“Qoşunlarımız Xankəndiyə daxil olandan sonra ermənilər ram olunacaq və onların bir hissəsi Azərbaycan qanunları ilə yaşamağı qəbul edəcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bölgədəki son duruma diqqət çəkib:
“Qarabağın ermənilər yaşayan hissəsində reallıq budur ki, əli silahlı separatçılar “müstəqllikdən başqa heç nəyi qəbul etmirik” deyirlər. Biz bu reallığı dəyişməliyik. Elə etməliyik ki, Qarabağdakı ermənilər Azərbaycan qanunları ilə yaşamaq barədə müzakirələrə başlasınlar. Separatçıların lideri (Araik Arutyunyan) “Azərbaycanla reinteqrasiya” ifadəsini səsləndirib. Yəni əvvəllər dilə gətirmədikləri ifadələri istəmədikləri halda səsləndirməyə başlayıblar. Ancaq bu azdır. Qarabağdakı ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqlar, yenə gücümüzü görməlidirlər. Qarşılarında növbəti dəfə güc gördükdən sonra reallığı qəbul etmək məcburiyyətində qalacaqlar.
Çeçenlər SSRİ-nin dağılmasıyla Rusiyadan ayrıldıqlarını elan etdilər. Rusiya birinci savaşda məğlub oldu. Çeçenlər “Rusiyadan ayrılmışıq” dedilər. Rusiya ikinci dəfə çeçenlərlə müharibə etdi, bu dəfə Çeçenistan Rusiyanın tərkibinə qaytarıldı və Rusiya prezidentinin bölgədəki adamı Ramzan Kadırov Kremlə tabe oldu.
Biz də eyni yolu keçdik, birinci savaşda torpaqlarımızı itirdik, ikincisində torpaqlarımızın böyük hissəsisini geri qaytardıq. Ancaq hələ ki, çeçenlər kimi ermənilərin içərisində “Azərbaycana tabeyik” ifadəsini səsləndirən yoxdur. Çünki məsələni hələ tam həll etməmişik. Rusiya qoşunları Çeçenistanın hamısını geri qaytardıqdan sonra çeçenlər ram olundu. Bizim qoşunlarımız da Xankəndiyə daxil olandan sonra ermənilər ram olunacaq və onların bir hissəsi Azərbaycan qanunları ilə yaşamağı qəbul edəcəklər”.