbur qalıb ona şeirlərdən bir-ikisini dedim, bir az təriflədi...
Aradan bir neçə ay keçdi, soyuq bir qış axşamıydı, gecə gecədən keçmişdi, qapımızda maşın səsi eşidildi. Təəccüblənmədik, atam məclis adamı idi, belə qəfil qonaqlara adətkardaydıq. Atam qapıya çıxdı, bir neçə dəqiqə sonra qayıdıb gəldi ki, dur əynini geyin, qonaqlarımız var, səni görmək istəyir. Yarıyuxulu geyinib çıxdım, Akif əmini görən kimi, əlbəttə, tanıdım və çaşıb qaldım. Utana-utana gedib görüşdüm. Məlum oldu ki, Alı Baba ona bir bənd şeirimi deyib, o bir bənd də Akif əmini tutub. Gecənin bu vaxtı gəlməyinin səbəbi də həmin o bir bənddir.
– O şeir haqqında nə dedi?
- Düzü, atam söhbətə əvvəlcə “fransız” qalmışdı, handan-hana qayıtdı ki, ay Akif, Elnur nədi, şeir nədi, uşağı şərləmə, qoy dərsi ilə məşğul olsun. Amma sonradan Akif əminin israrları ilə gedib şeir dəftərimi gətirəndə atam tərs-tərs baxmışdı üzümə, qanı əməlli-başlı qaralmışdı. Sonralar bunun səbəbini soruşanda demişdi ki, mən səni tarixçi kimi görmək istəyirdim, şeir yazdığını öyrənəndə dedim vəssalam, bu uşaqdan kosmonavt da olar, amma tarixçi olmaz. Çünki tarixçi gərək soyuqqanlı olsun, emosiyalardan, hisslərdən uzaq olsun.
Nə isə, sözüm onda deyil, Akif əmi şeir dəftərimi də götürüb getdi. Gedəndə də söz verdi ki, ordakı şeirlərdən seçib çap etdirəcək, amma sonradan heç bir xəbər çıxmadı. Düzü, mən də heç vaxt həmin dəftərin taleyi ilə maraqlanmadım.
– Niyə?
– Səmimi deyim, ordakı şeirlərin çap olunub-olunmamasının da bir anlamı yox idi mənim üçün. Əsas o idi ki, Akif bəyi şəxsən tanımışdım. Bu tanışlıq mənim sonrakı taleyimi yönləndirdi, məni mənəvi-ruhi, əxlaqi olaraq istiqamətləndirdi.
– Onun haqqında əvvəl necə düşünürdünüz, indi necə düşünürsünüz və bundan sonra necə düşünəcəksiniz? Sizcə, Akif Səmədi üç zamana – keçmiş, indiki və gələcəyə bölmək mümkündürmü?
– Açığı, Akif bəylə bir çox hallarda baxışlarımız əsla üst-üstə düşməyib. Bu daha çox ədəbiyyata baxışda ayrı-seçkilik idi. Onun Azərbaycan çapında bəyəndiyi şairlərin əksəriyyətini mən bəyənməzdim. Onun Azərbaycan çapında bəyəndiyi yazıçıların əksəriyyətini mən, ümumiyyətlə, yazıçı hesab eləməzdim. O da bunu xeyli təbii qarşılayardı, xeyli də çalışardı ki, məni, məsələn, İsmayıl Şıxlının böyük yazıçı, ya da Ramiz Rövşənin böyük şair olduğuna inandırsın.
Bütün hallarda çox demokratik adam idi, onunla hər şeyi rahat-rahat danışmaq, dartışmaq olardı, onunla çox asanlıqla, heç bir kompleks keçirmədən razılaşmamaq olardı. Ədəbiyyata, sənətə baxışları əsasən, mühafizəkar idi deyə, az mübahisə etməzdik, amma söhbətin bir məqamında qəfildən söz tutaq ki, Nazim Hikmətdən düşərdi və ikimizin də əhval-ruhiyyəsi, ovqatı tamamilə dəyişərdi. Akif Səməd dünən də mənim üçün Azərbaycanı azad, çağdaş, demokratik görmək istəyən bir aydın idi, bu gün də elədir, sabah da belə olacaq. Onun ən böyük üstünlüklərindən biri polemikanı sevməsi idi. Yaxşı mənada qaşınmayan yerdən qan çıxarmağa – hansısa tabu mövzulara toxunmağa, mübahisə yaratmağa, fikir toqquşdurmalarına həvəsli idi.
– Necə düşünürsünüz, bu polemikalarda o, daha çox haqlı olurdu, yoxsa haqsız?
– Bu zaman haqlı, yaxud haqsız olmağı əsla önəmli deyil. Önəmli odur ki, polemika yaradırdı, dartışma yaradırdı. Onun üçün canlı, diri, sağ olmaq yalnız fiziki hadisə deyildi, həm də mənəvi hadisə idi. Mənəvi olaraq diri idi, canlı idi, daim hansısa mövzuda kiminləsə mübahisəyə girməyə, çəkişməyə can atırdı, doğruların, həqiqətlərin yalnız bu cür polemikalardan, fikir toqquşmalarından ortaya çıxacağına inanırdı. Onu mənim üçün unudulmaz və qiymətli edən, ondan öyrənməyə çalışdığım ən böyük keyfiyyət də budur...
– Polemika dediniz, yadıma məşhur “Həcər qalmaqalı” düşdü...
– Dediyim kimi, Akif bəy polemikalara meyilli idi, dediyiniz məsələ də böyük qalmaqal qoparmışdı. İndi bir çox detalları dəqiq xatırlamıram, amma o yadımdadır ki, sonadək fikrinin üstündə qaldı, səhv etmirəmsə, dedikləri də Tiflis dəftərxanasının arxivindəki hansısa sənədlərə əsaslanırdı. Amma ümumilikdə bilmirəm bu çapda polemikanın bizim üçün tarixi əhəmiyyəti nədən ibarətdir. Hər halda, reallıq odur ki, kiçik bir məqalə aylarla gündəmi zəbt etdi, Akif bəyə qarşı fiziki hücumlar təşkil etmək fikrinə düşənlər belə vardı.
Qatır Məmmədlə bağlı yazısı da ciddi hay-küy yaratmışdı, Akif Səməd hesab edirdi ki, onu “qəhrəman” kimi təqdim etmək gərəksizdir, çünki o rus işğalçıları üçün çalışıb.
– Adətən, belə hallarda deyirlər ki, məşhurlaşmaq istəyir, ona görə hamını tənqid edir.
– Yox, onun bu cür yazılarının kökündə əsla hansısa məşhurluq mərəzi yatmırdı, xaraktercə çox alçaqkönüllü, təvazökar adamıydı. Onu ədəbi qalmaqalların, yaxud ictimai polemikaların mərkəzinə çəkən, sadəcə, öz dünyagörüşlərini, fikirlərini qorxmadan, açıqca bəyan etməsi idi. Siyasi, ictimai, mədəni, yaxud tarixi mövzularda müzakirəsini yararlı hesab etdiyi heç bir məsələdə fikir bildirməkdən, onu dartışmaya açmaqdan çəkinməzdi. Bu da onun üstünlüyü idi. Məhz bu, onu bir qələm adamından bir aydına çevirən keyfiyyət idi.
– Bəs Akif Səmədi bir şəxsiyyət kimi necə xarakterizə edərdiniz? Onun elə bir özəl xüsusiyyəti vardımı ki, heç vaxt yadınızdan çıxmır?
– Bilirsən, bizdə xatirə yazmaq da, danışmaq da çox idbarlaşıb, iyrəncləşib, ürəkbulandıran bir şeyə çevrilib. Belələri ya xatırladıqları adamdan çox özləri barədə yazır, danışırlar, ya da bunu tamada kimi edirlər, yazdıqları, danışdıqları xatirədən çox tosta bənzəyir.
Kiminsə ölümündən sonra onun sağlığındakı yaxşı, ya da pis əməllərinin azərbaycanlılar üçün heç bir dəyəri qalmır, hamı haqqında eyni şövqlə, eyni üslubla yazılır, danışılır. Belə çıxır ki, bu ölkədə ümumiyyətlə, heç vaxt pis adam olmayıb! Halbuki başımıza gəlməyən pislik də qalmayıb. Bu mənada indi Akif bəy barədə deyəcəklərim ümumi tendensiyanın içində çox ənənəvi, gəlişigözəl görünə bilər. Amma tam səmimi deyirəm, o, həqiqətən də çox yaxşı adam idi! Kimə görə yaxşı şair idi, kimə görə yaxşı publisist idi, bunlar öz yerində, amma öncə yaxşı adam idi. Xarakter idi!
– Deyirlər, Akif Səməd ağır taxtalı kişi olub. Onun haqqında deyilən bu sözü siz necə izah edərdiniz?
– Açığı, “ağır taxtalı kişi” ifadəsini mənalandırmaqda çətinlik çəkirəm, mənə xeyli dərəcədə arxaik, bir o qədər aqrar görünür, eyni zamanda, heç bir xüsusi anlam ifadə etmir. Həmin ifadəni onun astagəlliyi, ləngliyi ilə əlaqələndirirlər, amma mənim tanıdığım Akif Səməd xeyli fərqliydi. Məsələn, hər hansı görüş yerinə hamıdan tez gələrdi, dostları hamıdan tez bir araya yığardı, səfərlərdən yorulmazdı, hər hansı hadisəyə hamıdan tez reaksiya verərdi. Hazırcavab idi. Yaradıcılıq mənasında məhsuldar idi. Düşüncə, fikir etibarilə çevik idi. Yəni onun astagəlliyi tutaq ki, ləng yerişi, yavaş-yavaş, aram-aram danışığı daha çox sağlamlığındakı problemlərdən irəli gəlirdi, fiziki hadisəydi, iki dəfə infarkt keçirmişdi. Amma mənəvi baxımdan dinamik adamıydı.
Onu həmişə polemikaların, fikir toqquşmalarının, ictimai-siyasi, ədəbi-mədəni mübahisələrin, müzakirələrin içində görmək olardı. Şübhəsiz, çox koloritli bir insandı, danışığı, səs tonu belə özünəməxsus idi. Uzun illər işlədiyi Azərbaycan radiosunun, başda Səməndər Rzayev olmaqla, unudulmaz, sevilən səsləri sırasında Akif Səmədin səsinin də özəl yeri olduğuna inanıram. Buxara papağı, siqaretdən saralmış bığları, geyim-kecimi hər nə qədər onu ənənəvi, köhnə Azərbaycan-türk kişisi kimi göstərsə də, bu qətiyyən özü haqqında obraz yaratmağa hesablanmamışdı, bu onun real və səmimi halı idi. Hərçənd sonralar bir çoxunda özünü Akif bəyin bu obrazına oxşatmaq meyilləri yarandı. Onlar kənardan necə gülməli göründüklərindən xəbərsiz idilər!
– Onun yaxın dostları kimlər idi, Akif Səmədi ən çox kimlərlə bir yerdə görürdünüz?
– Akif bəylə oturduğum məclislərin iştirakçıları adətən eyni olardı: “Müxalifət” qəzetinin baş redaktoru Nəsir Əhmədli, redaktoru Qəmbər Yusif, dəyərli qələm dostumuz Ehtiram İlham (Yeri gəlmişkən, onunla bizim tanışlığımızın səbəbkarı elə Akif bəy olmuşdu, Ehtiramı “bacıoğlu”, məni “qardaşoğlu” deyə çağırardı), rəssam Məmməd Dəmirçioğlu, jurnalist Səbuhi Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tənqidçi Mehdi Şıxlinski... Təbii ki, çevrəsi çox geniş idi, amma mən Akif bəyi daha çox adlarını çəkdiklərimlə bir masanın arxasında görərdim. İnanılmaz dərəcədə müsbət enerjili adam idi, onun olduğu ortamlarda yorulmaq, sıxılmaq, darıxmaq, nə bilim, qan-qaraçılıq, kefsizlik qeyri-mümkün idi.
– Sizcə, bu gün onun şeirləri çağdaş ədəbiyyat müstəvisində necə görünür?
– Akif Səməd “itirilmiş nəsil” adlandırılan 80-cilərin nümayəndəsidir. “İtirilmiş nəsil”in itirilməmiş nümayəndəsi. Belələri, onun nəsildaşları arasında barmaqla sayılacaq qədər azdır. Ona görə yox ki, Akif Səmədin istedadı onlardan neçə başsa üstün idi, ya da ona görə yox ki, Akif Səmədin hansısa xüsusi imtiyazları-filan vardı. Ona görə ki, Akif Səməd həyatından ədəbiyyat adına çox fədakarlıqlar etdi, ağır maddi-sosial problemlər içində belə ədəbiyyatdan qopmadı. Bir də onun geniş mütaliəsi vardı. Rus nəsrində Rasputindən tutmuş, fransız nəsrində Emil Zolyayadək bir çox dünya yazıçılarını mən onun məsləhətlərindən sonra oxuyub-tanımışam.
Yadımdadı, Bilgəhdə sanatoriyada uzunmüddətli müalicə olunurdu, məndən xahiş edirdi ki, hər həfə “Literaturnaya qazeta”nı tapıb ona çatdırım. Yaxud müxtəlif kitablar istəyirdi. Qaldığı otağı görmək lazım idi: çarpayının üstündən tutmuş kiçik masanın üzərinə, pəncərənin qarşısınadək hər tərəf kitablarla, rus qəzet-jurnalları və kağız-kuğuzlarla dolu olardı. Məncə, Akif bəyi mənsub olduğu o “itirilmiş nəsil”in içərisindən diri, sağ çıxaran ən əsas iki səbəb budur. Ölümündən əvvəl çox şeir yazırdı, - bəlkə də fiziki sonluğunu gördüyü üçün tələsirdi, bilmirəm, - amma əksəriyyətini bəyənməzdim, mənim üçün onun 80-ci illərdə, 90-cı illərin ortalarınadək yazdığı şeirlər daha maraqlıdır. Ənənəvidirlər, amma özünəməxsusdurlar.
– Sizin fikrinizcə, Akif Səmədin ölümünün günahkarı kim oldu? Cəmiyyət, həyat, mühit, içki, yoxsa elə özü?
– Ölümündən sonra yazdığım yazının başlığı belə idi: “Akif Səmədi öldürdülər!” Mənim üçün onun ölümü daha çox qətldir, edamdır. Onu qətlə yetirdilər. Dünən də belə düşünürdüm, bu gün də eyni fikirdəyəm, sabah da bu qənaətimdə nəyinsə dəyişəcəyinə inanmıram. Onun ölümündə içki günahkar idimi? Məncə, bu suala ən yaxşı cavabı elə özü vermişdi. Dostlardan biri ona tez-tez ya az içməyini, ya da heç içməməyi məsləhət görürmüş. Axırda bir gün Akif bəy dözmür, qayıdır ki, “ay qardaş, bunun ziyanlı olduğunu mən səndən qat-qat yaxşı bilirəm. Sən zəhmət çəkib arada özünü pis eləmə”. İçki onu öldürmədi, sadəcə, ola bilsin, ölümünü sürətləndirdi. Çox erkən yaşda iki ağır infarkt keçirmiş bir insanın tibbi cəhətdən uzun yaşamaq şansı nə qədərdir, bilmirəm, amma mənəvi cəhətdən bu mənə imkansız görünür. Əgər həmin insan bir vətəndaş, bir aydın kimi məmləkət məsələrində dəhşətli dərəcədə həssas, məişət məsələlərində də xeyli qayğılıdırsa! O heç vaxt ətrafa mənfi enerji saçmazdı, maddi durumunun da, səhhətinin də ən çətin vaxtlarında zarafatlardan qalmazdı, şikayət, giley-güzar eləməzdi, amma hər birimiz bilərdik, o işıqlı, gülər üzün arxasında necə narahatlıqların, əzabların, ağrıların gizləndiyini!
– Bayaq oturub-durduğu adamların adını çəkdiniz. Maraqlıdır, Akif müəllimin söhbətlərində əsas mövzu nə olurdu, nə danışırdı, onu narahat eləyən və sevindirən əsas şeylərin adı nə idi?
– Açığı, biz onunla daha çox o anda gündəmdə olan, aktual mövzu nə idisə, bu barədə danışırdıq. Şübhəsiz, söhbətlərin böyük hissəsini ədəbiyyatla bağlı məsələlər təşkil edirdi. Bir çox hallarda fikir ayrılıqları yaşayırdıq, ortaq nöqtələrimiz isə daha çox idi. Azərbaycanın siyasi mənada gələcəyi ilə bağlı eyni cür düşünürdük, amma tutaq ki, ədəbiyyatımızın gələcəyi mövzusunda düşüncələrimiz xeyli haçalanırdı, bunun da kökündə öncə də dediyim kimi, onun ədəbi estetika baxımından xeyli dərəcədə mühafizəkar dünyagörüşdən çıxış etməsi dururdu. Bununla belə, xüsusilə son 50-60 ildə Azərbaycan xalqına böyük şair-yazıçı kimi sırınanların çoxu ilə bağlı eyni fikirdə idik, məsələn, mən ondan 60-cılar haqqında çox dəqiqliklə deyilmiş “ədəbi xruşşovkalar” ifadəsini eşitmişdim.
– Akif Səmədin ölüm xəbərini harda eşitdiniz? Onun ölüm şəraiti necə oldu?
– Qoy əvvəlcə bunu danışım: mən “Ədalət” qəzetində mədəniyyət şöbəsinə baxırdım, ölümündən bir gün öncə, redaksiyanın yerləşdiyi “Azərbaycan” nəşriyyatına gəldi, əksər hallarda olduğu kimi aşağıdan zəng elədi ki, “düş 1-ci mərtəbəyə, “obed” eləyək”. Həmin vaxt yanımda Seymur Baycan vardı, mən əlimdəki yazını bitirəndən sonra biz onsuz da 1-ci mərtəbəyə, nəşriyyatın şanı dillər əzbəri olan kafesinə düşməyə hazırlaşırdıq. Amma Akif bəyin zəngindən sonra mən duruxub qaldım, çünki o, Seymur Baycanı sərt tənqid eləmişdi kimə görəsə, Seymur da sərt cavab vermişdi. Açığı, Seymur bu cür məsələlərdə ciddi kompleksi olan adamdır, məsələni ona deyəndə gördüm, heç ürəyincə olmadı. Dedi, birdən artıq-əskik söz deyər, yaxşı düşməz. Nəsə ki, yola gətirdim, düşdük aşağı və Akif bəy mənimlə bərabər onunla da öpüşüb görüşdü, oturduq, yarım saatdan sonra isə onlar yüz ilin tanışları kimi söhbət edirdilər, sonralar Seymur özü də etiraf elədi ki, bu görüşlə Akif bəy barədə təsəvvürləri 180 dərəcə dəyişib. Məsələ bunda deyil. Həmin gün mənim yadımda Akif Səmədin əvvəlcə uşaq kimi doluxsunması, sonra da göz yaşlarını tuta bilməməsi ilə qaldı...
– Nə olmuşdu ki?
– Səbəbi AYB-nin iki ay əvvəlki qurultayında Akif bəyin dost dediklərindən heç bir dəstək görməməsi, bu da azmış kimi, qurultayda sədrliyə namizədliyini irəli sürdüyünə görə onlardan kinayə və qınaq eşitməsi idi. Yeri gəlib bunu da deyim: Qurultayda ona səs verməyi özünə rəva görməyənlər, qurultaydan sonra da onun Anara rəqib olmaq istəməsinə dodaq büzənlər, bunu tənə və ironiya obyektinə çevirənlər ölümündən sonra onun haqqında xatirə yazmaq, sevgi-sayğı izharında bulunmaq üçün növbəyə dayandılar...
Həmin gün hardasa 6-7 saat oturduq, yedik-içdik, dərdləşdik, Seymurla çalışdıq ki, əhval-ruhiyyəsini düzəldək. Xeyli də nail olduq, masadan yaxşı ovqatla qalxdıq. Ertəsi gün Yazıçılar Birliyində kitab təqdimatı vardı, Akif bəy də aparıcı idi. Tədbirdən öncə zəng etdim, yanılmıramsa, Elxan Zalla birlikdə olduğunu söylədi. Belə danışdıq ki, tədbirdən sonrakı ziyafətdə görüşərik. Aradan hardasa iki, ya üç saat keçdi, Seymurdan zəng gəldi, telefonu açan kimi bircə onu dedi ki, Elnur, Akif əmi öldü. Mən əvvəl elə bildim Seymur “Akif Əli öldü” deyir, bilirsən də, Akif Əli “Ədalət”in o vaxtki baş redaktoru Aqil Abbasla yaxın qohumdur, mən telefonda “necə yəni Akif Əli öldü?” deyəndə yanımdakı əməkdaşlar işarə etdilər ki, yavaş danışım, Aqil müəllim eşitməsin. Tezliklə məlum oldu ki, Seymur “Akif əmi” deyirmiş...
– Belə anda hissləri ifadə eləmək çox çətindir.
– Elədir. O andakı hisslərimi ifadə edə bilmərəm, ağlayaraq redaksiyadan çıxdım. Yolda cənazənin artıq evinə aparıldığını eşitdim və ora getdim. Məlum oldu ki, təqdimat mərasimindən sonra küçəyə çıxanda ürəyi tutub.
Bunu da deyim: Akif bəylə yol yoldaşlığımız az olmamışdı. Amma onunla heç vaxt Qazağa getməmişdik. İlk və son dəfə onunla birgə Qazağa getdik, o da cənazə maşınında. Onun cansız bədəni xalçaya bükülü halda uzadılmışdı, öndə sürücü ilə ikimizdik. Yolboyu sürücüyə Akif bəyin lətifələrini söylədim, şeirlərindən yaddaşımda qalanları dedim. Sürücünü ən çox Akif bəylə Cavad Heyət arasındakı məşhur söhbət tutmuşdu. Deməli, Cavad Heyət Bakıda olarkən Akif Səmədlə tanış olur. Əməliyyat üçün onu İrana dəvət edir. Klinikada Akif bəyi müayinə etdikdən sonra cərrahi əməliyyata qərar verilir. Cavad Heyət deyir, bunun üçün altı min dollar ödəmək lazımdır. Akif əmi sonralar dillərə dastan olacaq bu sözləri deyir: “Altı min dollarım olsaydı, ürəyim niyə ağrıyırdı?!” Və qayıdır Bakıya... Sürücü bu söhbəti eşidəndən sonra yolboyu elə hey Cavad Heyətin qarasınca danışdı...
– Aradan xeyli vaxt keçib. Bəs indi onu necə xatırlayırsan? Ən çox hansı məqamlarda yadına düşür?
– Onu unutmaq mümkün deyil. Elə bir dost yığnağı olmaz ki, haqqında söz düşməsin, anılar təzələnməsin. Ehtiramla tez-tez görüşürük, otururuq, bəzən saatlarca söhbətimizin yeganə mövzusu Akif Səmədli günlər olur. Azərbaycanın mənəvi iqliminin bu qədər korlandığı zamanda onun kimi əxlaqı, ləyaqəti, vicdanı dolu insanların itkisinin nə qədər ağır olduğu daha aydın anlaşılır. Bu gün bizim məhz onun kimi maddiyyat qarşısında qələmini sındırmayan, sözünü satmayan adamlara ehtiyacımız var. Həm də tarixin heç bir dönəmində olmayan qədər ehtiyacımız var.
Kəramət Böyükçöl