Evdə oturmasaq, koronavirus pandemiyasının qarşısını almaq mümkün olmayacaq. Hələ min il əvvəl İbn Sina da deyirdi ki, pandemiyanın qarşısını ancaq karantinlə almaq olar. Artıq virusa yoluxan insanlar həkim nəzarətində müalicə olunurlar. Amma digər insanları qorumaq üçün karantin vacibdir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib.
O, xüsusi karantin rejiminə əməl etdiyini vurğulayıb: “Şüurlu insan, qanunu sevən vətəndaş kimi dövlət tərəfindən qoyulan qayda-qanuna riayət edirəm. Mən və ailə üzvlərim artıq 7-8 gündür ki, evdəyik və demək olar evdən çıxmırıq. Ancaq ərzaq almaq və fiziki hərəkət etmək üçün həyətə düşürük. Həyat yoldaşım həkimdir və yalnız o işləyir. Biz hazırda heç nə edə bilmərik. Yalnız qayda-qanuna intizamla riayət etməliyik”.
Bəhram Bağırzadə pandemiyaya qeyri-ciddi yanaşan insanlarla bağlı təklif irəli sürüb: “Fikrimcə, Bakı Şəhər İcra hakimiyyəti və 12 icra başçısı Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə yeni sanitar polis alayı yaratmalıdır. Onlar uniformada şəhərin müəyyən yerlərində boş-boş gəzən insanları evlərinə aparmalı və ya cərimə etməlidirlər. Əgər indi bunun qarşısını almasaq, bizi İspaniya və İtaliya variantı gözləyir. Allah millətimizi qorusun!”