14 May 2016 20:21
2 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Zülfüqarov: “İİV-ə homoseksual yolla yoluxma daha yüksəkdir”

Hər il may ayının üçüncü istirahət günü Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), İnsanda İmmun çatışmazlığı Virusundan (İİV) dünyasını dəyişən insanların ümümdünya xatirə günü kimi qeyd olunur.

Teleqraf.com Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarovla müsahibəni təqdim edir:

Müsahibimiz son illər daha çox homoseksuallar arasında virusa yoluxma hallarının artdığını deyir.

- 2012-ci ildə homoseksual yolla İİV-ə yoluxan insanların sayı 12 nəfər olub. Bunların hamısı Azərbaycan vətəndaşıdır. 2013-cü ildə 10-u Azərbaycan, 1 nəfəri xarici vətəndaş olmaqla 11, 2014-cü ildə də eyni göstərici ilə 10-u Azərbaycan vətəndaşı, 1-i xarici vətəndaş olmaqla 11 nəfər homoseksual İİV-ə yoluxub. 2015-ci ildə isə “partlayış” olub və hamısı azərbaycanlı olmaqla 31 nəfər homoseksual yolla virusa yoluxub. Bu ölkədəki 2015-ci ildəki bütün yeni yoluxma hadisələrinin 4,4 faizini təşkil edib. 1987-2013-cü illər ərzində İİV-ə yoluxanların ümumilikdə 1,2 faizi bu virusa homoseksual yolla yoluxub. 1987-2015-cü illər ərzində isə İİV-ə yoluxmaların 2 faizi homoseksual yolla olub. Azərbaycanda 1987-2015-ci illər ərzində homoseksual yolla İİV-ə yoluxanların sayı 94 nəfər olub. Onların da 92-si Azərbaycan vətəndaşı olub. 2015-ci ildə İİV-ə yoluxanların 4,4 faizində virusa yoluxma homoseksual yolla olub.

- Çox güman ki, xarici ölkələrdə vəziyyət bizdəkindən fərqlidir…

- Qərbi Avropa ölkələrində İİV ən çox homoseksual yolla yayılır. Virusun 50 faiz yayılma səbəbi budur. Mərkəzi Avropa ölkələrində isə İİV-in daha çox yayılması yolu heteroseksual (kişidən qadına, qadından kişiyə) yoldur. Azərbaycanda isə 1987-ci ildən indiyədək aşkar olunan halların 49,3 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Narkomanlar arasında aparılan tədbirlər nəticəsində İİV-in inyeksion yolla ötürülməsi halları azalsa da, cinsi yolla yoluxma halları olur. Xəstəliklərin cinsi yolla yayılması barədə insanların bilikləri çox zəifdir, buna görə də təhlükəli cinsi əlaqənin olmaması üçün qoruyucudan istifadə etmirlər. Bütün dünyada aparılan araşdırmalar da göstərir ki, heteroseksual yola nisbətən, İİV-ə homoseksual yolla yoluxma daha yüksəkdir.

- Daşıyıcısı olduğu virusdan xəbərdar ola-ola başqasını yoluxdurma faktının cəzası varmı?

- Əlbəttə. Qanunvericiliyə əsasən, ölkədə bir şəxs iki nəfəri İİV-ə yoluxdurubsa, o, ən azı 3 ilədək, 2-dən çox insanı yoluxdurubsa, 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

- Müşahidələrinizə əsasən deyə bilərsinizmi, homoseksual yolla virusa yoluxanlar adətən hansı təbəqənin adamlarıdır?

- Homoseksuallar konkret olaraq seks-biznes fəaliyyəti ilə məşğul olan insanlardır. Acınacaqlı hal budur ki, Azərbaycanda bu yola gedən insanlar əsasən, seks-bizneslə məşğul olurlar. Homoseksual ola bilər və hansı ki, onlar ancaq bir nəfərlə əlaqədə olur, sağlamlığını qoruyur. Lakin hazırda vəziyyət bir qədər təhlükəlidir, çünki bu sahəni artıq biznesə çeviriblər. Ən pisi də odur ki, homoseksullar arasında xəstəlik daha çox yayılıb.

- QİÇS Mərkəzi onların xəstəliyi ilə hansı formada mübarizə aparır?

- Yəqin, çoxları onların toplaşdığı yerlər barədə məlumatlıdır. Gecə vaxtı adətən əvvəldən müəyyənləşdirdikləri yerə toplaşırlar və bir gündə bir neçə nəfərlə əlaqədə olduqları üçün virusun yayılma ehtimalı yüksək olur. Biz onların kütləvi toplaşdığı yerlərə gedib pulsuz həvəsləndirici vasitələr verməklə onları müayinəyə cəlb edirik. Çünki başqa yolla onları müayinəyə cəlb etmək çətin olur. Müayinədən sonra onlarla məsləhətləşmə aparılır. Çünki onlar intihara meyilli olurlar. Ona görə əvvəlcədən onlara başa salırıq ki, sizin xəstəliyinizi müalicə edəcəyik.

- Qeyd etdiyiniz kimi homoseksual yolla virusa yoluxma halları sürətlə artmaqdadır. Xəstəliyin hazırkı vəziyyətini risk qrupuna daxil etmək olarmı?

- Ümumdünya Səhiyyə Təşkilatının verdiyi ümumi kllasifikasiyaya görə, əgər insan qrupları arasında infeksiyaya yoluxma halları 5 faizdən artıqdırsa, bu, artıq risk qrupu sayılır. Biz də bu qruplar arasında iki ildən bir kəşfiyyat epidemioloji tədbirləri keçirib tendensiyanı izləyirik. 2011-ci ildə küçə uşaqları arasında monitorinq apardıq, yaxşı haldır ki, onlar arasında hepatit, siflis aşkarlansa da, QİÇS aşkarlanmadı. Baxmayaraq ki, dünyada küçə uçaqlar arasında erkən cinsi əlaqədə olduqları üçün İİV/QİÇS daha çox yayılıb.

- Məhbuslar arasında xəstəliyin yayılma səviyyəsi necədir?

- Məhbuslar arasında xəstəlik daha çox narkotik istifadəçiləri arasında yayılır. Bir narkomanı müayinəyə cəlb edirik, ona pul veririk və o da həvəslənərək öz dostlarını da müayinəyə cəlb edir. Xüsusi qeyd etmək lazımdır ki, son vaxtlar bu sahədə vəziyyət qənaətbəxşdir. Həbsxanalarda keçirilən layihələrin nəticələrinə əsasən deyə bilərik ki, vəziyyət müsbətdir.

- Məhbusların müayinə və müalicəsi necə aparılır?

- Orada hər bir məhbus tibb məntəqəsinə yaxınlaşıb müayinədən keçə bilər. 15 dəqiqə ərzində analizin cavabı bilinir və virusa yoluxan məhbus dövlət hesabına müalicə olunur. Əvvəl məhbuslar, adətən, gecikmiş mərhələdə gəlirdilər. İndi vəziyyət yaxşıdır. İİV və QİÇS-ə yoluxan məhbuslar da digər vətəndaşlar kimi pulsuz müalicə olunurlar.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər