“Bakı Qarabağ məsələsində əməkdaşlığa açıqdır, bu mövqe dəfələrlə ifadə edilib. Ancaq təəssüf ki, Rusiya sülhməramlı kontingentdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Azərbaycan isə sülhməramlıların öz funksiyasını dəqiqliklə və qanun çərçivəsində yerinə yetirməsini gözləyir”.
Bunu Teleqraf.com-a siyasi analitik Oqtay Qasımov deyib.
O əlavə edib ki, sülhməramlılar öz funksiyalarını beynəlxalq hüquqa uyğun həyata keçirsələr, problem olmaz: “Xüsusilə nəzərə almaq lazımdır ki, Rusiya bəyanatlarda Azərbaycanın suveren hüquqlarını Qarabağ üzərində tanıdığını bildirir. Bunu Rusiya prezidenti və digər rəsmiləri dəfələrlə bəyan ediblər. Ancaq dediklərinə əks istiqamətdə işləyirlər. Azərbaycan tərəfi hazırda bu məsələləri dinc yolla, suveren hüquqları və beynəlxalq hüquq prinsipləri çərçivəsində görmək istəyir”.
Mütəxəssis xatırladıb ki, yayda Azərbaycan Melorasiya və Su Ehtiyatları ASC-nin əməkdaşları Sərsəng su anbarına səfər edib, orada vəziyyətlə tanış olublar, texniki baxış zamanı bir sıra məsələlər ortaya çıxsa da həllini tapıb: “Azərbaycan məsələlərin bu istiqamətdə inkişafında maraqlıdır. Amma dekabrın 7-də Volkov timsalında Azərbaycan dövlət nümayəndələrinə monitorinq üçün imkan yaradılacağına söz verilsə də, dekabrın 10-da təxribatçı ssenari işə düşdü və Azərbaycan nümayəndələri əraziyə buraxılmadı.
Üstəlik, Moskvanın Qarabağda yerləşdirdiyi Vardaniyanı ortaya çıxardı və danışıqların onunla aparılmasını təklif etdi. Bu da Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Rusiya 35 il əvvəl Qarabağda Volski idarəsi kimi xüsusi idarə yarada bilməz. Odur ki, ötən gündən Azərbaycan vətəndaş cəmiyyəti və media nümayəndələrinin başlatdığı aksiyaya da bu cür yanaşmaq lazımdır”.
Bundan sonra proseslərin necə gedəciyinə gəldikdə, analitik bildirib ki, hər şey Rusiyanın davranışlarından asılı olacaq: “Rusiya prezidenti Azərbaycan dövlət başçısına zəng edib. Hesab edirəm ki, Azərbaycan tərəfi öz qətiyyətli mövqeyində dayanıb. Aydındır ki, Qarabağda baş verən təxribatçı proseslərin sülhməramlı kontingenti və onu Rusiyadan yönəldən, təlimat verən mərkəzlərdir”.