İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər şəhərinə sonra gedəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.
“Laçında bu gün hava limanının təməli qoyulacaq. Kəlbəcər-Laçın yolu da yenidən ən yüksək səviyyədə qurulacaq. Və indicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək. Bu da sovet vaxtında inşa edilmiş məşhur tuneldir. 1958-ci ildə inşasına başlanılmışdır. Uzunluğu 200 metrdir. Bizim isə inşa edəcəyimiz tunellər 11 km, 5 km-dir. Bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnədən qalan, Kəlbəcərlə Laçını birləşdirən yeganə yoldur. Artıq işıqlandırılıb. Ermənilər Kəlbəcər və Laçını tərk edərkən bu tuneli partlatmaq istədilər. Görün nə qədər bu adamlar məkrli hisslərlə yaşamışlar. Buranı partlatmaq istədilər, amma alınmadı. Qaçaqaç idi. Kəlbəcər və Laçın təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlarımızdan biridirlər. Nə qədər ermənilər təbiətimizə ziyan vursalar da, tam onu məhv edə bilmədilər”, - Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.