15 Sentyabr 2017 09:10
4 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalq artisti Ramiz Novruzla müsahibəni təqdim edir.

– Ramiz bəy, bir aktyor olaraq “Sizi dünyalar qədər sevirdim” filmində oynadığınız Həzi Aslanov roluna görə tanınmağa başladınız. Maraqlıdır, özünüzdə Həzi Aslanov qəhrəmanlığından nəsə hiss edirsinizmi?

– Əgər oynadığı rol alınıbsa, deməli, mütləq Həzi Aslanovdan məndə nəsə var. Həzi Aslanov rolu mənim taleyimdə vizit kartına çevrilib. Belə faktlar çoxdur. Məsələn, “Yeddi oğul istərəm”də Bəxtiyar rolu Həsən Məmmədovun vizit kartıdır, Nəsimi Rasim Balayevin.

Həzi Aslanov haqda filmin ssenarisi çox səmimi idi, bircə çətinliyi onda idi ki, rus dilində yazılmışdı. Film dilimizə sonradan dublyaj olundu. Ancaq mən o filmdə bir şeyi xoşlamadım. Filmdə rejissorun özündən gələn qəribə bir yumşaqlıq vardı, bu da məni o qədər açmırdı. Bizim bir çox Azərbaycan filmlərində bir şey var ki, rus personajları ilə mütləq yumşaq tonda danışmaq lazımdır. Bu, doğru deyil.

– Heç olurmu ki, özünüz yadınızdan çıxırsınız, yolu, küçəni Həzi Aslanov kimi yeriyirsiniz?

– Maraqlı sualdır (gülür). Bayaq da dedim, oynadığım rol alınıbsa, deməli, mütləq Həzi Aslanovdan məndə nəsə var.

– Bildiyimizə görə, xaraktercə əsəbi adamsınız...

– Hə, tez qızışıan, tez özündən çıxanam. Amma prinsipial olmayan məsələlərdə adamları yola verə bilirəm.

– Canlandırmaq istədiyiniz hansısa şəxsiyyətlər varmı?

– Deyirlər, aktyor qəlbi oynamadığı rolların qəbristanlığıdır. Amma ən son Yunus Oğuzun əsəri əsasında Nadir şah rolunu canlandırmışam. Çingiz xanın, Əmir Teymurun, Makedoniyalı İsgəndərin ala bilmədiyi torpaqları Nadir şah alıb. Bu mənim üçün çox maraqlıdır.

– Buna qədər Nadir şahı tanımırdınız ki?

– Şübhəsiz, tanıyırdım. Amma onun obrazını hansısa bir tarixi romanda oxumamışdım.

– Maraqlıdır, Yunus Oğuzun yaradıcılığına münasibətiniz necədir?

– Yunus müəllimi yaxşı tarixi romanlar müəllifi kimi tanıyıram. Amma təəssüf ki, əsərlərinin hamısından xəbərim yoxdur.

– Seriallara da çəkilirsiniz... Çətindir?

– Mən serialları marafona bənzədirəm. Məsələn, sən yüz seriallıq uzun bir yolda daim maraqlı olmalısan. Bu isə çox çətindir. Seriallara meyilli deyildim. Yalnız və yalnız rejissor Rövşən İsax olduğuna görə çəkildim. Hətta elan da etmişəm ki, Rövşəndən başqa heç bir rejissorun serialına çəkilməyəcəm.

– Amma “Qız atası” serialında rol almışdınız. Axı, orada rejissor Rövşən İsax deyildi.

– Qonaq oyunçu kimi bir saatlıq epizodik rol oynadım. Rejissor Ramin Hacıyev çox istedadlı, bacarıqlı bir insandır, əsl yumorla güldürməyi bacarır.

– Seriallardan normal qonorar ala bilirsinizmi?

– Təbii ki, Azərbaycanda hələ qonorar sistemi qurulmayıb. Məsələn, serial üçün bir milyon pul ayrılıb, bu, aktyorlar üçün çox yaxşı məbləğdir. Amma aktyora gələndə hamı ağlaşma qurur. Niyə, bilmirəm. Nə səbəbdəndirsə, serial bitəndə prodüserlər, direktorlar CİP də alır, bağ evi də.

– Ümumiyyətlə, dolanışığınız necədir? Bir aktyor kimi bu ölkədə yaşamaq sizi qane edirmi?

– Mən sovet dövrünün basqınını və acı günlərini görmüş adamam. İndiki dövr çox gözəldir, imkan da, şərait də var. Aktyora gəldikdə, onun aldığı məvaciblə dolanması çətin olar. Çox sağ olsun prezidentimiz, bir çox aktyorlara ev və mükafatlar verir. Bunları almayan aktyorlar isə düzü, bilmirəm necə dolanır.

– Seriallara ayrılan pullar konkret kimə, hansı quruma çatır?

– Hansı qurum serial çəkirsə, pul da ora çatır. Məsələn, hər televiziya kanalı üçün pul ayrılır. Baxın, Türkiyədə, Rusiyada bir rola çəkilən aktyor ömürlük özünü təmin edir. Amma bizdə prodüserin əli gəlmir ki, aktyora pul versin. Hərislik çoxdur. Tam səmimi və heç kimə yarınmadan deyirəm, Azərbaycanda yaxşı serialların çəkilməsi üçün hər cür şərait yaradılıb, sadəcə, özümüz öz başımıza əngəl-kələf olmuşuq.

– Oğlunuzla eyni serialda rol alırsınız. Onun oynadığı roldan razı qalırsınızmı?

– İnanırsınız, oğlumun oynadığı rola qorxa-qorxa baxırdım. Çünki müğənnidir, illərlə şou-biznesdə olub. Baxandan sonra dedim ki, Cavidan, yaxşıdır, heç bu qədər gözləmirdim. Sərxoş olduğu səhnə çox xoşuma gəlmişdi.

– “Vicdan haqqı” seiralı oğlunuzun davası ilə sezona çıxdı...

– Bəli, ona görə Cavidana nə qədər söyüş söydülər. Bizdə belədir, aktyorla personajı qarışdırırlar.

– Bayaq da dedim ki, xarakterinizdə sərtlik, coşqu var. Ramiz Məliklə əlbəyaxa davanız da bu sərtliyə görə baş vermişdi?

– Bəli, Ramiz bəylə aramızda konfilikt yaşanmışdı. Amma mən durduğu yerə birdən-birə o hərəkəti etməmişdim. O adam bütün yay boyu mənim haqqımda şantaj formalı yazılar yazmışdı. Mən də demişdimi, gələrsən, teatrda danışarıq. O özünü çox pis apardı, çox pis tonda danışdı və mən də dözmədim. Sonradan polisdə üzr istədim, amma yalnız əl qaldırdığıma görə. Çünki o məndən yaşca çox böyük idi. Polsidən çıxan kimi də həmən barışdıq.

– Yəqin məktəb, universitet illərinizdə də tez-tez əlbəyaxa davalarınız olub...

– Deyim ki, o zamanlar başım o qədər qarışıq idi ki, dalaşmağa vaxtım olmurdu. Davalarımız hərdən olurdu. Həmişə davadan qaçmağa çalışmışam. Demək olar ki, gecə-gündüz futbol oynayırdım. Daha sonra kənddə bir klub yaratdıq, orda həm güləşlə məşğul olurduq, həm də tamaşalar qururduq.

– Neçə övladınız var?

– Üç övladım var. İki oğlan, bir qız.

– Yolunuzu təkcə Cavidan davam elətdirir?

– O biri oğlum Nəriman belə şeylərdən bir az uzaqdır, hazırda İctimai Televiziyada işləyir. İstedadlıdır, amma məhlə uşağıdır. Deyir, mən aktyor olacam, camaat da mənə baxacaq?.. Qızım da çox istedadlıdır. Onun çox gözəl səs tembri var.

Övladlarıma həmişə demişəm ki, sevdiyiniz və bacardığınız işlə məşğul olun. Çünki ola bilər işi sevərsən, amma bacarmazsan, hörmətdən düşərsən. Yaxud bacararsan, amma ruhun olmaz. Ona görə də hər ikisi vacibdir. Düzü, sovet dövrü adamı olaraq qızımın stilist olmasını istəmirdim. Amma həvəsini və istəyini gördükcə fikrimdən daşındım və dəstək oldum.

– Söz düşmüşkən, Aprel döyüşləri ərəfəsində qızınızın adı qalmaqlla hallandı. Yazırdılar ki, Georgi Kot adlı erməni əsilli bir stilisti Bakıya gətirmək istəyir.

– Bəli, o zamanlar bir az anlaşılmazlıq oldu. Qızım Georgi ilə tanış olanda onun əslinin abxaz olduğunu öyrənmişdi. Georgi özü internetdə qızımın əl işlərini bəyənmiş və bunu ona bildirmişdi. Qızım onun yanına getdi, dərs aldı, sonradan onu Bakıya dəvət edəndə məlum oldu ki, Georginin həyat yoldaşı ermənidir. Biz də dedik, lazım deyil.

– Axı, sonradan xəbər yayıldı ki, qızınız stilist qrupunu Soçiyə Georginin yanına dərsə göndərib...

– Bizim insanlarımız sözdən söz çıxarmaqda mahirdirlər. Georgi Kotu Putin özü qeyri-rəsmi olaraq Moskvada stlistlərin prezidenti elan etmişdi. Bunu bilirsinizmi?

– Ümumiyyətlə, sənət adamının hansı bir millətin nümayəndə olmasında bir problem görürsünüzmü?

– Heç bir problem görmürəm. Əgər elədirsə, onda Sergey Lavrovu da Azərbaycana buraxmayın. Vətənpərvərliyi bu qədər ucuzlaşdırmaq olmaz. Bu məsələ ona görə bu qədər qızışdı ki, azərbaycanlı stilistlər Georginin yanına çox gedib-gəlirdilər. O da demişdi ki, mən hamınızı qəbul edə bilmirəm, ona görə də siz məndən də yaxşı stilistin – Şəfəq xanımın yanına gedin. Bu sözdən qızışan stilistlər söz-söhbət yaratmağa başladılar.

Hətta mənim haqqımda ermənipərəst xalq artisti sözünü yazmışdılar. Axı, mən Qarabağ mövzusunda yazı yazmışam, kəndimizdən səkkiz şəhid düşüb, altısı mənim qan qohumumdur.

Frunzik Mkrtçyan böyük aktyordur, bizim ondan çox filmimizə çəkilib. Erməni ziyalılar bizə məktub yazıb imzalayanda o məktuba Frunzik Mkrtçyan qol çəkməmişdi. Demişdi, ayıbdır, mən ziyalıyam, mənə aid olmayan şeyi azərbaycanlılardan istəyə bilmərəm, mənə yaraşmaz! Onun başına oyun açdılar, teatrdan qovdular, ömrünün sonuna kimi Gümrüdə yaşadı və dəli oldu.

– Əkrəm Əylisli də sərt reaksiya almışdı...

– Bilirsiniz, mən Əkrəm Əylislidə başqa şeylər hiss etdim. Əsərlərini çox sevirəm, böyük yazıçımızdır. Amma türklərin öldürdüyü hər erməniyə bir şam yandırmaq istəyi ilə yazıya başlamaq düzgün deyil. Bu qədər də olmaz... Əkrəm bəydə Orxan Pamuk ovqatı hiss olunurdu. Yəni suyun əksinə üzüm, görüm nə olacaq.

– Maraqlıdır, Ramiz bəy, nə baş verə bilər ki, siz də Azdramdan gedəsiniz? Getmək üçün mütləq Fuad Poladovmu olmaq lazımdır?

– Əvvəla, Fuad Poladov bizim teatrın aktyoru deyildi. O, tamaşalara Azərpaşa Nemətovun dəvəti ilə gəlirdi. Burda Fuad Poladova heç nə deyən olmadı. O, uzun illər Rus Dram Teatrında işləyib, oranın aktyorudur. Onda heç yada düşmürdü. Yenidən Azdrama gəlib Hamleti oynadı və xatırlandı.

Düzü, onun teatrdan niyə getməsi ilə bağlı aktyor tərkibi heç nə bilmir. Ola bilər ki, başqa hadisələr baş verib. Amma truppada heç kim onun əleyhinə olmayıb.

– Demək istəyirsiniz ki, Fuad Poladov Azərpaşa müəllimin qədrini bilmədi?

– Hə, mənə elə gəlir ki, qədrini bilmədi. Yenə deyirəm, bəlkə elə ciddi səbəb var, bilmirəm. İkincisi, Hamlet Xanızadə kimi aktyor teatrdan gedib. Bu məsələni niyə bu qədər ciddiləşdirirsiniz? Azrdamadan minlərlə aktyor gedib, biri də Fuad Poladovdur. Tərəziyə qoysaq, Hamlet Xanızadə Fuad Poladovdan çox-çox böyük aktyordur.

– Sizcə, Azdrama Fuad Poladovun gedişi ilə heç nə itirmədi?

– Yox, heç nə itirmədi. Amma yenə deyirəm, o, bizim aktyor deyildi. Cəmi üç il rollara dəvət olunub, vəssalam.

– Bəs niyə gedişi bu qədər rezonans doğurdu?

– Vallah, mənə çatmır. Teatrdan Şəfiqə Məmmədova kimi möhtəşəm aktrisa gedib. Bəli, Şəfiqə kimi aktyorlar teatr üçün itkidir. Fuad Poladovun sənətə münasibətinə və şəxsiyyətinə hörmət edirəm, amma aktyor olaraq onun heyranı deyiləm. Fenomen deyildi. Elə rollar oynamamışdı ki, təkrarsız bir şey hesab edilsin.

Ümumiyyətlə, yenə deyirəm, Fuad Poladov məsələsini çox uzatdılar, lazım deyildi. Deyirlər ki, keçən ilin noyabrından səsi tutulub. Allah eləsin, səsi açılsın, yenidən Rus Dram Teatrına qayıtsın.


Müəllif: Çinarə Böyükçöl

Oxşar xəbərlər