19 Oktyabr 2020 19:15
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Ceyhun Bayramovun Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə telefon danışığı baş tutub.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, C.Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumat verib.

O, Ermənistan silahlı qüvvələrinin ikinci humanitar atəşkəsə baxmayaraq, ötən gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu, eləcə də gün ərzində Tərtər bölgəsində yerləşən pambıq emalı zavodu daxil olmaqla mülki infrastrukturu atəşə tutduğunu bildirib.

C.Bayramov Azərbaycanın Gəncə şəhərinə Ermənistan tərəfindən edilən raket hücumu və mülki şəxslərin hədəf alınmasını müharibə cinayəti olduğunu və Ermənistan rəhbərliyinin bu cinayətə görə məsuliyyət daşıdığını vurğulayıb.

D.Kıdırəli mülki şəxslərin həyatını itirməsi ilə əlaqədar görə Azərbaycana başsağlığını ifadə edib. O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin məqsədyönlü şəkildə raket atəşinə tutulmasını qəti şəkildə pisləyib və mülki şəxslərin və infrastrukturun hədəf almağın qəbuledilməz olduğunu vurğuladı. Darxan Kıdırəli münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

C.Bayramov Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyi üçün Beynəlxalq Türk Akademiyasının prezidentinə təşəkkürünü bildirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər