5 Aprel 2020 17:59
3 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı rəssam Pəri Miniatürdür.

Onunla müsahibəni təqdim edirik.

- Pikasso deyirdi ki, bəzən sənətdə önəmli olan şey təkcə baxmaqdır. Bir rəssam çox vaxt başqa insanlar baxıb zövq alsınlar deyə yaradır, yoxsa?

- Pikasso bir az şuluq idi. Məncə, on-on beş dollarlıq çekin üstündə imzasını görənlərin onun hesabından pul çəkməyəcəyini bildiyindən, hesablarını çeklə ödəyən biri insanların baxışından çox, öz eqosunu təmin edib sığallardı. Salvador Dali deyirdi ki, hamının gördüyünü mən görürəm, amma mənim gördüyümü hamı görmür. Məncə, yaradıcı insanın duyduğu möhtəşəm həzzin dadını bilsəniz, siz də etiraf edərsiniz ki, insanların baxışı yaradıcı üçün önəm daşısa da, əsasən öz içi üçün çəkir.

- Belə bir fikir də var: həyat həmişə insanın özünü tapması ilə yox, özünü yaratması ilə bağlı olub. Sizcə, insan özündən istədiyi “mən”i yaradacaq qədər gücüldürmü?

- İnsan mənim düşüncəmdə mükəmməl yaradılıb. Sonra atom kimi parçalanaraq yaradılıb ki, həyatı boyu parçalarını tapıb yenidən yerinə qoysun və həyatının sonuna qədər bunun üçün çırpınıb yaşamını anlamlı etsin.

- Bir yaradıcı insanı idarə edən ən böyük duyğu hansıdır? Məsələn, sizi...

- Yaradıcı insanı idarə edən duyğu özündəki işıq və fərqliliyini hiss edə bilməsidir. Mən içindəki işığa əyildikcə, yüksəldiyimi və rahatladığımı duyuram

- Nə düşünürsünüz, bu gün insanlıq üçün ən böyük təhdid nədir?

- İnsanlıq üçün böyük təhdid və bəla, bu gün yaşadığımız durumdur. Sular durulduqdan sonra bəşəriyyətin müqəddəsləşəcəyi absurd olsa da, hər halda insanlıq anlaya, təbiətə, yaradılışa qarşı gəlmək möhtəşəm ölümə sığınmış zavallı insanın ən böyük faciəsinə çevrilə bilir. İnsan zəkasının yanlış istifadəsi həyatı və öz həyatını məhv edə bilir.

- Sizcə, insanın taleyi əvvəlcədən müəyyən edilir, ya bunun çərçivəsini özü çəkir?

- Məncə əvvəldən yazılır, kompüter proqramı kimi. Çünki bəzən başımıza gələn hadisələrlə gərilirik, amma zaman keçir və biz görürük ki, elə ən xeyirlisi o hadisənin olması imiş. Bu, bundan sonra baş verənlərin sadəcə bir halqasıdır. Şəms Təbrizi deyir ki, “Burax, həyatının altı üstünə gəlsin, nə bilirsən, altının üstündən yaxşı olmayacağını”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər