18 Aprel 2017 15:40
5 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsinin növbəti qonağı tanınmış şair Qulu Ağsəsdir. O, mərhum muğam ifaçısı Qədir Rüstəmovu xatırlayır.

Qulu müəllim, Qədir Rüstəmovla tanış olduğunuz gün yadınızdadırmı?

– Hamı kimi mən də Qədiri mahnıları ilə tanımışam. Amma başqaları ilə fərqim bu idi ki, onu tez-tez görmək imkanım da vardı.

Harda görürdünüz ki?

– Hərçənd onu toylarda az görmək olurdu. Açığı, Qədir getdiyi toyda mən iştirak edə bilmirdim. Çünki yaşım imkan vermirdi. Daha çox çayxanada, küçədə, məscidin, evlərinin yanında görürdüm. 1986-cı ildə isə Azərbaycan televiziyası Ağdamda bir tədbir keçirirdi. Həmin tədbirdə şeir demişdim, Qədir də orda idi. O vaxtlar Ağdamın iki əfsanəsi vardı: Qədir Rüstəmov və Rəmiş! Hamı onlarla görüşməyə can atırdı.

Rəmişlə Qədir dost olublar?

– Həm dost idilər, həm də ömür boyu bir-biri ilə yola getmirdilər. Münasibətləri heç vaxt stabil olmayıb. Gah dalaşıblar, gah da barışıblar.

Bəs onu istedadlı bir sənətkar kimi nə vaxtdan və necə tanıdınız?

– Yadıma gəlir, “Ulduz” jurnalında Seyran Səxavətin müsahibəsini oxumuşdum. Bu müsahibə Qədiri sevməyimdə böyük rol oynadı. Müsahibədə Qədir Seyran Səxavətdən soruşur ki, “balığın səsini eşidə bilirsən? Mən eşidirəm”. Məhz bu müsahibədən sonra anladım ki, bizim rayonumuzda, əhatəmizdə hər şeyə öz qeyri-adi baxışı olan bir sənətkar yaşayır.

Neçənci illər idi?

– 80-ci illər. Mən o zaman anladım, Qədir təkcə məclislərdə şəninə sağlıq deyilən adam deyilmiş. Seyran Səxavət deyirdi, evdə tək oturub Qədirin bir mahnısına, məsələn, “Sona bülbüllər”ə qulaq asmaq təhlükəlidir, adam intihar eləyə bilər. Yeri gəlmişkən, Qədir Rüstəmov xarakterini də qoruyub saxlamağı bacaran adam idi. Allah iraq eləsin, sakit, fağır bir adam olsaydı, onu məhv edərdilər. Heç kimin qabağından yemirdi.

Axı çox sakit adama oxşayırdı...

– Oxşayırdı. Amma xaraktercə görünüşünün tamam əksi idi.

Ən yaddaqalan görüşünüz nə vaxt olub?

– Azərbaycan dövlət radiosunda işləyirdim. O vaxt “Azadlıq” qəzetində humanitar şöbə müdiri işləyən Zöhrab Əmirxanlı zəng elədi ki, Qədir Rüstəmovla müsahibəyə razılıq almışam, səninlə birlikdə getmək istəyirəm. Zöhrab məni ona görə yanında aparırdı ki, üstünə hücum olsa Qədirə desin: “Qulu Ağsəs də burdadır” (gülür). Məlum oldu ki, Qədir heç məni tanımır, yəni mənim orda olmağım heç bir rol oynamır. Bizi görən kimi acıladı.

Nə dedi ki?

– Dedi, müsahibə vermək istəmirəm. Uzun yalvar-yaxardan sonra qayıtdı ki, mən Bakıda sıxılıram, şəhər kənarına gedək. Beləliklə, minib maşına Qaradağ rayonuna yola düşdük. Qədir qəlyan əlində qabaqda oturmuşdu və bütün suallarımıza eyni tonla beləcə cavab verirdi: Yox!

“QAİ” maşını saxlatdı. Açığı mən sevindim ki, nəsə maraqlı bir hadisə baş verər, bu pərtlik aradan götürülər. Təəssüf, belə olmadı. Qədir yol polisləriylə dalaşdı, postun rəisi gəldi, onu tanıdı. Qəfil Qədir əlini yaxasına atdı, qışqırdı ki, “əəə, mənim ordenimi nenəmisiniz?!” Onda başa düşdüm ki, Qədir Rüstəmovla müsahibəyə gedirəm.

Necə yəni?

– Çünki əslində, Qədir Rüstəmovun yaxasında orden yox idi. O vaxt hələ ordenin eskizi Milli Məclisə təzə təqdim olunmuşdu. Təsdiq olunandan sonra Nazirlər Kabinetinə təqdim olnacaqdı. Yəni hələ qabaqda uzun mərhələlər, proseslər vardı. Sadəcə sərəncam çıxmışdı – Qədir Rüstəmovun “Şöhrət” ordeni ilə təltibi haqda sərəncam.

“QAİ” işçiləri bizi sözün bütün mənalarında yola verdilər. Həmin vaxt başa düşdüm ki, biz çox ağır bir iş dalınca gedirik. Getdiyimiz yerdə ev yiyəsi bizi çox yaxşı qarşıladı. Heyvan kəsmək, kabab çəkmək və s. Hətta ayağını yumaq üçün Qədirə vannada su da gətirdilər, vannanı aşırıb dağıtdı. Bir sualımıza da cavab vermədi. Ondan heç nə soruşa bilmədik, bütün suallarımıza cavab birmənalı olaraq belə idi: Yox! Və gecənin bir yarısı həmin evdə qalmaqdan qəti şəkildə imtina elədi. Dedi, qayıtmalıyıq... Gecə saat iki, yoldan it, tülkü, çaqqal... Birdən Qədir çönüb bizə nə desə yaxşıdı?

Yaxşı, nə dedi?

– Əəə, hansınızın üstündə tüfəng var? İnanın Allaha, tapança desəydi, başa düşmək olardı, çaşıb qalmazdım. Çünki tapançanı coraba da qoymaq olardı. Tüfəng... qısaqol köynəkdə adamda... Dedi, yolu tülkü, çaqqal, canavar götürüb, bir güllə atardıq. Mən bu hadisədən - üstünə də əlavələr etməklə - “Qədir gecəsi” adlı bir xatirə yazdım. Yazı barədə Qədir müəllimə dedim. Dedi ki, o gecə haqqında əgər bir kəlmə belə yazsan, səni tutduracam. Tez-tez də deyirdi ki, ordenimi siz oğurlamısınız. (gülür)

Yazınızı Qədir müəllim özü oxudumu? Münasibəti necə oldu?

– Çıxandan sonra zəng elədi, dedi, yazını mənə oxudular, çox xoşuma gəldi. Üstündən on gün keçəndən sonra təzədən zəng elədi ki, bəs sən o yazıda məni biabır eləmisən. Səni tutduracam! Üstündən yenə on gün keçəndən sonra məclislərin birində qarşılaşdıq, dedi, yazını o gün savadlı, hörmətli bir adam mənə təriflədi. Yenə də bir müddət keçəndən sonra zəng edib dedi ki, sən getdin içəri, səni tutduracam!

Bu hədələr və təriflər nə vaxta kimi davam elədi?

– Bütün ömrü boyunca, son görüşümüzə qədər. Məni görəndə deyirdi ki, onsuz da sən içəridəsən, sən getmisən (gülür).

Ciddi deyirdi, yoxsa zarafat edirdi?

– Tam ciddi. Deyirdi, “əəə, mən havaxt gedib oraları dağıtmışam?” (gülür)

Heç kimsə toyunda oxuması üçün sizdən xahiş edirdimi Qədir müəllimi çağırasınız?

– Bir dəfə bahalı bir toya Qədiri razı saldım. Toy yiyəsi demişdi ki, nə qədər desə, pul verirəm, təki Qədir müəllim gəlib toyda otursun. Oxumasa da olar. Gəldi. Çatan kimi pulunu verdilər. Özü oxumaq istədi. “Sona bülbüllər”i başlayanda hamı ayağa qalxdı. Dedi, oturun aşağı, onda karıxıram. Gecə maşınla məni gətirib evin yanında düşürtdü.

Sizcə onun xarakterinin adı nə idi?

– Azadlıq. Qədir Rüstəmov xaraktercə çox azad adam idi. Hər hansı bir əsər üçün, esse, hekayə üçün Qədirdə bolluca material vardı. Tədbirlərin birində məni gördü, yanındakılara dedi, bu, yaxşı oğlandır, amma bir dəfə də olsun mənim halımı soruşmur. Bir neçə gün sonra zəng etdim ki, Qədir müəllim, necəsiniz, uşaqlar necədir? Sağollaşanda qayıtdı ki, o günü dedim halımı soruşmur, taa gündə-gündə zəng eləyib zəhləmi tökmə. (gülür)

Doğrudan tez-tez zəng edirdiniz?

– Qədir xaraktercə belə bir insan idi ki, zəng vurursansa, sənin mütləq vacib bir sözün olmalıdır. Bütün veriliş dəvətlərinə cavabı birmənalı olaraq yox idi. Onun bir maraqlı xüsusiyyəti də vardı ki, heç vaxt heç kim haqqında mənfi fikir deməzdi. Hansı ifaçı haqqında soruşsan, necə oxuyur? Deyərdi, yazıq əziyyət çəkir.

Bəlkə ironiya edirmiş...

– Daha bilmirdik ironiya ilə deyir, yoxsa sidq ürəklə.

Alim Qasımovla araları yaxşı olub?

– Bir dəfə Habil Əliyev Alim Qasımovun yerdən oturub oxumasını tənqid eləmişdi. Qədir Rüstəmov Alimi dəstəkləmişdi. Alim özü də Qədiri həddən ziyadə çox sevir, qiymətləndirirdi. Alimin özündə də Qədirdən xeyli xüsusiyyətlər var. Qədiri Qədir edən xarakteri deyil, səsi idi. Zəif səsli bir insan Qədirin hərəkətlərini eləsə heç kim onu başa düşməzdi, ona heç kim dözməzdi. Qədirin səsi qocalmadı. Professionallaşdı, səsinin texnikası artdı.

Deyilənə görə Türkiyədə komada olanda yalnız öz doğmalarının səsinə reaksiya verirmiş. Doğrudanmı belə olub?

– Hə, elə olub. Doğmalara reaksiya verir, gözlərini qırpırmış, amma həkimlərin səsinə yox. Çünki Qədir türklərin danışığını, səsini doğma qəbul eləmirdi. Əvvəla, Qədir Türkiyə türkcəsini bilmirdi. İkincisi, türk həkimin səsi onun üçün yad idi. O, öz “xoduna”, öz xoşuna yaşadı. Harda balıq görsə, tutmaq istəyirdi. Fərqi yox idi qadağan olunub, ya yox. Qədir muğam aləmində olan heç bir intriqaya qoşulmur, öz şəxsiyyətini qoruyurdu. Bir dəfə Ağdamda ona deyiblər ki, televiziyada çıxış edəcəksən, bəs, saçlarını vurdur. O da gedib saçlarını dibindən qırxdırmışdı ki, mənə katib niyə deyib get saçlarını vurdur? (gülür)

Hmm, maraqlı insan olub həqiqətən...

– Çox. Onun haqqında deyirlər, guya “Sona bülbüllər”i altı saata yazıblar. Amma Qədir Rüstəmov özü deyirdi ki, mən o mahnını studiyada bircə dəfə oxudum və çıxdım. Onun üçün müşayiətçinin fərqi yoxuydu: tardı, qarmondu, gitaradı, sazdı və yaxud başqa bir alət. Amma sevdiyi tarzənlər də vardı. Məsələn, Əhsən Dadaşov. Deyirdi, qəribə tar çalır. Özü də qəribə adam idi. İyirmi il idi Bakıda yaşayırdı, amma ağzını açan kimi bilirdin ki, bu adam ağdamlıdır. O danışığı, dialekti, ləhcəni heç vaxt bir yerdə dəyişmədi. Bir dəfə canlı yayıma çıxmışdı. Danışdı, danışdı, axırda da dedi, mən Ağdamda dərs deyirəm, amma gedib eləmirəm. Direktor pulu göndərir “Şamaxinka”ya, uşaq da gedib ordan götürür. (gülür). Sonra onun haqqında bir sənədli film çəkdilər. Getdilər Ağdamdakı məktəbə, uşaqlara dedi, özünüzü elə aparın, guya siz mənim şagirdlərimsiniz. Düzdür, heç birinizin üzünü görməmişəm, amma siz deyin, görmüşük. Elə də getdi efirə. Qədir üçün Sovet Azərbaycanı ilə müstəqil Azərbaycanda yaşamağın heç bir fərqi olmayıb. Çünki o vaxt da, ondan sonra da öz istədiyini edirdi. Bir cəhəti də vardı ki, əsgərlərə həmişə dəstək olurdu.

Necə dəstək?

– Qədir Rüstəmovu görmək əsgər üçün nə qədər xoşdur. O, Fred Asifə, Allahverdi Bağırova, Qatır Məmmədə qoşulub səngərə gedirdi, oxuyurdu, deyib-gülürdü. Sona qədər də Ağdamı tərk eləməmişdi. Bakıda ona ev də tutmuşdular, iş də tapmışdılar ki, gəlsin yaşasın, efirlərə çıxsın. Qədir Bakıda qala bilmirdi.

Ağdamın qayıdacağına inanırdı?

– Çox inanırdı. Bəlkə də buna ən çox inanan Qədir idi. Və bəlkə də o indi Ağdamdadı... Azərbaycanın bir neçə məmuru Qədirin təkcə himayədarı yox, həm də fanatı idi. Qədirin sözü onlar üçün hökm idi. Onlara zəng edib kimisə tapşıra bilərdi, deyə bilərdi ki, filankəsin filan problemi var, onu həll eləmək lazımdır.

Bir kadr da var, mərhum prezident Heydər Əliyevin qarşısında “Sən getdin” mahnısını oxuyur...

– Həmin görüşdə Qədir Rüstəmovun oxuması nəzərdə tutulmayıbmış. Orda Qədirdən xahiş ediblər ki, oxusun. Prezident Heydər Əliyev Qədir Rüstəmova “Şöhrət” ordeni təqdim edəndə ona nə qədər hörmətlə yanaşdığı aydın görünür.

“Sona bülbülləri” Qədir Rüstəmovun şah əsəri saymaq olarmı?

– Yox, mən belə hesab etmirəm. Məsələn, “Ay dili-dili”... Yaxud “Gərək günəş dağları aşıb sönməyəydi”ni Qədir elə oxuyur, elə oxuyur ki, Seyran Səxavət demiş, ona tək olanda qulaq asmaq olmaz. Qədirin ifasında bir yox, bir neçə mahnı var ki, misilsizdir. Təkcə “Sona bülbülləri” qabartmaqla o birilərinin üstünə kölgə salmağın əleyhinəyəm.

Musiqi savadı vardımı?

– Qədir ustad görmüşdü. Klassik muğama “el yolu” deyirdi. O, Xanın, Zülfi Adıgözəlovun qoyduğu yolu el yolu adlandırırdı. Qədir çox mühafizəkar idi. Deyirdi, muğam nə cürdürsə, o cür də oxumaq lazımdır. Qədirin elədiyi bütün novatorluq həmin el yolunun, ənənənin içində idi. Yəni ənənəni pozmurdu, amma içinə elə xallar, elə güllər vururdu ki, bunu ancaq Qədir eləyə bilərdi. Ustadın repertuarı çox düzgün idi. O, elə-belə mahnı oxumurdu. Ya klassik bəstəkar mahnıları, ya da xalq mahnıları. Qədir oxuduğu toyda heç kim gəlib ona ara mahnısı sifariş verə bilməzdi. Lap cavanlığından belə olub. Qavalı tullayardı, orda dava salardı ki, sən məni təhqir edirsən.

Təbiətin çağırışına həmişə təslim olurdu. Ağacdan, meşədən, çöldən, quşdan, yarpaqdan ötrü darıxırdı. Əgər Qədir təbiətdən ötrü darıxırdısa, onu nə pul, nə var-dövlət nə məmur... yolundan döndərə bilərdi, həmən çıxıb gedəcəkdi. Adama elə gəlirdi ki, o, təbiətin, quşların, ağacların, balıqların doğrudan da dilini bilir. Hərdən də fikirləşirəm ki, Qədir mahir ovçu deyildi. Sadəcə, balıqlar özləri istəyirdi onun toruna düşsün, quşlar özləri istəyirdi onun gülləsinə tuş gəlsin. Qədir təbiəti sevdiyinə görə təbiət də onu sevirdi.

Dostları kim idi?

– Qədirin dostları həddindən artıq çox idi.

Bəs özü kimi dost hesab edirdi?

– Allah bilir, Qədir kimi özünə dost hesab edirdi.

Həmişə yanında kimlər olurdu?

– Cürbəcür adamlar. Məsələn, Qədirin yanında nazir müavini də görmüşəm, deyib dostumdur. Yaxud yanında maşın ustası da görmüşəm, üstü-başı mazut. Qədir deyib dostumdur, özü də ən yaxın. Məncə, o, Səs idi. Sizcə, Səsin dostu kim ola bilər?..

Çinarə Böyükçöl


Müəllif:

Oxşar xəbərlər