8 Sentyabr 2022 20:24
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir:

- Bir müddət əvvəl bəyan edirdiniz ki, Azərbaycan ordusunun Qarabağda anti-terror əməliyyatının keçirilməsi gözləyirsiniz. Bundan sonra “Qisas” əməliyyatını müşahidə etdik, daha sonra Azərbaycan Laçın və iki kənddə suverenliyini bərpa etdi. Hazırda sülh danışıqlar gedir, siz situasiyanı necə qiymətləndirirsiniz?

- Hazırda rəsmi Bakının atdığı addımları doğru sayıram. Artıq küp strategiyasını qismən yerinə yetiriblər. Perimetr üzrə Laçın və Kəlbəcər istiqamətində strateji yüksəklikləri Azərbaycan ordusu nəzarətə götürüb. Hazırda hərbi-strateji təşəbbüsü inkişaf etdirmək lazımdır. Perimetr üzrə yüksəkliklər tam nəzarətə götürülməlidir. Bunun üçün vaxt yaxınlaşır. Bizim maksimum 72 saatlıq zaman pəncərəsi olacaq.

- Demək istəyirsiniz ki, Azərbaycan ordusunun yeni antiterror əməliyyatını gözləyirsiniz?

- Bəli, mən gözləyirəm və buna ehtiyac da var. Əks təqdirdə, nə Rusiya, nə Ermənistan, nə də Ermənistanın arxasında duran xarici qüvvələr məsələnin siyasi-diplomatik yollarla həllinə imkan verəcəklər.

- Hansı səbəblərdən belə düşünürsünüz, arqumentiniz nədir?

- Çünki burada nə ABŞ, nə Fransa, nə Rusiya, nə erməni kilsəsi, nə də erməni diasporunun marağı təmin edilir. Tam əksinə, bu halda proseslərin inkişaf tempi onların maraqlarının ziddinə gedir. Səbəb çox sadədir.

- Sizin məntiqinizdən belə çıxır ki, ABŞ, Fransa, Ermənistanın özü sülh istəmir, amma danışıqlarda ədalətli vasitəçilik edən Avropa İttifaqı sülhün əldə edilməsində maraqlıdır?

- Burada Avropa Birliyində Paşinyan hökumətini və erməni cəmiyyətini müdafiə edən kəsimi ayırardım. Yəni fərqli qollar var. Həm Avropa Birliyi, həm Paşinyan hökuməti, həm də bu hökuməti dəstəkləyən erməni kəsimi müharibədən yorulub. Onlar regionda sülhün olmasını, kommunikasiyaların açılmasını və Ermənistana rifah qapılarının açıq olmasını istəyirlər. Bu da sülh müqaviləsi bağlanmadan, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri düzəlmədən qeyri-mümkündür.

Digər qrup isə əksinə, vəziyyətin gərginləşməsində maraqlıdır. Bu qüvvələr hadisələrin bu istiqamətdə dərinləşməsindən ciddi narahatdır. Yəni Rusiyanın Ukrayna strateji tələsində qan itirməsi artır. Rusiya tükəndikcə bölgədə də zəifləyir, onun Azərbaycan-Türkiyə tandeminə qarşı duruş gətirməsi çətinləşir. Belə olan halda günün birində müqavimət sına, bu tandem problemi kökündən həll edə bilər. Yuxarıda dediyim kimi, 48-72 saat ərzində imkanımız ola bilər. Bundan da narahatdırlar, özü də ciddi narahatdırlar. Burada söhbət Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı Türkiyənin regionda güclənməsi, Türk Dövlətlər Birliyinin inkişafından və yaranan perspektivindən gedir.

- Brüssel görüşündən sonra ermənilər hər gün atəş açırlar. Səbəb nədir?

- Əslində yuxarıda qeyd etdiyimiz qüvvələrdir, onlara regionda sabitlik lazım deyil. Bu mənada erməni hərbi birləşmələri içərisində tətiyi çəkənlər həmin uzantılardır. Onların içərisində Rusiyaya bağlı qüvvələr var. Eləcə də ABŞ-a, Fransa və erməni diasporuna...Hətta İrana bağlı qüvvələr də var. Paşinyanı onsuz da xəyanətdə, Azərbaycan və Ermənistana işləməkdə ittiham edirlər. Bu saat Paşinyanın özü də proseslərin sürətlənməsində, sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.

- Niyə?

- Paşinyan strateji planda Azərbaycanla sülh sazişini imzalamaqda maraqlıdır. Amma taktiki planda maraqlı deyil. Çünki buna gedəcəyi təqdirdə maraqlı olan qüvvələrlə toqquşur. Bu halda Avropa Birliyi, Türkiyə və Azərbaycanın təzyiqi ilə həmin qüvvələrin təzyiqini müqayisə etdikdə həmin qüvvələr daha güclü görünür. Odur ki, məsələ mürəkkəbdir.

- Moskvadakı erməni milyarderlərin Xankəndi və ya Ermənistana gəlməsi xüsusi maraqlıdır. Rusiya nədən erməni milyarderləri bölgəyə atır?

- Əvvəla, təsadüfi heç nə yoxdur. Təsadüf yalnız insanların məlumatsızlığı ucbatından gəldiyi qənaətdir. Ümumən siyasətdə və hərbi işdə təsadüf olmur. Sualın mahiyyətinə gəldikdə, əslində erməni əsilli Azərbaycan vətəndaşlarını Qarabağda saxlamaq mümkün deyil. Həm hərbi-siyasi durum, həm sosial-iqtisadi vəziyyət, perspektivsizlik ermənilərə bir yolu göstərir: ya Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlara əməl etməli, ya da Qarabağı tərk etməlidirlər. Rusiya tərəfi və digər qüvvələr isə ora maliyyə yardımı etmirlər. Bu, göstərir ki, onlar da bölgədə ermənilərin perspektivsizliyini görürlər. Biznesdə isə perspektivsiz yerə heç kim sərmayə qoymur. Ola bilsin ki, marağı olan qüvvələr müəyyən gedişlər edirlər. Məsələn, Rusiya hərbi əks-kəşfiyyatı əlaqəsi olan milyonçuları göndərir ki, orada həm pul xərcləsin, həm də pul qazansınlar. Üstəlik indiki vəziyyətdə Rusiyanın sanksiya altında olduğunu nəzərə almaq lazımdır. Bu adamlar həm də sanksiyalardan azad olur, Rusiyadakı müəyyən dairələrin sanksiyalardan qaçması üçün mexanizmlər qururlar. Xankəndi isə nəzarətdən kənar ərazidir və buna imkan var. Amma ümumən perspektivsiz işdir. Bəli, uduzan tərəf könüllü təslim olmayacaq, müqavimət göstərməyə çalışacaq. Belə addımlar da getdikcə zəifləyən müqavimətin əlamətidir.

Həm də diqqət etsəniz görərsiniz ki, proses az qala dövlət səviyyəsindən ayrı-ayrı şəxsi adamlar səviyyəsinə düşürülən əməliyyatdır. Bir var siyasi prosesin arxasında dövlət, heç olmasa özəl qurum durur. Amma bunlar yoxdur, əvəzində ayrı-ayrı şəxslər var. Sözsüz ki, bu da perspekti olmayan məsələdir. Lazım gələrsə, Azərbaycan nümunəvi əməliyyat keçirərək bu fikrə düşənlərin qarşısını ala bilər. Mənə elə gəlir ki, bizim xüsusi xidmət bu barədə düşünməlidir.


Müəllif: Nemət

Oxşar xəbərlər