Teleqraf.com xəbər verir ki, bu sözləri rejissor Rza Rzayev verdiyi geniş müsahibədə Rövşən Lənkəranski haqda çəkəcəyi filmdən danışarkən deyib.
Rejissor bildirib ki, sovet dövründən sonra cəmiyyətdə baş verən dəyişikliklər sənətə baxışa da təsirsiz ötüşməyib:
“Hazırda cəmiyyətimizdə peşəkar sənət adamları ilə yanaşı, peşəkar tamaşaçıların da qıtlığını yaşayırıq. Bunların vəhdət halında olması sənətə baxışı düzgün istiqamətdə aparmır. Mən deyəndə ki, Rövşən Lənkəranski haqqında film çəkməyə hazırlaşıram, insanlar belə düşünür ki, mən onun həyatını başdan-ayağa lentə alacağam. Əslində, film sənəti bu deyil. Film sənəti bir hissə ilə bütövü anlatmaqdır. Bizim burda məqsədimiz Rövşənin timsalında bir Azərbaycan kimliyini tanıtmaqdır. Əgər biz kinomuzda Azərbaycanın hər hansı bir Milli Qəhrəmanının təsvir ediriksə, onun timsalında yurdumuzun bütün Milli Qəhrəmanlarını tərənnüm edirik. İzləyənlər də bilir ki, mənim kinolarımda rejissorun adı yerinə “Bir Azərbaycanlı filmi” yazılır. Bu o deməkdir ki, film Azərbaycan dilində danışmalıdır. Bu o demək deyil ki, filmdə dialoqlar Azərbaycan dilində verilir. Filmin səsini aldıqda izləyici bilməlidir ki, Azərbaycan filminə baxır”.
Rza Rzayev filmin formatı haqda bunları deyib:
“Rövşən Lənkəranski haqqında çəkəcəyimiz film iki bölümdən ibarət olacaq. Birinci bölüm Sovet dönəmində kriminal aləmdə baş verən hadisələri, ikinci bölümdə isə ölkəmiz müstəqillik əldə etdikdən sonrakı dövr əhatə olunacaq.
Bu filmdə də biz onun bütün həyatını əvvəldən axıra kimi lentə almayacağıq. Bu, heç mümkün də deyil. Bunun baş verməsi üçün biz gərək serial çəkək. Filmdə onun həyatında bir hissəni verməklə o insanın xarakterini, bir azərbaycanlı düşüncəsinin Rövşənin vasitəsi ilə o aləmə necə gəldiyini göstərəcəyik”.
Rejissor qanuni oğru aləmində Lotu Bəxtiyar, Lotu Hikmət, Lotu Cavanşir kimi şəxslərin içindən niyə məhz Rövşən Lənkəranskini obraz kimi seçdiyinə də aydınlıq gətirib:
“Öncə qeyd edim ki, bizim cəmiyyət “lotu” sözünün anlamını fərqli qəbul edir. Amma bu aləmdə bu söz nüfuz sahiblərinə deyilir. Az öncə sadaladığınız bu insanlar klassik oğru dünyasına məxsus olan insanlardır. Bu insanlara bu adlar Sovetlər dönəmində verilib. Bununla yanaşı, bu insanların heç biri Rövşən qədər populyar ola bilmədilər. Eyni zamanda Rövşən Azərbaycan müstəqillik qazandıqdan sonra ad almış insandır və rus müxbirlərinin dediyi kimi ifadə etsək, o ad ona verilmədi, Rövşən o adı özü qazandı. Rövşən bu dünyada fərqli bir xarakter sərgilədi, qorxmazlıq, əzmkarlıq gətirdi. Bundan əlavə bilirik ki, Rövşən elə məhkəmə zalındaca öz atasının qatillərini qətlə yetirib. Bu, bir Azərbaycanlının ataya verdiyi dəyərdir. Biz digər qanuni oğruların həyatını araşdırsaq görərik ki, Rövşənin həyatı o birilərindən fərqli olub, yəni o bu dünyada fərqli yaşadı. Onun ölümü belə onun haqqında əfsanələr yaratdı. Bu gün də insanlar onun ölümünə inanmırlar. Belə nəticəyə gəlmək olar ki, Rövşən Lənkəranski ölməyib. Əgər bir insanı insanlar bu qədər sevirsə, ona bu qədər rəğbət bəsləyirsə niyə də onun haqqında film çəkilməməlidir?!
İnsanlar bəzən mənə irad bildirirlər ki, niyə bu haqda film çəkirsən? Mən onun haqqında film çəkməsəm də, biz bu aləmin varlığını inkar edə bilmərik”.
Xatırladaq ki, tanınmış qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda öldürülüb.