23 May 2022 12:15
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrimizə xüsusi önəm veririk. Məmnunluqla qeyd etmək istəyirəm ki, qarşılıqlı hörmət ilə səciyyələnən münasibətlərimiz otuz illik dövr ərzində böyük inkişaf yolu keçib”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Roma Papası Fransisk həzrətlərinə təbrik məktubunda yer alıb.

“2002-ci ilin mayında Papa II İohann Pavelin və 2016-cı ilin oktyabrında Zati-müqəddəslərinizin Azərbaycana tarixi səfərləri həm ikitərəfli əlaqələrimiz, həm də sivilizasiyalararası dialoq baxımından mühüm əhəmiyyət kəsb etmişdi. Mən də Vatikana etdiyim üç rəsmi səfəri, Sizinlə həm Bakıda, həm də Vatikanda keçirdiyimiz görüşləri ən xoş təəssüratlarla xatırlayıram. 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışı münasibətlərimizin tarixində əlamətdar hadisələrdən biri olmuşdur. 2012-ci ildə isə Vatikanda ilk dəfə müsəlman ölkəsinə – Azərbaycana həsr olunmuş sərgi keçirilmişdir. Bütün bunlar dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlığımızın və birgə səylərimizin təzahürüdür”, - məktubda qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər