15 Dekabr 2017 09:26
2 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayağı musiqilərin bol olduğu bir vaxtda, ciddi sənət naminə maraqlı layihələrlə kütləni özünə cəlb etməyi və insanların zövqünü oxşamağı bacaran gənclər az deyil.

Bu yaxınlarda fərqli bir qrupun ifasını dinlədim. “Modern muzik” adlanan bu qrupun üç üzvü var. Qrup üzvləri bir-birinə yad alətlərlə çox maraqlı musiqilər ifa edirlər. Kamança ifaçısı Şəhriyar Musayevi gənc müğənni Elvin Mirzəzadənin Günəşli yatağında baş verən faciəyə həsr etdiyi mahnının aranjiman prosesində görmüşdüm. Adətən biz kamança ifaçılarını müğam triosunda görməyə alışmışıq. Şəhriyarı da efirlərdə daha çox bu formatda görürdüm. Bu dəfə isə tamam fərqli ifalarla hər kəs kimi məni də təəccübləndirdi. Vuqar İsmayılov həm klassik gitar ifaçısıdır, həm də maraqlı səs tembri ilə mahnıları ifa edir. Kajon adlanan zərb alətində isə Elnur Əliyevdir.

Beləliklə, Teleqraf.com-un “Seçilənlər” layihəsinin qonağı “Modern muzik” qrupudur. Heç biri özünü qrupun rəhbəri hesabet etmədi deyə, suallarımızı cavablandırmaq Şəhriyarın boynuna düşdü.

- Kamança, gitar, kajon. Biri şərq ölkələrinə, biri Avropaya, biri də Afrika qitəsinə məxsus musiqi alətidir. Necə oldu ki, bir araya gəldiz?
- Bizim tanışlığımız 1-2 ilə təsadüf etmir. Uşaqlıq dostlarıyıq. On dörd illik yoldaşlığımız var. Həm də Sumqayıt Musiqi Kollecində bir yerdə təhsil almışıq. Sonra mən musiqi təhsilimi davam etdirdim. Uşaqlar isə ifaçılıqla məşğul oldular. Təklif məndən gəlib. Uzun müddətdir ki, muğam ifaçılarımızla çalışıram. Aralarında xalq artistlərimiz də var, əməkdar artistlərimiz də. Vuqarın da istedadına bələd olduğum üçün qərara gəldim ki, fərqli formatda qrup yaradaq. İnsan yaşa dolduqca yeniliklərə can atır. Yəni düşündüm ki, nə vaxta qədər sırf muğam ifaçıları ilə çalışacam. Artıq bir ildir ki, “Modern muzik” qrupu fəaliyyət göstərir. Sosial şəbəkələrdə izləyicilərin marağı da bizi həvəsləndirdi ki, davam edək.
- İzləyicilərin marağı yaxşıdır. Artıq 1 dəqiqənin içində minlərlə izləyici toplamaq da mümkündür. Bəs, bu istedadınız və izləyicilərin marağı sizə pul qazandırırmı?
- Əlbəttə. Məclislərə dəvət edirlər. İfalarımızı yeni eşidənlər də bu alətləri bir yerdə görüb maraqla qarşılayırlar. Və o məclisdən də başqa bir məclisə dəvət alırıq. Əldə etdiyimiz gəliri isə daha çox özümüzü reklam etmək üçün sərf edirik. Yəni, təkcə qazancımızı düşünmürük, burada sənət üçün də etmək istədiyimiz çox şey var.
- Kamança deyəndə ağla gələn ilk şey muğamdır. Muğamımız da klassik musiqi janrı kimi hər kəs tərəfindən ciddi şəkildə qorunur, toxunulmazdır. Bir növ sərhədləri var. Kamançayla bu sərhədləri aşmaq nə dərəcədə doğru olar?
- Əslində, bilirik ki, bəzi adamların qəbul etməyi o qədər asan olmayacaq. Hələ nəzərə alsaq ki, son zamanlar musiqili meyxanalar daha çox dəbdədir, işimiz çərindir. Amma yenə ümid edirik ki, bizim ifalarımızı da izləyənlər çox olacaq.
- İstəməzdim sizin kimi istedadlı insanlar o bayağı musiqiləri nümunə gətirib şikayət etsin. Ondansa Alim Qasımova baxıb həvəslənə bilərsiz. O da bir vaxtlar klassik musiqimizə gətirdiyi yeniliklərə görə çox tənqid olunub. Amma nəticə etibarı ilə, bu gün onu dünya miqyasında tanıyırlar. Niyə ondan əvvəlki və sonrakı muğam ifaçıları Alim qədər tanınmadı, sevilmədi? Səbəb nə idi?
- Alim Qasımov az qala bütün millətlərə milli musiqimizi çatdırmağın yollarını tapdı. Harda oldusa, o yerin tanınmış ifaçıları ilə eyni səhnəni bölüşdü. Fərqli millətlərə məxsus musiqilər də hər kəs üçün maraqlı oldu. Alim bəy dünya musiqisini də gözəl bilir. Yeniliklər olmasaydı, Alim Qasımov da bu qədər məşhurlaşmazdı.
- Deməli, bu fikir doğrudur ki, musiqi sərhədsizdir.
- Əlbəttə.
- Bəs, kamança üçün necə, kamança üçün hara qədərdir bu sərhədlər? Nəyi kamançada ifa etmərsiz?
- Mənim üçün kamançada ifa edə bilməyəcəyimiz musiqi yoxdur. Yetər ki, cəhd etməyə cəsarət və istək olsun. Məsələn, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı var. Türk ölkələrinin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Biz Elnurla birlikdə neçə ildir ki, o təşkilatın orkestrinin solistləriyik. Bu orkestrin özəlliyi də ondan ibarətdir ki, müxtəlif türk ölkələrinin ifaçıları təkcə öz musiqilərini yox, bir-birinə məxsus musiqiləri də ifa edirlər. Əgər mən də kamançada o musiqiləri ifa edirəmsə, deməli, musiqi sərhədsizdir.

- Qrupu idarə etmək və bir arada saxlamaq çox da asan deyil. Məsələn, aranızda nə kimi narazılıqlar olur? Konkret desək, məsələn, mahnı seçimində, pul bölgüsündə, mübahisələr olurmu?
- Demək olar ki, olmur. Yenə deyirəm, biz uşaqlıqdan bir-birimizi tanıyırıq. Və bu qrupu yaradanda gəlir etmək məqsədimiz olmayıb. Ümid edirik ki, belə də davam edəcəyik. Yeni ifalarımız var. Bu yaxında Fədayə Laçına görə, ona dəstək olmaq məqsədi ilə repertuarına müraciət etdik. Onun ifasında sevilən mahnını özümüzə məxsus şəkildə ifa edib izləyicilərimizlə bölüşdük. Ümid edirik ki, maraqla qarşılanacaq.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər