1 Fevral 2018 16:24
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operator sənəti incə sənətdir. Toy işləyən operatorun film çəkməyə qadir əli olmaya bilər. Film çəkən operatoru isə toyda işlətməyə əlin gəlməz. Televiziya operatorunun isə qarşısında konkret limitləri və sərhədləri olur. Lakin kino sahəsi isə tam başqadır. Bir var deyirsən ki, yaxşı film idi. Bir də var deyirsən ki, operator işi yaxşı idi...

Film yaxşı alınanda mənəm-mənəm deyən operatorlar da var, film pis alınanda “Mən sadəcə rejissorun dediklərini həyata keçirmişəm” deyənlər də.

Rauf Qurbanəliyevin 30 yaşı var. Azərbaycanın gənc, amma peşəkar kino operatorlarındandır. Filmoqrafiyasındakı “Dərs”, “Bir ovuc sonsuzluq”, “Pərdə”, “Bayram axşamı” və başqa filmləri misal çəkmək, zənnimcə, yetərlidir.

Gənc quruluşçu operatorla müsahibəni təqdim edirik:

- Rauf bəy, “Dünyaya ikinci dəfə gəlsəydiniz, yenə də bu sənəti seçərdinizmi” sualını sizə verməyəcəyəm. Gəlin, birbaşa mətləbdən danışaq. Məsələn, puldan, biznesdən... Kino, yoxsa biznes?

- Məncə, kino elə biznesdir. Dünyanın bir çox kino şirkətləri bu biznesdən milyonlarla pul qazanırlar. Sadəcə, Azərbaycanda bu biznesə, yəni kinoya pul qoymağı risk hesab edirlər. Qınanılası da deyil. Sadəcə, bu sahə yüksək peşəkarlıq tələb edir. Əgər Azərbaycanı nəzərdə tuturuqsa, bizdə buna tamaşaçı sayının az olması imkan vermir. Bir az zaman lazımdır.

- Kino sizə pul qazandırır?

- Mənim kinodan başqa gəlir yerim yoxdur. Yalnız bu peşəylə pul qazanıram. Amma etiraf edirəm ki, bu sənətdə qazandığım təkcə pul deyil.

- Bəs başqa nədir?

- Çəkilişdə özümü daha gümrah hiss edirəm. Çalışıram maksimum hər şeyi yaddan çıxarım. Kino mənəvi qidadır. Bunu bu sahədə işləyən çoxu başa düşər!

- Obyektivin gözü insanın gözündən nə ilə fərqlənir?

- İnsan gözü səthi və ani görür, obyektiv isə dərinlik yaradır. İnsanın gözündən nəsə qaça bilər, lakin obyektivin gözündən heç nə yayınmır. Çünki revers düyməsi var, geri qaytarıb baxa bilirsən.

- Sizə 100 min manat pul versəydilər ki, film çəkəsiniz, necə bir film çəkərdiniz?

- Bəzən pul çox şeyi həll etmir. Burda söhbət layihənin özünün maraqlı olub-olmamasından gedir. Əgər şəxsən mənim qonorarımdan söhbət gedirsə, təbii ki, razılaşardım. Tarixi dram çəkərdim. Bəzən mən təmənnasız olaraq da çəkilişlər edirəm. Yenə də peşəkar səviyyəni qorumaq şərti ilə... Bəzən ssenari, süjet xətti o qədər maraqlı olur ki, pul yaddan çıxır. Həm də çəkilişdə istifadə olunacaq texnika da qərar verməyimdə böyük rol oynayır. Texniki işçilər də vacib məqamdır axı...

- Vaxtilə ən yaxşı gənc operator seçilmisiniz, hələ də özünüzü ən yaxşı və ən gənc sayırsınız?

- 2013-cü ildə “Paradoks” qısametrajlı filminə görə aldığım mükafatı deyirsiniz... Gənc idim. İndi saçım ağarsa da, hələ ki, gəncəm. Ancaq çəkdiyim kadrlar hər gün bir az daha yaxşı olur. Mən özümü hər zaman dünənki Raufla müqayisə edirəm. Hələ ki, gedişat yaxşıdır.

- Kadrın gözəlliyi məkandan asılıdır, yoxsa?

- Hər bir məkanın öz işığı, öz rakursu və öz rəngləri var. Ən ideal üçlüyü birləşdirib xarabalıqda belə gözəl kadrlar çəkmək olar. Meymunu belə gözəl göstərmək mümkündür. (Gülür)

- Hansı rejissorla işləmək sizə zövq verir?

- Hər rejissorun öz iş prinsipləri var, mənsə plastilin kimi onun iş rejiminə uyğun olaraq hərəkət edirəm. Hər bir rejissor fərqlidir. Onlara uyğunlaşmağa çalışıram. Amma müxtəlif üslublarda, dəyişik janrlarda kadrlar çəksəm də, öz ştrixlərimə sadiqəm.

- On gənc rejissor, yoxsa təkcə Rasim Ocaqov?

- Rasim Ocaqov da nə vaxtsa gənc olub.

- Sanki simanız da tamaşaçıya tanış kimidir, kameranı yerə qoyub aktyorluq etdiyiniz olub?

- Belə bir şey olmayıb, olsaydı belə heç vaxt buna razı olmazdım. Özümə qəribə gələrdi ki, kimsə məni mənim yerimdə çəkir.

- Sizcə kino sizi itirməkdən qorxur?

- Kino məni yox, amma mən kinonu itirməkdən çox qorxuram.

- Kitab oxumaq asandır, yoxsa onu ekranlaşdırmaq?

- Kitab var ki, onu elə kitab kimi saxlamaq lazımdır. Eləsi də var ki, onu böyük ekranlara çıxartmamaq günahdır.

- Hansı səhnələri çəkmək daha maraqlıdır?

- Ayrı-seçkilik salmaq istəmirəm, amma mənim üçün daha maraqlı janr dram və faciədir. İndiyə kimi 4 tammetrajlı bədii film çəkmişəm, hal-hazırda 5-ci filmə hazırlaşıram. Bu filmlərdə hər cür səhnələr işləmişəm.

- Nə vaxtsa rejissor olmaq fikrinə düşmüsünüz?

- Rejissor kimi bir reklam çarxı çəkmişəm. İkisi bir arada çox çətindir. Yəni eyni zamanda həm rejissorun, həm də quruluşçu operatorun işini görürsən. Bundan sonra düşünmürəm ki, bir də rejissor kimi çalışaram.

- Müsahibəmiz maraqsız alınmadı. Sizcə nə vaxtsa “Oskar”ın qırmızı xalısı üzərində müsahibə verəcəksiniz?

- Təbii ki, hər bir peşəkar kino işçisinin arzusu budur ki, o xalının üzərində müsahibə versin, şəkil çəkdirsin. (Gülür) İnşaallah, bu bizə də qismət olar. Kimdən əskiyik?


Müəllif: Könül

Oxşar xəbərlər