7 Dekabr 2017 09:40
10 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həqiqəti isə “Amşenlər” Cəmiyyətinin sədri, Ermənistan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sergey Vardanyan açıqlamalı olub. O, “Həmşinlilərin geri qayıtması. Boş yerə hay-küy” adlı məqaləsində Ruslan Qarabacaqovu məsuliyyətsizlikdə, həmşinlilərin “repatriasiyasına” dair gizli planı vaxtından əvvəl açıqlamaqda ittiham edib. O, bildirib ki, həqiqətən də R.Qarabacaqovun Qarabağa səfəri ərəfəsində onunla görüşüb, müzakirələr aparıb və bu mövzunun hələlik qapalı saxlanılmasını təkidlə xahiş edib. Lakin R.Qarabacaqovun “məxfilik rejimini” pozmasından Rusiya və Ermənistanın kütləvi informasiya vasitələrində “həmşinlilərin böyük köçü” barədə əhatəli məlumat yayıldıqdan sonra vəziyyət radikal şəkildə dəyişib. Nəticədə, “həmşinlilərin Qırğızıstandan Qarabağa köçünün Həzrət Musası” iddiasına düşən R.Qarabacaqov səhvini anlamış və “repatriasiya planı”nın təxirə salınmasının əsl səbəblərini etiraf etməli olmuşdu: “Biz düz iş görmədik. Sadəcə olaraq, köç imkanlarının pespektivlərini birlikdə nəzərdən keçirirdik. Lakin mətbuat bunu baş vermiş hadisə kimi təqdim etdi. Nəticədə həm Azərbaycan, həm də Türkiyə beynəlxalq təşkilatlara, Qırğızıstan hökumətinə bu barədə müraciətlər ünvanladı”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Müsəlman ermənilərin «tarixi vətənlərinə qayıdışının» – Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşmasının alovlu tərəfdarları sırasında fransalı müğənni Şarl Aznavur (Şahnur Aznavuryan) da vardır. 2013-cü ildə Parisdə Ermənistan Prezidenti Serj Sərkisyanla görüşü zamanı onun qaldırdığı əsas məsələlərdən biri erməni gənclərinin Ermənistandan kütləvi şəkildə miqrasiyası nəticəsində ölkə əhalisinin sürətlə azalması, şəhər və kəndlərin boşalması olmuşdur. Ş.Aznavur vəziyyətdən çıxış variantlarından biri kimi S.Sərkisyana Ermənistanın öz giriş qapılarının islam dininə tapınan erməni diasporası nümayəndələrinin və həmşinlilərin üzünə geniş açılmasını təklif etmişdir. O, müsahibələrinin birində bu barədə demişdir: «Hazırda Türkiyədə bir milyon erməni (?) yaşayır. Onlar bir çoxunun «türk dili» adlandırdıqları erməni dilinin dialektlərindən birində (?) danışırlar. Düşünürəm ki, Ermənistanın yeni və demokratik cəmiyyəti iudaist, müsəlman, protestant, katolik erməniləri də qəbul etməlidir. Biz bu zaman 7 milyon deyil, 8, 9, 10 milyon nəfər olacağıq».

Əslində, Türkiyə, Suriya, İraq və Rusiyadakı müsəlman ermənilərin, eləcə də «ermənilərin etnik qrupu» kimi təqdim edilən həmşinlilərin Ermənistana köçürülməsi təşəbbüsü yeni olmasa da, hər dəfə uğursuzluqla nəticələnmişdir. Hələ 1966-cı ildə SSRİ-dəki xristian həmşinli icmaları liderlərinin Batumidə qapalı görüşü keçirilmiş, onların Ermənistan SSR-də, Azərbaycan türklərinin yaşadıqları kənd və qəsəbələrdə məskunlaşdırılması məsələsi müzakirə olunmuşdu. Elə həmin görüşdən sonra əlverişli yaşayış məntəqələrinin müəyyənləşdirilməsi məqsədilə onların nümayəndələrinin Ermənistana tanışlıq səfərləri təşkil edilmişdir. Lakin köçürülmə planının icrası yalnız 18 ildən sonra yenidən gündəmə gətirilmişdir. 1984-cü ildə Ermənistan SSR rəhbərliyi SSRİ hökumətinə müraciət edərək Rusiyanın Krasnodar vilayətində, Gürcüstanın Abxaziya Muxtar Respublikasında, Mərkəzi Asiyada – Qazaxıstanda və Qırğızıstanda yaşayan xristian həmşinlilərin Ermənistanın Pəmbək bölgəsindəki kəndlərə köçürülməsi barədə razılıq almağa nail olmuşdu. Qeyd edək ki, nə əvvəlki, nə də sonrakı təşəbbüslərdə müsəlman həmşinlilər köçürülmə proqramına daxil edilməmişdilər. 1985-ci ildə Mixail Qorbaçovun SSRİ rəhbərliyinə gəlməsi ilə başlanan «perestroyka» (yenidənqurma) siyasəti ermənilərin «tarixi vətənə qayıdışı» prosesinə hazırlıq işlərini sürətləndirsə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, eləcə də 1988-ci ildə baş vermiş Spitak (keçmiş adı - Hamamlı) zəlzələsi onun icrasını dayandırmışdır.

2011-2012-ci illər ərzində Rusiya və Ermənistan mətbuatında «Qarabağa qayıdış» planı çərçivəsində Qırğızıstanda yaşayan «müsəlman ermənilərin» – həmşinlilərin Dağlıq Qarabağın azərbaycanlılardan boşaldılmış kəndlərində daimi məskunlaşmaq arzusuna, Ermənistanın isə bu istəyi dəstəkləməsinə dair məlumat yayılmışdır. Hətta Rusiyanın Krasnodar vilayətində erməni dilində çıxan «Erkramas» («Diyar») qəzetinin sevinclə bildirdiyinə görə, Qırğızıstan həmşinlilərinin 200 ailəsi artıq «tarixi vətənlərinə» qayıtmaq üzrədir. Rəsmi İrəvanın «qapalı» hesab etdiyi bu informasiyanı jurnalistlərə sızdıran Qırğızıstan Həmşinlilər Cəmiyyətinin sədri Ruslan Qarabacaqov müsahibəsində demişdir ki, «repatriasiya» məsələsi ilə əlaqədar Ermənistanda və Dağlıq Qarabağda olmuş, hakimiyyət orqanları nümayəndələri ilə birlikdə köçün təşkili, yaşayış məskənlərinin seçilməsi ilə bağlı texniki məsələləri müzakirə etmişdir. Müsahibənin sonunda isə vurğulamışdır: «Ermənistan bizim məskənimizdir. Tale elə gətirib ki, 250 ildən çox müddət ərzində bir yerdən başqasına – Acarıstana, Mərkəzi Asiyaya… köç etmişik. Bu gün axır ki, öz doğma torpağımızda yaşayacağıq».

İlkin plana əsasən, qırğızıstanlı köçkünləri işğal altında olan Ağdərə rayonunun boşalmış kəndlərinin birində məskunlaşdırmaq nəzərdə tutulmuşdur. Xatırladaq ki, San-Stefano sülh müqaviləsinin şərtlərinə görə, Batumi bölgəsi, o cümlədən müsəlman (hənəfi məzhəbli) həmşinlilərin yaşadığı 12 kənd Rusiya imperiyasının ərazilərinə daxil edilmişdir. Lakin İkinci Dünya müharibəsi illərində «sovet hakimiyyətinə etibarsız olduqlarına» və «Türkiyəyə rəğbət bəslədiklərinə» görə Axıska türkləri kürdlər ilə birlikdə Acarıstandan Qazaxıstana (Çimkənd və Cambul vilayətlərinə) və Qırğızıstana (Oş və Calalabad bölgələrinə) deportasiya edilmişdir. 1956-cı ildə həmşinlilərin bəraət almalarına və inzibati nəzarətdən azad edilmələrinə baxmayaraq, onların əvvəlki yaşayış yerlərinə qayıtmalarına icazə verilməmişdir.

Ermənistan, xarici ölkələrdəki erməni diasporası, qondarma «Dağlıq Qarabağ Respublikası hökuməti», Moskvadakı «Amşen» («Həmşin») Cəmiyyəti də onlara təsərrüfat yaradılması üçün hərtərəfli maddi yardım göstərilməsini nəzərdə tutmuşlar. Hətta «Hay Dat»ın mərkəzi ofisinin və Erməni İnqilab Federasiyasının – Daşnaksütyunun siyasi məsələr üzrə nümayəndəsi Kiro Manoyan da mətbuat konfransında toplaşanları bu plana dəstək verməyə hazır olduqlarını, özlərini «etnik erməni» hesab edən həmşinlilərin «tarixi vətənlərinə» qayıdışını alqışlamışdır. Çünki «Həmşinlilər Qarabağ üçün təhlükəli insanlar deyillər. Elə ermənilər var ki, onlar həm Ermənistan, həm də «DQR» üçün daha qorxuludurlar».

Lakin qəflətən həm həmşinli repatriantlar, həm də Ermənistan hökuməti bu istəkdən daşınmalı olmuşdur. «Qarabağa qayıdış» planının həmşinlilərlə bağlı hissəsinin «təxirə salınmasını» Ermənistan maliyyə-iqtisadi vəziyyət ilə əlaqələndirməyə çalışmışdır. Belə ki, rəsmi versiyaya əsasən, Qırğızıstanda kənd təsərrüfatı ilə məşğul olan müsəlman həmşinlilərin qüvvəsi ilə Dağlıq Qarabağın aqrar sektorunun dirçəldilməsi Ermənistan və «DQR» üçün nə qədər cəlbedici görünsə də, İran, Türkiyə və Suriyadan gələn «repatriantlardan» fərqli olaraq, qırğızıstanlıların maddi yardımlara böyük ehtiyacları vardır. Digər tərəfdən, Azərbaycan ordusunun erməni işğalı altında olan əraziləri azad edəcəyinin qaçılmazlığının yaratdığı psixoloji vəziyyət, atəşkəs rejiminin teztez pozulması da Ermənistanı həmin planın icrasından çəkindirmişdir. Üstəlik, rəsmi İrəvan «həmşinli köçü» barədə yayılan məlumatı «jurnalist məsuliyyətsizliyi» və «dezinformasiya» kimi təqdim etməyə çalışmışdır.

Həqiqəti isə «Amşenlər» Cəmiyyətinin sədri, Ermənistan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Sergey Vardanyan açıqlamalı olmuşdur. O, «Həmşinlilərin geri qayıtması. Boş yerə hay-küy» adlı məqaləsində Ruslan Qarabacaqovu məsuliyyətsizlikdə, həmşinlilərin «repatriasiyasına» dair gizli planı vaxtından əvvəl açıqlamaqda ittiham etmişdir. Bildirmişdir ki, həqiqətən də R.Qarabacaqovun Qarabağa səfəri ərəfəsində onunla görüşmüş, müzakirələr aparmış və bu mövzunun hələlik qapalı saxlanılmasını təkidlə xahiş etmişdir. Lakin R.Qarabacaqovun «məxfilik rejimini» pozmasından Rusiya və Ermənistanın kütləvi informasiya vasitələrində «həmşinlilərin böyük köçü» barədə əhatəli məlumat yayıldıqdan sonra vəziyyət radikal şəkildə dəyişmişdir. Nəticədə, «həmşinlilərin Qırğızıstandan Qarabağa köçünün Həzrət Musası» iddiasına düşən R.Qarabacaqov səhvini anlamış və «repatriasiya planı»nın təxirə salınmasının əsl səbəblərini etiraf etməli olmuşdu: «Biz düz iş görmədik. Sadəcə olaraq, köç imkanlarının pespektivlərini birlikdə nəzərdən keçirirdik. Lakin mətbuat bunu baş vermiş hadisə kimi təqdim etdi. Nəticədə həm Azərbaycan, həm də Türkiyə beynəlxalq təşkilatlara, Qırğızıstan hökumətinə bu barədə müraciətlər ünvanladı».

S.Vardanyan məqaləsində onu da əlavə etmişdir ki, Qırğızıstanın müsəlman dövləti olması buradakı həmşinlilərin Qarabağa köçürülməsi planına mənfi təsir göstərmişdir. Digər tərəfdən, bu ölkədə yaşayan müsəlman həmşinlilərin xristian Ermənistanla iş birliyi qurması onları «mürtəd», «islamdan imtina edən xainlər» kimi ciddi ittihamlarla qarşı-qarşıya qoymuşdur: «Biz qeyri-ciddi hərəkətlərimizlə prosesi zərbə altına qoyduq».

Qeyd edək ki, Rusiyanın Krasnodar vilayətində yaşayan həmşinlilərin xristian qrupu isə özünü erməni kimliyi ilə bağlasa da, müsəlman həmşinlilərin böyük hissəsi bu süni identiklikdən imtina etmişdir. Vaxtilə erməni tədqiqatçısı Eduard Vartanov da Rostovda rus dilində nəşr edilən «Ноев Ковчег» (“Nuhun gəmisi”) qəzetində Krasnodarda yaşayan həm xristian, həm də müsəlman həmşinlilərin erməni xalqı ilə heç bir etnik əlaqəsinin olmamasını, əksinə onların tatar (qıpçaq) dilində danışmasını, adət və ənənələrinin, folklorunun, məişətlərinin, geyimlərinin türk xalqlarından qətiyyən fərqlənmədiyini açıq şəkildə göstərmişdir. Həmin məqalədən sonra E.Vartanov «erməni xalqına xəyanətdə» ittiham olunmuşdur. Bundan başqa, müsəlman həmşinlilərin böyük hissəsi özlərini «erməni» kimi identifikasiya etmədikləri üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində əsasən müşahidəçi mövqe tutmuş, nə Azərbaycandakı din qardaşları ilə savaşmaq, nə də onların torpaqlarında məskundaşmaq istəmişlər. Onların Qarabağa köçürülməsinə dair Ermənistanın təkidli çağırışları cavabsız qalmışdır. Buna baxmayaraq, həmin qrupun «erməni identikliyinə qayıdışına» həm Rusiya, həm də Ermənistandakı «həmşinlilər üzrə mütəxəssislər» cəhdlərini davam etdirməkdədirlər.

Bu səylər isə səbəbsiz deyildir. Rusiyada xristian həmşinlilər, hətta etnik ermənilər arasında islamı qəbul edənlərin sayı durmadan artmaqdadır. Bu tendensiya əsasən Moskvada, Soçidə, Krasnodarda və Dağıstanda müşahidə olunmaqdadır. Onlar özlərini «erməni» kimi tanısalar da, aralarında ermənicə danışsalar da, islam qaydalarına ciddi riayət edirlər. Soçidəki Lazerev rayonunda yerləşən məscidin imam cüməsi Umar Nibo NatPress agentliyinin müxbiri ilə söhbəti zamanı erməni müsəlmanların islam dəyərlərinə sədaqətini, dini biliklərə yiyələnmək səylərini yüksək dəyərləndirmişdir. Maraqlı cəhətlərdən biri bu icma üzvlərinin xristian ermənilərdən daha çox azərbaycanlılar ilə yaxınlıq etmələri, ailəvi dost, hətta qohum olmalarıdır. Adının çəkilməsini istəməyən müsəlman ermənilərdən biri yuxarıda adı çəkilən agentliyə müsahibəsində Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətini pisləmiş, islamı qəbul etmiş soydaşlarının rəsmi İrəvanı dəstəkləmədiklərini bildirmişdir.

Özlərini «müsəlman erməni» deyil, «etnik türk» kimi identifikasiya edən Türkiyə həmşinlilərindən alınan məlumatda da son vaxtlar ermənistanlı emissarların Şərqi Anadoluya və Türkiyənin Qara dəniz regionuna səfərlərinin intensivləşdiyi, «Qarabağa qayıdış» planı çərçivəsində həmşinlilərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmağa həvəsləndirilməsinə dair təbliğatın aparıldığı qeyd olunur. Türkiyəli araşdırmaçı Savaş Egilmez isə Ermənistanın «Qarabağa qayıdış» planına belə şərh vermişdir: «Azərbaycanın işğal altında olan ərazilərində «müsəlman ermənilər» etnik qrupunun yerləşdirilməsi məsələsi Ermənistanın xarici siyasətinin bir istiqamətidir… Yaxın illərdə Ermənistan Qarabağda müsəlman türklərə aid məscidlərin və islam dini ilə bağlı ziyarətgahların «müsəlman ermənilərə» məxsus olmasını iddia edəcəkdir».

Hazırda «Qarabağa qayıdış» proqramının növbəti hədəfi Suriya erməniləri, o cümlədən onların «islamlaşdırılmış» hissəsidir. Rəsmi məlumata görə, 2011-ci ildən etibarən təqribən 16 min nəfər Suriya ermənisi Ermənistanda məskunlaşdırılmışdır. Ermənistan Respublikası Diaspora Nazirliyinin aparat rəhbəri Firdus Safaryan daha 16 min qaçqının qəbul edilməsinə hazırlaşdıqlarını bildirmişdir. Lakin bu rəqəm Ermənistana «qaçqın» statusu ilə gəlmiş suriyalı ermənilərin cəmi 16%-i deməkdir. Onların qalan hissəsi isə İrəvanın vədlərinə və canfəşanlığına baxmayaraq, «tarixi vətəndə» həmişəlik qalmaqdan imtina etmiş, buradan Avropa dövlətlərinə miqrasiya etməyi üstün tutmuşdur. O da maraqlıdır ki, yayılan məlumatlarda «repatriantların» dini mənsubiyyəti məqsədli şəkildə bildirilmir. Ermənistandan Qarabağa istiqamətləndirilən repatriantların dəqiq sayı da açıqlanmır.

Lakin Ermənistandakı vəziyyət, həmçinin yerli əhalinin gəlmələrə soyuq, bəzən isə aqressiv münasibəti elə ilk vaxtlardan Suriya qaçqınlarının «tarixi vətənə qayıdışı» haqqında rəsmi İrəvanın şirin illüziyalarını dağıtmışdır. «Xarici ölkələrdən olan qaçqınların Ermənistana inteqrasiyası çox çətindir» – bu sözləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistan üzrə nümayəndəsi Kristof Brivit erməni jurnalistləri ilə görüşündə demişdir. Onun müşahidələrinə görə, Suriyadan olan qaçqınlar da burada ciddi mənəvi problemlərlə üzləşir, adaptasiya olunmaqda çətinlik çəkirlər. Onlar Ermənistanın düşdüyü ağır iqtisadi vəziyyətə, sosial-mədəni həyatına, buradakı korrupsiyaya və maliyyə fırıldaqlarına uyğunlaşa bilmirlər. Belə ki, «Suriyadan gəlmiş ermənilərin birinci qrupu yuxarı və orta təbəqənin nümayəndələrindən ibarət idi. Nəticədə erməni cəmiyyətində belə təsəvvür yaranmışdı ki, guya bütün Suriya qaçqınları geniş maliyyə imkanlarına malikdirlər. Halbuki, sonradan Ermənistana gələnlərin hamısının yardıma və şəfqətə böyük ehtiyacları vardır».

Suriyalı qaçqınların qəbul edilib-yerləşdirilməsi, onların sosial problemləri üzrə ixtisaslaşdırılmış təşkilatlardan biri də Ermənistan Repatriasiya Fondudur (Repat Armenia Foundation – RAF). 2012-ci ildən fəaliyyət göstərən həmin qeyri-hökumət təşkilatının icraçı direktoru Vartan Maraşlyanın sözlərinə görə, əsas məqsədləri Ermənistana daimi yaşamaq üçün gəlmiş diaspora nümayəndələrinin yerli cəmiyyətə adaptasiyası, onların daimi iş yeri və mənzillə təmin edilməsi olsa da, üzləşdikləri problemlər çoxdur. Bu problemlərdən biri yerli əhalinin köçkünlərə neqativ münasibəti ilə bağlıdır. Onlar sosial çətinlikləri, iş yerlərinin azlığını «repatriantların» kütləvi axını ilə əlaqələndirirlər. Vartan Maraşlyan «Yerkramas» qəzetinə verdiyi müsahibədə Ermənistanda və qondarma «Dağlıq Qarabağ Respublikası»nda daimi məskunlaşmaq arzusunda olan qaçqınların dəqiq sayını bildirməkdən yayınsa da, bəzi «repatriantların» Ermənistan pasportu aldıqdan dərhal sonra «Ermənistan Respublikası vətəndaşı» kimi Avropa dövlətlərinə mühacirət etdiyini də təəssüflə etiraf etmişdir. Lakin onu da bildirmişdir ki, «məlum aprel hadisələrindən» (2016-cı ilin aprel ayının ilk günlərində Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəzərdə tutulur – A.Q.) sonra «repatriantların» Ermənistana cəlb olunması və məskunlaşdırılması daha çox siyasi əhəmiyyət kəsb etməyə başlamışdır. İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Qiraqosyan isə suriyalı qaçqınların əsas hissəsinin Ermənistanda və «DQR»də məskunlaşmaqdan imtina etməsinin əsas səbəbi kimi iqtisadi tənəzzülü, korrupsiyanın səviyyəsinin artması nəticəsində Ermənistanın cəlbedici ölkə olmamasını göstərmişdir. Qeyd etmişdir ki, «Dağlıq Qarabağın suriyalı qaçqınların nə qədərini və hansı müddətə qəbul edə bilməsi hələlik məlum deyildir. Lakin hazırda onlar üçün yaşayış evlərinin tikintisinə başlanılmışdır. Ehtimal edilir ki, bu fəaliyyət regiondakı münaqişənin daha da kəskinləşməsi ilə nəticələnəcəkdir». Mətbuata sızan məlumata əsasən, 2012-ci ilin əvvəllərində Suriya qaçqınlarından ibarət 29 ailə (təqribən 90 nəfər) Qarabağa köçürülmüşdür. 2013-cü ildə isə Bostondakı erməni icmasının topladığı 1,3 milyon ABŞ dolları məbləğində vəsait hesabına işğal altında olan Zəngilan rayonunun Xanlıq kəndinin ərazisində suriyalı 30 ailə üçün yaşayış evləri tikilib istifadəyə verilmişdir. Ermənilər kəndin adını dəyişmiş və «İşxanadzor» qoymuşlar.

Almaniyanın «Deutschlandfunk» nəşrinin müxbiri Naomi Konrad 2016-cı ilin ortalarında həmin kənddə olmuş və burada təkcə Suriyadan deyil, Livandan da gəlmiş 20 ailənin yerləşdirilməsi barədə məlumat vermişdir Kənddə tanış olduğu Hayk Xaçaturyan adlı qaçqın aprel döyüşlərində muzdlu döyüşçü qismində iştirak etdiyini bildirmiş, jurnalistin «Siz nə üçün digərləri kimi Avropaya mühacirət etmədiniz?» sualına belə cavab vermişdir: «Burada bizi dəstəkləyir və evlə təmin edirlər». Qondarma «Dağlıq Qarabağ Respublikası» baş nazirinin köməkçisi Artak Bəyləryan isə qaçqınların məskunlaşdırılmasının separatçı rejim üçün əhəmiyyəti barədə bunları bildirmişdir: «Nə qədər çox erməni burada məskunlaşarsa, bizim bu torpaqlara hüquqlarımız bir o qədər artacaqdır».

Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, Ermənistanın «Qarabağa qayıdış» planının siyasi, dini aspektləri, dövlətlərarası münasibətlərə təsir imkanlarına dair mülahizələrə əsasən Ermənistanın bu proqramın reallaşdırılmasında əsas məqsədləri aşağıdakılardır:

• ilk mərhələ olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılması, Azərbaycan və Ermənistan arasındakı «bufer zonası»nın (işğal altında olan Azərbaycan ərazilərinin) «islam amili» ilə möhkəmləndirilməsi;

• Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində «müsəlman ermənilərdən ibarət dini icmaların» yaradılması və onların vasitəsilə islam dövlətləri ilə siyasi-iqtisadi və mədəni əlaqələrin qurulması, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin normallaşdırılması;

• Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində «DQR»-in «iştirakçı tərəf» olması iddiasının təmin edilməsi, islam ölkələrində münaqişə barədə formalaşmış «xristian-müsəlman qarşıdurması» formatının tədricən dəyişdirilməsi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda fəaliyyətini «Qarabağın müsəlman əhalisinə qarşı hərbi təcavüz» kimi təqdim olunması;

• imkanlı «repatriantların» Ermənistan iqtisadiyyatına investisiya qoyuluşuna nail olunması;

• «Dağlıq Qarabağın şiə erməni dini icmasını» formalaşdırmaqla İranın regionda və münaqişənin həllində mövqeyinin möhkəmləndirilməsi və təsir imkanlarının artırılması. İrana «Qarabağın müsəlman (şiə) erməni əhalisinin müdafiəçisi» statusunun verilməsi;

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Naxçıvan Muxtar Respublikasına Ermənistanın ərazi iddialarının etnosiyasi faktoidlərlə əsaslandırılması, bu zaman vaxtilə «yerli əhalinin əsas hissəsini təşkil edən türkləşmiş müsəlman ermənilər» mifindən istifadə olunması;

• «Azərbaycanda XVI-XVII əsrlərdə islam dinini qəbul edən və tamamilə assimilyasiya olunan ermənilərin» mövcudluğunu iddia etməklə bu etnosun təkcə həmin əsrlərdə deyil, ondan əvvəlki dövrlərdə də Cənubi Qafqazda məskunlaşmasının «təsdiqi»;

• Azərbaycanın maddi-mədəni və qeyri-maddi mədəni irs nümunələrinin mənimsənilməsində «türkləşmiş müsəlman ermənilər» amilindən istifadə olunması, Azərbaycanın həmin dini-etnik qrup vasitəsilə erməni mədəniyyətini özününküləşdirməsində ittiham edilməsi.

(Ardı var)


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər