Teleqraf.com 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən millət vəkilliyinə namizəd Elman Nəsirovla müsahibəni təqdim edir:
– Elman müəllim, seçki kampaniyasına başlayarkən hansı prinsipləri əsas tutmusunuz?
– 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olaraq namizədliyimi irəli sürmüşəm. Seçki kampaniyasına start verildiyi ilk gündən seçicilərimlə çox sıx təmasda olmuşam. Bizim dairəmizdə bütövlükdə 38 min 365 seçici var. Seçki dairəmiz 36 məntəqədən ibarətdir. Seçki kampaniyası dövründə bütün məntəqələrdə yaşayan seçicilərlə görüşlərim olub. Mənim seçki dairəmə Göyçay şəhəri düşür. Bu şəhərdə müxtəlif peşə adamları ilə görüşlər keçirmişəm. Onların sırasında pedaqoji kollektivlər, səhiyyə işçiləri, eyni zamanda, rayonun ağsaqqalları, gəncləri, qadın kollektivləri ilə görüşlərdə olmuşam. Ağdaş rayonuna isə əsasən kəndlər daxildir. Paralel olaraq həmin kəndlərdə də əhali ilə görüşlər keçirmişəm.
Qeyd edim ki, YAP-ın namizədi olmağın özü artıq bizim üçün mühüm bir şansdır. Çünki partiyanın cəmiyyətdə böyük nüfuzu var. Xüsusilə gənclərin partiyamıza axını günü-gündən artmaqdadır. Ölkəmizin dünyadakı mövqeyi güclənir, siyasi sabitliyimiz qorunur. Bunların hamısı dövlət başçısının xidmətidir. Onun rəhbərlik etdiyi partiya mühüm addımlar atır. Bütün bunlar hamısı bizim üçün unikal şans yaradır ki, seçicilərimiz bizi qəbul etsinlər və mövqeyimizi dəstəkləsinlər.
Eyni zamanda, hər bir namizədin üzərinə böyük məsuliyyət düşür. Seçicilərimlə görüşdə partiyamızın platformasını açıqlayıram. Bizim şüarımız yeni hədəflərdir, hər bir hədəfin mahiyyətini izah edirəm. Hədəflərimizin sırasında ölkəmizdə ictimai-siyasi sabitliyi göz bəbəyi kimi qorumaq dayanır.
Dövlətimizin həllini tapmayan yeganə problemi Dağlıq Qarabağ problemidir. Seçicilərə bu münaqişənin həlli ilə bağlı hökumətimizin, partiyamızın gördüyü işlərdən, atacağı addımlardan söz açıram. İqtisadi blokda olan məsələlərdən danışıram. Dünyadakı maliyyə, hərbi-iqtisadi böhran reallığının ölkəmizə də təsirsiz ötüşmədiyini, ancaq dövlətimizin bu istiqamətdəki siyasətini açıqlayıram. Qeyd edirəm ki, bu böhran hərbi büdcəyə təsir göstərməyəcək, sosial müavinətlər, təqaüdlər olduğu kimi qalacaq və daha da artırılacaq.
Bütövlükdə ölkəmizin beynəlxalq siyasəti, gənclərlə işlə bağlı atılan addımlar, bu sahədə görüləcək işlər də görüşlərdə diqqət mərkəzində olur. Qənaətim ondan ibarətdir ki, belə sıx ünsiyyət, bütün məntəqələri əhatə etmək istəyim seçki dairəsində reytinqimin yüksəlməsinə yardımçı olur. Düşünürəm ki, seçki kampaniyamı doğru və uğurlu qurmuşam.
– Qeyd etdiniz ki, müxtəlif təbəqələrlə ayrı-ayrılıqda görüşləriniz olur. Bəs onları narahat edən problemlər eynidir, yoxsa başqa tələblər irəli sürürlər?
– Seçicilərlə görüşlərdə ilk növbədə onların problemləri ilə maraqlanıram. Bəzən elə hallar olur ki, namizədlər millət vəkili seçilmək naminə vədlər verirlər. Amma seçicilərin sözlərinə görə, sonra bu vədlərin heç biri yerinə yetirilmir. Mənim seçki təbliğatım belə qurulmayıb. Seçicilərimə deyirəm ki, mən də bu cəmiyyətin üzvüyəm, bu problemlərdən xəbərdaram və seçilərəmsə, həmin məsələləri ən yüksək səviyyədə icra hakimiyyəti qarşısında qaldıracağam. Həmçinin, bütün imkanlardan istifadə edərək problemlərinizi Milli Məclisdə, ali hakimiyyət orqanlarında qaldırıb onların həllinə çalışacağam. Yəni mən passiv deputat ola bilmərəm, bu, mənim missiyam ola bilməz. Mən fəal deputat olmaq iddiasındayam. Görüşlər zamanı seçicilərimə söz verirəm ki, onların problemini lazımi şəkildə işıqlandıracaq, həllinə çalışacağam. Məni həmişə nəticə maraqlandırır. Nəticə olmayınca cəhdlərimi mənasız hesab edirəm.
– Bəs seçicilərin əsas problemi nədir?
- Seçicilərimin problemi bir çox yerdə rastlaşdığımız spesifik problemdir. Bunların arasında işsizlik, gənclərin asudə vaxtının təşkili kimi məsələlər mövcuddur. Mənə orda bir körpünün dağılması ilə bağlı məlumat verilib. Eyni zamanda, kənd təsərrüfatının inkişafına kömək edə biləcək müəyyən təkliflər olub. Bunlar həyata keçirilsə, çox məmnun olarıq. Bütövlükdə əhalini ən çox narahat edən məsələ kiçik məmurların onları incitməsidir. Dövlət başçısı bu məsələlərə yüksək səviyyədə məşğul olur. Cənab prezidentin son addımları sahibkarlar arasında böyük rezonansa səbəb olub, rəğbətlə qarşılanıb. Eyni zamanda, Göyçayda xırda və orta sahibkarların hüquqlarının tapdalanması, onların işinə mane olan qurumlarla bağlı fikirlər səsləndirilir. Yəni ölkəmizdə yaranan problemlər üst-üstə düşür və bu istiqamətdə çox ciddi addımlar atılmağa başlanıb. Bu, seçiləcək millət vəkilinin fəaliyyəti üçün unikal imkanlar yaradır.
– Bəs siz seçiləcəyiniz təqdirdə hansı məsələləri ictimai müzakirəyə çıxarmaq fikrindəsiniz? Qanunvericilikdəki hansı boşluqlar sizin diqqət mərkəzinizdə olacaq?
– Hesab edirəm ki, seçiləcəyim halda ölkəmizin xarici siyasəti, beynəlxalq münasibətlərdə tutduğu yerlə bağlı təkliflərim ola bilər. Müəyyən mənada Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən yeni yanaşmalar ortaya qoya bilərəm. Ölkənin daxili məsələləri ilə bağlı da məni narahat edən məsələlər var. Kənd rayonlarında olarkən məlumatlar alırıq ki, əkin sahələri sənəddə əkilmiş yer kimi göstərilir, dövlətdən subsidiyalar alınır. Əslində isə, həmin əkin sahələri üçün alınan subsidiyaları bələdiyyə sədrləri mənimsəyirlər.
Bununla bağlı çoxsaylı məlumatlar almışam. Bu məsələləri yenidən gündəmə gətirmək istərdim. Xüsusilə də hazırda neftin qiyməti dünyada kəskin şəkildə aşağı düşüb. Belə olan təqdirdə dövlət büdcəsində olan vəsaitdən qənaətlə istifadə etməliyik. Kimlər ki, bu vəziyyətdə dövləti aldadır, bu istiqamətdə görülən işlərə töhfə vermək, neqativ halların aradan qalxması üçün çalışmaq lazımdır. Bu, mənim diqqətdə saxladığım prinsipial məsələlərdən biri olacaq.
Sevinc