25 Aprel 2016 13:18
2 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sabiq baş prokuror və millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovla müsahibəni təqdim edir.

- İlyas müəllim, cəbhədə son hadisələrlə bağlı sadəcə bəyanatınız oldu, ancaq hər hansı bir fikrinizi mətbuatda ifadə etmədiniz. Buna səbəb nədir?
- Biz cəbhədə baş verən hadisələrlə bağlı mövqeyimizi bəyanatımızda ifadə etmişik. Ancaq son zamanlar bildiyiniz kimi, erməni tərəfi cəbhədə atəşkəs rejimini mütəmadi şəkildə pozur. Hesab edirəm ki, ermənilər aprelin əvvəlində baş verən müharibədə yaşadıqları məğlubiyyətdən özlərini itiriblər. İndi çalışırlar ki, ictimaiyyətin gözündə özlərinə xal qazansınlar. Bu da boş şeydir. Cəbhədə atəşkəs rejimini pozaraq bizim tərəfə atacaqlarsa, biz tərəfdən də cavablarını alacaqlar. Mən hələlik burada ciddi bir şey görmürəm.

- Hərbi əməliyyatlar yay mövsümündə bərpa oluna bilərmi?
- Bərpa olunacaqsa, biz də cavab verib torpağımızı azad etməliyik. Təbii ki, ermənilər sülh yolu ilə bizə torpaq verməyəcək.

- Cəbhədəki hadisələrdən sonra Azərbaycan danışıqlar prosesində özünü güclü tərəf kimi göstərə bilibmi?
- Hər halda Azərbaycan döyüşdə özünü güclü tərəf kimi təqdim edə bilib. Ancaq bu hadisədən dərhal sonra diplomatik danışıqlara start verilib. Mən diplomatiya sahəsində aparılan danışıqlardan məlumatlı deyiləm və ona görə də, konkret bir söz deyə bilmərəm. Məlumatım olmadığım üçün münəccimlik etmək niyyətim də yoxdur.

- Rusiya xarici işlər naziri Lavrov son 20 gündə iki dəfə regiona səfər edib, Bakı və İrəvanda sülh danışıqları aparıb. Siz, bu danışıqlardan nə gözləyirsiniz?
- Əgər söhbət mənim şəxsi fikrimdən gedirsə, mən Sergey Lavrovdan xeyirli bir şey gözləmirəm.

- Uzun illər böyük vəzifələrdə çalışmışınız, səhv etmirəmsə SSRİ zamanı Moskvada Baş Prokurorluqda da fəaliyyətiniz olub. Bir sözlə, Rusiya siyasətini çoxlarından daha yaxşı bilirsiniz. Niyə hesab edirsiniz ki, “Lavrov planı” deyilən təşəbbüs bizim xeyrimizə ola bilməz?
- Çünki Rusiya ermənilərlə birdir. Dünən Rusiya kanallarında türklər əleyhinə çıxışlar oldu. Ermənilər hər zaman Rusiyanın yanındadır. Bu baxımdan hesab edirəm ki, Rusiya bizi Ermənistan qədər müdafiə etməz. Təbii ki, Rusiya addım atanda öz dövləti maraqlarını da düşünür. İndiki halda Rusiya Ermənistan vasitəsilə regionu nüfuz dairəsində saxlamaq istəyir. Bu zaman Qarabağ münaqişəsində tərəf olan Azərbaycana silah da satırlar. Lakin bu həm də Rusiya iqtisadiyyatının inkişafı üçün edilir, nəticədə ölkəyə böyük pullar daxil olur.

- Biz Rusiyanın Ermənistanla olan sıcaq münasibətlərini soyudaraq bu ölkəni Azərbaycanla bir qədər də yaxınlaşdıra bilərikmi?
- Ola bilsin ki, bu istiqamətdə işlər aparılır. Ancaq mən bu istiqamətdə ciddi nəticə əldə edəcəyimizə çox inanmıram. Bilirsinizmi, bir daha deyirəm ki, bu münaqişədə iki tərəf var. Onlar heç vaxt erməniləri buraxıb bizi müdafiə etməzlər. Baxın, dünən saxta soyqrımla bağlı od püskürürdülər, iddia edirdilər ki, “soyqrım” olub. Ancaq Rusiyanın baş keşişi Kiril kişi kimi dedi ki, Osmanlı İmperiyasında erməni soyqrımı olmayıb. Heç olmasa Krilə qulaq assınlar...

- Qarabağ münaqişəsi danışıqlar vasitəsilə həll edilə bilərmi?
- Yox.

- Nəyə görə yox?
- Ona görə ki, ATƏT-in Minsk Qrupunun qərar və təklifləri məcburi deyil. Əksinə, bu dövlətlər üçün tövsiyə xarakterlidir. Ermənilər də tövsiyə qəbul etmirlər. Ona görə də Minsk Qrupundan imtina etmək lazımdır. Mən bu mövqeyimi nə qədər bəyan etməliyəm? Minsk Qrupunun qərarları məcburi deyil.

- Ermənistanda Rusiya əleyhinə keçirilən mitinq və etirazları necə qiymətləndirirsiniz?
- Bunlar boş şeylərdir. Ciddi proses deyil. Rusiyada 3 milyon erməni yaşayır. Ermənistanda 3-5 adamın hoppanıb düşməsi ilə heç nə həll edilməz.

- Son hadisələr zamanı prezident Nazarbayevin addımları haqqında nə deyə bilərsiniz?
- Prezident Nazarbayev nüfuzlu, müdrik və təcrübəli siyasi xadimdir. Mən onun addımlarını çox yüksək qiymətləndirirəm. Nazarbayev erməni şıltaqlığı ilə oynamır, böyük təcrübəsi olan siyasi xadim kimi bilir ki, Dağlıq Qarabağ münaqişəsi ümumiyyətlə, uydurma bir şeydir və məqsədli olaraq yaradılıb.

- ABŞ və Fransa niyə son proseslərdə aktiv fəallığı ilə seçilmir?
- Onlar niyə aktivlik göstərməlidir? Özümüz aktiv və fəal olmalıyıq. Heç kimdən kömək gözləməyə ehtiyac yoxdur. Düz 20 ildir ki, kömək gözləyirik, deyirik ki, bu ölkələrin dəstəyi ilə münaqişəni həll edəcəyik. Görürsünüz ki, bu müddətdə kömək edən olmadı. Burada hərənin öz marağı var. Odur ki, biz özümüz işləməli, fəal olmalıyıq.

- İlyas müəllim, deputat seçilmədiniz. Hazırda nə ilə məşğul olursunuz?
- Əvvəl nə işim vardısa onunla da məşğul oluram. Siyasətlə məşğulam, partiyada oluram, toplantılarımız keçirilir, ciddi məsələlərə dair Ədalət Partiyasının mövqeyi mediada gedir, özüm də mövqeyimi ifadə edirəm. Yəni əvvəl hansı işlə məşğul olurdumsa, indi də onunla məşğulam. Yalnız qanunvericilik fəaliyyəti ilə məşğul deyiləm. Qanunvericilik fəaliyyəti istisna olmaqla hər işlə məşğulam.

- Ancaq etiraf edək ki, əvvəlki illər daha aktiv idiniz...
- Biz həmişə aktiv olmuşuq. Sizin dünyadan xəbəriniz yoxdur...

- Aktivliyiniz olsaydı mətbuatdan hiss olunardı...
- Konkret bəyanatlarımız olur, ancaq mətbuatın çoxu bunu çap etmir. Bu bizim günahımız deyil.

- Yaxın dövr üçün partiyanın fəaliyyəti nədən ibarət olacaq, özünüzün düşüncə və planlarınız varmı?
- Əzizim, biz işimizlə məşğuluq.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər