“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Cümhuriyyəti dövrü mətbuatının araşdırıcısı Akif Aşırlı ilə bu söhbəti 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində etmək istəyirdik. Amma martın 30-da baş redaktorun AMEA-nın Tarix İnstitutunda elmi iş müdafiə etməsi bu istəyimizin reallaşmasını bir qədər ertələdi. Nəhayət, martın 31-də, günortadan sonra baş redaktor bizə vaxt ayırmağa imkan tapdı və əvvəldən hazırladığımız suallara həmkarımızın müdafiə işi ilə bağlı da sual əlavə etməli olduq.
Beləliklə, müsahibimiz “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.
– Akif bəy, öncə Sizi təbrik edirik. Müdafiə necə keçdi?
– Təbrikə görə çox sağ olun, minnətdaram. Mövzunun müdafiəsi AMEA-nın Tarix İnstitutunun direktoru, mənim elmi rəhbərim Yaqub Mahmudov tərəfindən martın 30-na təyin olundu. Çünki araşdırdığım mövzu həm də 31 mart soyqırımını əhatə edir. Qafqaz İslam Ordusunun qarşısında məqsəd kimi həm də 31 martdan başlanan və sentyabrın 15-dək davam edən azərbaycanlıların soyqırımının qarşısını almaq dayanırdı. Elmi işim “Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında” adlanır. Müdafiə pis keçmədi, həm opponentlər, həm rəyçilər elmi işin yeniliyi, aktuallığı ilə bağlı çox yaxşı və maraqlı fikirlər səsləndirdilər. Hesab edirəm ki, biz praktik jurnalistika işi ilə yanaşı həm də mətbuat tariximizə, Vətən tariximizin ayrı-ayrı mərhələlərinə diqqət yönəltsək, araşdırma aparsaq, bu, ümumi işimizin xeyrinə olardı. Bu elmi işin mahiyyətində həm də 1918-20-ci illərdə çıxan mətbuatın tədqiqi dayanırdı. Bilavasitə, həm də bu, jurnalistika, mətbuat tarixinə aid olan elmi iş idi. Uğurla keçdi, çox razı qaldım.
– Siz həm 1918-ci ilin mart qırğınları, həm də Xocalı soyqırımı ilə bağlı kitab yazmısınız. Bir əsrdə baş verən bu iki hadisə arasında hansı paralelliklər var?
– Təbii ki, Xocalı soyqırımına gedən yol elə 31 mart soyqırımından başlayır. Əgər biz əsrin əvvəli ilə əsrin sonlarına nəzər yetirsək, tarixi şəraitin, tarixi situasiyanın, vəziyyətin eyniliyi diqqəti çəkir. Bilirsiniz, 31 martdan aprelin 2-dək Bakıda davam edən qırğınlar Birinci dünya müharibəsinin sonlarında baş verən hadisələr idi. Artıq Birinci dünya müharibəsinin sonlarında dünyanın xəritəsi yenidən cızılırdı. Bakı nefti uğrunda çox ciddi mübarizələr gedirdi. Azərbaycan Cümhuriyyəti müstəqilliyini elan etsə də, Bakı işğal altında idi, bolşeviklər, erməni birləşmələri hakimiyyəti zəbt etmişdilər və yerli əhaliyə qarşı terror aktları həyata keçirirdilər. Bunun nəticəsində üç gün ərzində Bakıda 18 min insan qətlə yetirildi, eyni zamanda erməni-bolşevik birləşmələri və o siyasi qüvvələr həmin qırğınların mətbuat səhifələrinə köçürülməsinin qarşısını almağa çalışdılar. Həmin qırğınlar zamanı milli təsisatlarımız sıradan çıxarıldı. “İsmailiyyə” binası yandırıldı, “Təzəpir” məscidinin minarəsi top atəşi vasitəsilə zədələndi, dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetinin mətbəəsi yandırıldı, Orucov qardaşlarının elektrik mətbəəsi məhv edildi. Ermənilər bunu ona görə törədirdilər ki, qırğınların miqyası gələcəkdə tarixi salnamələrə çevrilməsin. Ona görə də jurnalistlərə, ziyalılara qarşı da qətliamlar həyata keçirildi. Qətlə yetirilənlərdən biri “Hümmət” qəzetinin baş redaktoru olan və həmçinin sosialistlərlə eyni platformanı daşıyan Dadaş Bünyadzadənin qardaşı Cəfər Bünyadzadə idi.
Ziyalılar ona görə qətlə yetirilirdilər ki, onlar cəmiyyəti bir araya gətirə, toparlaya bilirdilər. Bunun qarşısını almağa çalışırdılar. Ona görə də XX əsrin əvvəllərində bu qırğınlar törədildi. XX əsrin sonlarında da SSRİ dağıldı, bu zaman Ermənistan Respublikası və onların havadarları tərəfindən Azərbaycana qarşı ərazi iddiaları irəli sürüldü. Xocalı soyqırımını törədən siyasi qüvvələrə nəzər yetirsək görərik ki, orada 366-cı motoatıcı alay da iştirak edirdi və siyasi və hüquqi məsuliyyəti ermənilərlə yanaşı, onlar da daşıyırlar. 31 Mart soyqırımını törədənlər bolşeviklər idi və onların ordusu əsasən ermənilərdən və ruslardan təşkil olunmuşdu. 31 mart soyqırımlarının davamı məhz Xocalıda, Meşəlidə, Kərkicahanda və Qarabağın müxtəlif yaşayış məntəqələrində, eyni zamanda Ermənistanla sərhəd olan bölgələrdə törədildi. Bax, eyniyyət bundadır.
– 1918-ci ilin mart qırğınları ilə bağlı 1918-1920-ci il mətbuatında ilginizi çəkən önəmli nələr var?
– Mart soyqırımı ilə bağlı diqqət çəkən çox ciddi faktlar var. Bununla bağlı mən “31 mart soyqırımı cümhuriyyət dövrü mətbuatında” adlı kitab yazmışam. Düzdür, həmin kitabın həcmi kiçikdir, 100 səhifəlik bir kitabdır. Kitabı yazarkən mən həmin dövrün qəzetlərini çox ciddi şəkildə araşdırmışam. İlgimi çəkən çox ciddi faktlar var. Məsələn, 1918-ci ilin mart qırğınlarını tarixiləşdirmək yalnız həmin ilin sentyabrın 15-dən sonra mümkün oldu. Qeyd etdiyim kimi 1918-ci ilin mart ayının 31-dən ta sentyabrın 15-dək Azərbaycanda anadilli mətbuat yox idi. Faktiki olaraq həmin mətbuat orqanları sıradan çıxarılmışdı. Cəmi iki anadilli mətbuat orqanı qalmışdı – “Hümmət” və “Bakı şurasının əxbarı” qəzetləri. Bu qəzetlər də təbii ki, mart qırğınlarını geniş verə bilməzdilər. “Hümmət” qəzetində müəyyən qədər bu yazılar var. Hətta, “Hümmət” qəzetində eyni platformanı daşıdığı bolşeviklərdən fərqli bir siyasət həyata keçirilirdi. Yəni, erməni vəhşiliyi, “Daşnaksütyun” Partiyası ilə bağlı bu qəzetdə yazılar var. Amma bütövlükdə mart soyqırımı bağlı yazılar 1918-ci ilin sentyabrın 5-də Gəncədə işıq üzü görən “Azərbaycan” qəzetinin nəşrə başlamasından sonra dərc olundu. Mart soyqırımları ilə bağlı Gürcüstan mətbuatında kifayət qədər yazılar var.
Biz o yazıları fakt və material kimi istifadə edirik və etməliyik. Məsələn, ilgimi çəkən məqamlardan biri bizim mətbuat biblioqrafları Nazim Axundovun, Solmaz Tohidinin “Azərbaycan dövri mətbuatı biblioqrafiyası” kitabına daxil etmədikləri “Qardaş qayğısı” qəzetidir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, ilk dəfə bu qəzeti mən öz kitabıma daxil etmişəm. Bu qəzet Tiflisdə 4 səhifə həcmində nəşr olunub. Həmin qəzet tamamilə mart soyqırımlarına həsr olunub. Bakıda, Şamaxıda, Neftçalada, Salyanda, Kürdəmirdə, hətta Güney Azərbaycanda törədilən soyqırımlar həmin qəzetin səhifələrində öz əksini tapıb. Həmin qəzetin baş redaktoru Mirzəbala Məhəmmədzadədir. Böyük həcmdə çıxan bir qəzetdir. Həmin qəzetdə əksini tapan maraqlı faktlardan birini sizinlə bölüşmək istəyirəm. Qəzetdəki yazıların birində qeyd olunur ki, Şamaxı şəhərində yandırılan evlərdən biri Abbas Səhhətin olub. Abbas Səhhət yanğından az öncə evdə olan qiymətli əşyalarını, pulunu götürərək Gəncəyə qaçmağa məcbur olur. Erməni quldurları yolda onu tutur və bütün qızıl-zinət əşyalarını və pulunu əlindən alırlar. Evi yandırılmış, yolda qarət olunmuş şair ac-yalavac, çox miskin vəziyyətdə Gəncəyə çatır və keçirdiyi psixoloji gərginlikdən iki-üç ay sonra 44 yaşında orada vəfat edir.
Diqqət çəkən digər bir material var. Məsələn, indi heç kim bilmir ki, məşhur aktyor Mirzəağa Əliyev 1918-ci ilin mart qırğınları zamanı ayağından güllə yarası alıb və bolşevik-daşnak birləşmələri Bakını zəbt etdikdən sonra İrana keçməyə məcbur olub. O, Güney Azərbaycanda Mirzə Kiçik xanın dəstəsində ingilislərə qarşı döyüşür. İşğaldan azad olunduqdan sonra Mirzəağa Əliyev Bakıya qayıdır və “Azərbaycan” qəzeti bunu “Məşhur aktyor Vətənə döndü” başlığı ilə yayımlayır. Yazıda qeyd olunur ki, Mirzəağa Əliyev mart qırğınları zamanı ayağından güllə yarası alıb və sair.
Üzeyir Hacıbəylinin, mart qırğınları zamanı Türkiyəyə pənah aparmış Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə Əfəndizadənin, ümumiyyətlə ziyalıların ölkəyə dönüşü və mətbuatın bərpası ilə bağlı “Qardaş qayğısı” qəzetində kifayət məlumatlar var. Ümumiyyətlə, bu qəzetlər tarixi-faktoloji mənbələrdir və mən onların öyrənilməsinə ilk dəfə cəhd etmişəm. Onların geniş tədqiqinə isə çox ciddi ehtiyac var.
– Çağdaş Azərbaycan mətbuatının, eləcə də tarix elminin mart qırğınlarına münasibəti sizi qane edirmi?
– Mart qırğınları ilə bağlı AMEA-nın Tarix İnstitutu müxtəlif dillərdə çoxcildliklər buraxıb. Həmin əsərlərin Avropa dillərinə tərcümə olunma prosesi də gedir. İrəvan quberniyasında 199 kəndin soyqırımına məruz qalması, oradan əhalinin köçürülməsi elmi baxımdan araşdırılıb. Azərbaycan Cümhuriyyəti dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının materiaları çoxcildliklər şəklində çap olunub. Güney Azərbaycanda – Urmiyada, Səlmasda, Rəştdə baş verən soyqırımı hadisələri də araşdırılıb. Sadəcə, bunu geniş ictimaiyyətə çatdırmaq lazımdır. Hətta, ingilis mənbələrində öz əksini tapan soyqırımı materialları Tarix İnstitutu tərəfindən çap olunub. Sadəcə, bu əsərlər kiçik elmi çevrələr, akademik dairələr üçün nəzərdə tutulmamalıdır. Ən əsası isə dünyaya çıxarılmalıdır. Bunları dünya çapına çıxarmağımız, hərb tarix elminə, siyasi tarix elminə bir mənbə kimi daxil etməyimiz üçün çox ciddi çalışmağımız lazımdır. Bunun üçün də elmi kadrlar var. Bir məqamı da qeyd etmək istəyirəm. Bizdə 31 mart soyqırımı ilə bağlı sənədli filmlər yoxdur. Varsa belə, çox azdır. Müxtəlif dillərdə bu filmlər çəkilməlidir. Tarixi faktlar, materiallar var, sadəcə onları işləmək lazımdır. Elmi-akademik çevrələrdə dövriyyəyə gətirilən və istifadə edilən o mənbələrin üzərində işləməyə çox böyük ciddi ehtiyac var.
Səxavət HƏMİD