Perunun bir sıra nüfuzlu KİV-lərində (“Prensa 21”, “La Razon”, “Federación de Periodistas del Perú”) Azərbaycan tərəfinin verdiyi məlumatlara istinadən, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalisi və hərbi mövqelərinə qarşı genişmiqyaslı hücum başlatması barədə məqalələr dərc edilib.
Teleqraf.com xəbər verir ki, yazılarda bu hücumların mülki əhali və hərbi qulluqçular arasında itkilərə yol açdığı, dinc yaşayış məntəqələrinə ciddi ziyan dəydiyi, hərbi təcavüzün qarşısını almaq və mülki əhalini qorumaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə əks-hücum tədbirləri həyata keçirildiyi bildirilir.
Ermənistanın son dövrlərdə törətdiyi təxribatların davamı olan bu hərbi təcavüz aktının 1949-cu il Cenevrə Konvensiyaları və əlavə protokolları da daxil olmaqla beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinin, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin kobud şəkildə pozulması olduğu qeyd edilir.
Məqalələrdə Ermənistan tərəfinin bu addımlarla danışıqlar prosesini tamamilə pozduğu və mövcud vəziyyətlə bağlı bütün məsuliyyətin bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanır.
Sonda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonda Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regionda sülh və təhlükəsizliyə ciddi təhdid yaratdığı qeyd olunur və beynəlxalq ictimaiyyətin Ermənistanın hərbi təcavüz aktını qınamalı olduğu, bu ölkənin özünün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsindəki öhdəliklərinə əməl etməsinə məcbur etməli olduğu və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına birmənalı dəstək verməli olduğu bildirilir.