3 Noyabr 2022 13:00
3 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan rəsmilərinin Kremlin Xankəndiyə göndərdiyi Ruben Vardanyanla görüşü istisna olunur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın Qarabağla bağlı separatçı layihəsinə diqqət çəkib:

“Moskvadan Xankəndiyə köçən və separatçıların “baş nazir” postuna yiyələnən erməni milyarder Ruben Vardaynanın Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibəsini oxudum. Müsahibə o qədər genişdir ki, məşhur “Kommersant”ın müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamıram.

Vadyanyanın geniş müsahibəsində bu məsələlərə diqqət çəkir: birincisi, “Qarabağın statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər”; ikincisi, “rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır”; üçüncüsü, “iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır”.

Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib”.

Elxan Şahinoğlu bildirib ki, Vardanyanın Xankəndiyə köçməsi Kremlin layihəsidir:

“Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar.

Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutyunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”.

Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir: “Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır”.

Azərbaycan rəsmilərinin Vardanyanla görüşü istisna olunur. Bu, ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu, həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər