50 illik tarixi olan “Mozalan” satirik kinojurnalı yenidən efirə qayıdır.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlayacaq.
Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunub. İlkin mərhələdə “Mozalan” studiyasında son 5 ildə çəkilən və heç bir televiziyada göstərilməyən çarxlar nümayiş olunacaq. Bu buraxılışların aprel və may aylarında yayımlanması nəzərdə tutulub. Paralel olaraq iki ay ərzində yeni çarxların çəkilişləri də aparılacaq. Yeni çarxlar Mədəniyyət Nazirliyinin və AzTV-nin birgə layihəsi əsasında çəkiləcək. İlkin mərhələdə çəkiləcək 8 tənqidi videoçarxın senari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir. Gələcəkdə çəkilişlərə başqa senaristlərin də cəlb olunması planlaşdırılır. “Mozalan”nın ənənəsinə uyğun olaraq çarxların rejissorları da dəyişəcək.
“Mozalan”nın ilk buraxılışı bu gün, yəni aprelin 12-si saat 21:30-da yayımlanacaq.
Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılan “Mozalan” satirik kinojurnalının təsis edildiyi tarix 1971-ci ilə təsadüf edir. “Kinojurnalın məqsədi neqativ hallara qarşı mübarizə aparmaq, ictimai çatışmazlıqları satira dili ilə xalqa çatdırmaq olub. Sənədli süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində peyda olmaq, oradakı əyri-əksikləri lentə almaq, bütün ölkəni xəbərdar etmək mozalançıların əsas iş üsullarından olub.