İşğalçı Ermənistan hərbi təxribatlar törətməklə mülki vətəndaşları hədəfə alıb. Bu, onların fəaliyyətində yeni deyil. İşğalçılar bu niyyətdə olmasaydılar, Azərbaycanın 20 faiz torpaqlarında mülki vətəndaşlar etnik təmizləməyə məruz qalmazdı, insanların əmlakıına ziyan vurulmazdı. Eyni zamanda bir qisim insanlar yaralanmaz, itkin düşməzdi. Məhz bu cür hallar işğalçı Ermənistanın hərəkətlərində özünü açıq şəkildə göstərir. Ermənistanın reallaşdırdığı əməliyyatlarda da aparıcı bir xətt kimi bu özünü biruzə verir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Komitə sədri qeyd edib ki, hədəf olaraq Ermənistanın siyasətinə daxil olan istiqamətlərdən biri mülki əhali, qadınlar və uşaqlardır: “Çünki heç bir hərbi təhlükə törətməyən, yardıma, himayəyə ehtiyacı olan insanlar davamlı olaraq Ermənistan tərəfindən hədəf seçilir. Eyni zamanda Ermənistan digər maraqlarını reallaşdırmaq üçün də bu amildən istifadə edir. Çox təəssüf ki, bu illər ərazində biz bütün dünyaya Ermənistanın fəalliyyəti barəsində dəfələrlə məlumatlar vermişik. Hətta bizim məlumatlarımız belə beynəlxalq təşkilatların fəaliyyət istiqamətləri üçün əsas prioritet olmalıdır. Bu cür təşkilatların isə əsas vəzifəsi mülki əhalini və onların əmlakını, yaşayış məskənlərini qorumaqdan ibarət olmalıdır. Məhz buna qarşı yönəlmiş hər hansı bir cəhdə, hücuma dərhal reaksiya verilməlidir. Paralel olaraq bu hərəkətə, müharibə cinayətinə yol vermiş tərəf adekvat qiymətləndirməlidirlər".
Bahar Muradovanın sözlərinə görə, təəssüf ki, bu illər ərzində belə hallar baş vermədi: “Odur ki, cəzasızlıq mühitində rahat bir şəkildə bu təcavüzkar niyyətlərini reallaşdıran və insanlığa qarşı yönəlmiş cinayətləri özünün ifadə təzahürü forması kimi qəbul edən Ermənistan hazırkı hadisələr zamanı da bu əməllərini davam etdirməkdədir".
Komitə sədri bildirib ki, bütün təmas xətti boyu Ermənistanın başlıca hədəflərindən biri mülki əhalidir: "Təmas xəttinə yaxın yaşayış məntəqələri, insanların şəxsi əmlakı, kəndlər, şəhərlər Ermənistanın əsas hədəf nöqtələridir. Məhz bu amilin qarşısını almaq üçün ölkə Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən əks həmlə əməliyyatı həyata keçirilir. Eyni zamanda belə cinayətlərin bir daha baş verməməsi üçün ərazilərimizdə təmizləmə əməliyyatı həyata keçirilir. Bu əməliyyatlar müqəddəs bir məqsəd uğrunda savaşdır. Haqlı savaşda Azərbaycanın hər bir nəfəri Ordumuzla, Ali Baş Komandanla birlikdədir".