2 Dekabr 2015 11:16
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəl-axır barışıq əldə olunacaq. Müharibə imkanı yoxdur. Gərginliyin artması fövqündə Rusiyanın qazancı yoxdur. İstərdim ki, danışıqlar əsasında bu məsələyə nöqtə qoyulsun. İndi sabah Rusiya Türkiyəyə məxsus təyyarəni vura bilər. Ondan sonra da türkmənlərin əlində elə silah ola bilər ki, istədikləri təyyarəni qalxan kimi vursun. Üstəlik boğazlar bağlana bilər, çətinliklər yarana bilər və s. Hazırda Türkiyənin kənd təsərrüfatı məhsullarına embarqo qoyulub. Türkiyə Rusiyadan milyon tonlarla taxıl alır. Sabah bunu Ukraynadan və ya Qazaxıstandan alacaq”.

Bunu qəzetimizə müsahibəsində millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Müsahibəni təqdim edirik:

- Türkiyə-Rusiya münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz?
- Münasibətlərdə gərginlik müşahidə edilir və bu, göz önündədir. İndi söhbət ondan gedir ki, gərginlik açıq toqquşma səviyyəsinə gəlib çıxacaq, yoxsa bunu cilovlamaq mümkün olacaq. Biz sizinlə söhbət etdiyimiz an belə Türkiyə təyyarəsi havaya qalxan zaman Rusiya tərəfi onu vura bilər. Bu, arzuedilən ssenari deyil. Düzdür, Rusiya qırıcıları Suriya ərazisində müəyyən obyektlərə zərbə endirib. Türklər deyir ki, bu obyektlər çörək zavodu olub, ruslar isə qeyd edirlər ki, orada silah olub və s. İndi Rusiya Suriya ərazisinə S 400 raket kompleksi yerləşdirib. Əlbəttə, düşünmürəm ki, belə səhv addım atılsın. Sadəcə, Türkiyəyə deyirlər ki, özünüzü ehtiyatlı aparın.

- Münasibətlərin inkişafı trayektoriyası bundan sonra hansı xətt üzrə davam edə bilər?
- Rusiyanın canfəşanlığı ona hesablanıb ki, Türkiyə ilə oturub söhbət etməsin. Əksinə, superdövlət qismində ABŞ-la danışsın, Obama ilə müzakirə aparsın. ABŞ da Rusiyanın xüsusi təsir dairəsini tanısın. Buna da ABŞ razı deyil. ABŞ deyir ki, oyun qaydaları barədə müzakirəyə hazıram, amma təsir dairəsi mövzusunda söhbət aparmaq niyyətində deyiləm.

- Düşünürsünüz ki, Rusiya geri çəkiləcək?
- Rusiya nüvə dövlətidir. Ancaq nüvə silahını çıxmaq şərti ilə Türkiyə hərb maşını Rusiyadan zəif deyil, əksinə, güclüdür. Sabah Türkiyənin arxasında ABŞ öz nüvə silahı ilə dura bilər.

- Ancaq indi daha çox bu iki dövlət arasında pozulan iqtisadi münasibətlər təəssüf hissi yaradır...
- Rusiya Türkiyəyə qaz satır. Məcburdur ki, qazını satsın, hətta yeni bazar da axtarır. Sabah Rusiya Türkiyəyə qazı kəssə, bu qazı ucuz qiymətə Azərbaycana təklif edəcək. Azərbaycan da öz növbəsində qazı Türkiyəyə satacaq. Çünki qazı yerləşdirmək üçün yer yoxdur. Üstəlik də, qaz neft deyil ki, istədiyin zaman hasilatı aşağı salasan. Qazın quyusunu bağlasan, bu, sonra bata bilər. Odur ki, qaz istifadə olunmalıdır. Bildiyiniz kimi, qazı anbara vururlar. Çünki lazım olanda qazın hasilatını artırmaq və ya azaltmaq mümkün deyil. Baxın, indi Rusiya Türkiyəyə qazın verilişini davam etdirir. Əslində, Rusiya Türkiyəyə hər şeyi satmağa hazırdır, sadəcə, Türkiyəni öz bazarına buraxmaq istəmir.

- Türkiyə boğazlarını bağlaya bilərmi və ya bu halda Montro müqaviləsini pozmazmı?
- Əlbəttə, bağlaya bilər və buna haqqı çatır. Lazım olanda ABŞ hərbi gəmisi gəlib boğazda Türkiyə gəmisi ilə yanaşı duracaq. Bunlar ehtimallardır. Əlbəttə, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması daha münasib olardı.

- Azərbaycan üçün bu durum nə qədər arzuediləndir?
- Bizim üçün bu iki ölkə arasında belə vəziyyətin yaranması mənfidir. Biz istərdik ki, bu iki ölkə arasında münasibətlər yaxşı olsun. Çünki bundan bizim də uduşumuz olur. Lakin həm Rusiya, həm də Türkiyə böyük dövlətlərdir. Onlar addım atanda bizim qərarımız üçüncü dost ölkəyə xeyirdirmi, ziyandırmı haqqında düşünmürlər. Azərbaycan dövləti bu hadisəyə görə təəssüfünü ifadə edib. Dövlət səviyyəsində həmrəylik hansısa formada nümayiş etdirilir. Lakin mən deputat kimi mövqeyimi ifadə edirəm. Hesab edirəm ki, ekspertlərimiz, vətəndaş cəmiyyətimiz bu məsələdə mövqe ifadə etməkdən çəkinməməlidir. Demək olar ki, siyasəti gündəlik izləyən adam kimi ötən gün rus redaksiyasına geniş müsahibə vermişəm. Hesab edirəm ki, Türkiyə rəhbərliyi bu qərarı verən dolğun informasiyası var idi. Türkiyə rəhbərliyi çox məsuliyyətlidir. Odur ki, bu qərar verilibsə, hesablanıb və ona hüquqi əsas olub. Məncə, bu qərarı verməzdən öncə Türkiyə rəhbərliyi öz müttəfiqləri ilə bunu müzakirə edib. Həm də Suriya səmasında, ona qonşu ölkələrin hava məkanında baş verən hadisələr Türkiyə, ABŞ və NATO tərəfindən izlənilir. Qeyd edirlər ki, Rusiya Suriyada İŞİD adlı quruma qarşı əməliyyat həyata keçirir. Hamı bilir ki, Əsədin Suriya üzərində tam nəzarəti həyata keçirməsi mümkünsüzdür. İndi çalışırlar ki, əlavə yerlərdə etnik təmizləmələr həyata keçirsinlər. Bu məqsədlə də türkmənləri vurub çıxarmaq istəyirlər. İstəyirlər ki, gələcək Suriyada əlavələr olmasın. Türkiyə buna göz yummalıdır? Suriyada bütün etnik qruplar kimi türkmənlər də silahlanıb. Çünki görürlər ki, Əsədin qoşunu insanları qırır. Türkmənlər həm də İŞİD-ə qarşı vuruşurlar. İndi də Əsədin istəyi üzrə türkmənlər bombardman edilir, ərazidən çıxarılmaq istənilir. Üstəlik də bombardman zamanı Türkiyənin hava məkanı pozulur.

- Parisdə bu iki ölkə rəhbərinin görüşü diqqət mərkəzində idi, lakin bu baş vermədi. Sizcə, münasibətləri yaxınlaşdırmaq baxımından Paris konfransına buraxılan imkan kimi baxmaq olarmı?
- Bildiyim qədər Ərdoğan görüşmək istəyirdi. Türkiyə qeyd edir ki, bu məsələdə birtərəfli günah yoxdur ki, üzr istənilsin. Bu məsələ müzakirə edilməlidir. Lakin cənab Putin görüşdən imtina etdi. Türkiyə isə özünü dialoqa hazır olduğunu nümayiş etdirirdi.

- Bundan sonra tərəflərin barışmaq imkanları nə qədərdir?
- Əvvəl-axır barışıq əldə olunacaq. Müharibə imkanı yoxdur. Gərginliyin artması fövqündə Rusiyanın qazancı yoxdur. İstərdim ki, danışıqlar əsasında bu məsələyə nöqtə qoyulsun. İndi sabah Rusiya Türkiyəyə məxsus təyyarəni vura bilər. Ondan sonra da türkmənlərin əlində elə silah ola bilər ki, istədikləri təyyarəni qalxan kimi vursun. Üstəlik boğazlar bağlana bilər, çətinliklər yarana bilər və s. Hazırda Türkiyənin kənd təsərrüfatı məhsullarına embarqo qoyulub. Türkiyə Rusiyadan milyon tonlarla taxıl alır. Sabah bunu Ukraynadan və ya Qazaxıstandan alacaq. Demək istəyirəm ki, bunlar ikibaşlı oyunlardır və hər iki tərəf itirə bilər. Odur ki, barışıq ən optimal yoldur. Məsələn, indi Türkiyədə ruslarla gözəl davranılır. Üstəlik Ankara Rusiyadan aldığı buğdanı başqa dövlətlə əvəzləmək niyyətini ortaya qoymur. Yəni Türkiyə qapıları açıq saxlayır. Məncə, Rusiyanın apardığı xətt daha çox daxili auditoriyaya hesablanıb. Bunun da səbəbi var. Rusiyada vergi, qiymətlər artır, amma əmək haqqı artmır. Deyirlər ki, Rusiyada televizorla soyuducu arasında rəqabət gedir. Son nəticədə soyuducu qalib gələcək.

- Rusiya Türkiyə vasitəsilə yeni qaz kəməri çəkməyi qərara almışdı. Azərbaycan da Türkiyədən keçməklə Avropa bazarına qaz çıxarmaq niyyətindədir və layihəyə start verilib, razılıq əldə edilib. Məlum hadisədən sonra Rusiyanın nəzərdə tutduğu layihə gerçəkləşəcəkmi?
- Rusiyanın belə bir layihəsi var idi və Ankara da buna razılıq vermişdi. Türkiyənin Rusiyadan aldığı qazın bir qismi Mavi Axın vasitəsilə gəlir. Qalan hissəsi Ukrayna üzərindən Balkanları keçərək İstanbulu qazla təmin edir. Rusiya deyirdi ki, Ukrayna üzərindən keçən xətt problemlidir, yeni xətt çəkirik, sərbəst şəkildə qazı İstanbula çatdırırıq. Türkiyə də buna hazır idi.

- Azərbaycanda bir qrup şəxs dini siyasiləşdirmək, bu yolla siyasi imkanlar əldə etmək niyyətində olublar. Həmin şəxslər Nardaranda zərərsizləşdirilən zaman polis əməkdaşları da daxil olmaqla 6 nəfər həyatını itirib. Bu durumu necə qiymətləndirirsiniz?
- Dini siyasətlə qarışdırmaq yanlışdır. Biz müsəlman ölkəsiyik, amma dünyəvi dövlətik. Yəni islam dövləti deyilik. Əgər kimsə düşünürsə islam bayrağı altında siyasətə müdaxilə edəcək, belə adamlar anlamalıdır ki, qanunları pozur və sərt əks reaksiya olacaq.

- Azərbaycanda konstitusiyanın əleyhinə olaraq islam dövləti yaratmaq və ya belə dövlətdə yaşamaq arzusunda olanlar çoxdurmu?
- Mən konkret rəqəm deyə bilmərəm. Amma vaxtilə sosioloji sorğu aparmışam. Həmin vaxt İranı bir model kimi görənlər 10 faiz civarında idi. Əksəriyyət bunu qəbul etmirdi və dünyəvi dövlətə üstünlük verirdi. Əslində, 10 faiz dediyim kəsim islam dövləti qurmaq deyil, belə dövlətə meyl edən qrup kimi qiymətləndirilə bilər.

- Sizcə, indi “Müsəlman Birliyi” Hərəkatının belə aktivləşməsində xarici faktor ola bilərmi, yəni bunlar kənardan idarə olunurmu?
- Bunu daha çox xüsusi xidmət orqanları bilər. Lakin hesab edirəm ki, kənar təsirlər olmamış deyil. Bunlar özləri üçün model kimi Xomeyni quruluşunu götürüblər. Mümkün deyil ki, təsir olmasın. Amma bizdə bu düşüncəni heç vaxt yaxına buraxmazlar. İndi bunlar silahlı olublar. Hesab edirəm ki, belə olanda həmin şəxslər dövlətin sərt üzü ilə üzləşməlidir və necə ki, üzləşib də. Əlinə silah, armatur və ya daş alan bilməlidir ki, dövlətin sərt üzü ilə üzləşməli olacaq. Azərbaycan dünyəvi dövlətdir, burada qanunlar çərçivəsində fəaliyyət qurulmalıdır və din siyasətdən ayrıdır.

- Bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar fəallaşmışdı. Bu istiqamətdə nə gözləmək olar?
- Fikrimcə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Qarabağla bağlı danışıqlara xələl gətirəcək. Düşünmürəm ki, indi Rusiya təşəbbüslə çıxış etsin. Rusiyanın təşəbbüsləri həm də ona hesablanmışdı ki, münaqişə həll edilmədiyi təqdirdə gərginlik artar, toqquşmalar başlaya bilər. Bu həm də, Türkiyənin Rusiya ilə münasibətlərinə xələl gətirə bilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər