30 Sentyabr 2021 09:14
3 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Uilyam Qodvard 40 illik rəssamlıq həyatı boyunca demək olar ki, bütün əsərlərində bir gözəl qadın obrazını canlandırıb. Son əsəri hər nə qədər digərlərindən fərqlənsə də, rəsmlərindəki obrazlar canlı görünür.

Seçdiyi peşəsi heç vaxt ailəsi tərəfindən bəyənilməyən rəssam İtaliyaya köçdükdən sonra onu tamamilə yox saydılar. Yalnız rəssam həyatına Pikasso ilə özünün böyük sənətkar olmadığını bildirdiyi intihar məktubu yazaraq son verib. Son əsərində əvvəlki klassik üslubundan xeyli uzaq olan çılpaq qadın vardı.

Despot ata

1861-ci ildə anadan olan Qodvard rəssam Ser Lorens Alma Tademadan ilham almışdı, onun neoklassik üslubunu təqlid etmişdi. Hər ikisi antik Yunanıstan və Roma həyatından götürülmüş mövzuları, xüsusən mərmər və çiçəklər kimi detalları diqqətlə və real şəkildə işləməklə mürəkkəb təsvirləriylə tanınan “Mərmər Məktəbi”nin üzvləri arasında yer almışdı.

Rəssam Con Qodvard və Sara Eborallın beş övladının ən böyüyü idi. Con Uilyam Qodvardın təhsili haqda çox az məlumat var. Amma ehtimala görə, Uimblidondakı bir çox özəl məktəblərdən birində təhsil almış ola bilər. Çünki orta sinifdən olan valideynləri varlı idilər. Rəssamlığa məktəb illərində maraq göstərdiyi düşünülür. Qodvard ana-ata sevgisinin olmadığı evdə böyümüşdü. Valideynlərinin hər ikisi çox sərt nəzarətçi idi. Bu səbəbdən də Con Uilyamın çox az dostu vardı.

Dindar xristian olan atası həm sərt, həm də tələbkardı. Ona görə, bütün oğulları məktəbi bitirdikdən sonra onun iziylə getməli idilər.

Con Uilyamın üç qardaşı Alfred, Edmund və Çarlz sığorta şirkətində işə girərək atalarını sevindirmişdi. Böyük oğul – Con Uilyam isə onlara görə, valideynlərini məyus edən uğursuz övlad idi. On səkkiz yaşında atası ilə birlikdə sığorta şirkətində işə başlayan Qodvard ona yad olan bu maliyyə dünyasının hər dəqiqəsinə nifrət edirdi.

Atası oğlunun sığorta işində qalmayacağını anladıqda, sənətə yaxınlığı səbəbiylə rəssam kimi “vaxtı boşa xərcləmək” yerinə, onu memarlığa yönəltməyə çalışdı. Valideynlərinin nəzərində memarlıq rəssamlıqdan daha məqbul və şərəfli peşə idi.

Vantnerin bürosunda

Atası o dövrdə İngiltərədə görkəmli memar olan ailə dostu Uilyam Haff Vantnerin yanında axşamları bu peşəni öyrənməsini təşkil etdi. Eyni zamanda, gündüz sığorta şirkətindəki işini davam etdirməliydi. Con Uilyam təsviri sənətlə də maraqlanan Vantnerin oğlu Uilyam Klarkla birlikdə çalışdı və bəzi portretlərini Kral Akademiyasının sərgilərində sərgilədi. Gənc Con Uilyam Qodvard dostunun incəsənət dünyasında çiçəkləyən karyerasını davam etdirmək qərarına gəldi. Hər ikisi uzun illər yaxın dost olaraq qalacaqdı.

Vantnerin memarlıq bürosunda işləməyin başqa bir üstünlüyü, Qodvardın sonrakı rəsmlərində görünəcək mərmər üzərində memarlıq işinin inkişafına verdiyi töhfə və rəsm çəkmə bacarığını daha da inkişaf etdirmə qabiliyyəti idi. Uilyam Haff Vantner 1881-ci ildə vəfat etsə də, oğlu iyirmi yaşlı Qodvardı öyrətməyə davam etmişdi. Vantnerin rəssam olaraq qazandığı uğur Qodvardın rəsm çəkmək istəyini daha da gücləndirdi. Amma bu, onun valideynləri ilə münasibətlərinə xələl gətirəcək qərardı.

Azadlığa atılan ilk addım

Con Uilyam Qodvard 1887-ci ildə həyatı ilə bağlı qərar verməli oldu. İyirmi altı il valideynləri və qardaşları ilə birlikdə yaşadı, anası və atasının despot qaydalarına tabe olmaq məcburiyyətində qaldı. Valideynləri onun üçün gələcək planlaşdırmışdılar. Sual Qodvardın avtoritar valideynlərin buxovlarını qırmaq və azad insan olmaq cəsarəti və iradəsinin olub-olmaması idi.

Qodvardın azadlıq yoluna ayaq basması üçün təkana ehtiyacı vardı. İlk addım Kral Akademiyasının həmin ilki Yay Sərgisi üçün rəsmini qəbul etdiyi vaxt atıldı – rəssam bu uğurundan cəsarətlənərək Kinsinqtonda kiçik studiya qurmaq qərarı verdi. Studiya kiçik idi, amma çox vaxt evə qayıtmaq əvəzinə döşəmədə yatırdı, bəzən təmiz paltar və ya yemək almaq üçün Uimblidondakı valideynlərinin evinə qayıdırdı, amma bu kiçik studiya onun şəxsi azadlıq dünyasını tanımış, ona düşünmək, planlaşdırmaq və öz həyatınızı idarə etmək imkanları vermişdi.

Qodvard öz məkanına köçəndə Bolton studiyaları kompleksində iyirmiyə yaxın atelye vardı. Rəssamlar üçün ideal görüş yeriydi, onlarla fikir mübadiləsi aparmaq, texnikaları müzakirə etmək imkanı verirdi. Studiyasını yerli mağazalardan aldığı mərmərlər, antik heykəllər və digər qədimi əşyalarla dolduraraq, qədim Yunanıstan və Romadan ilham ala biləcəyi bir mühit yaratmağa çalışmışdı.

Qodvard 1889-cu ilin sonlarında, nəhayət, valideyn qandallarını qırdı və ildə iyirmi dörd sterlinqə Çelsidə otaq kirayəyə götürdü. Çelsi XIX əsrin sonlarında London sənət dünyasının mərkəzi sayılırdı. Qodvardın o dönəmdə ərsəyə gətirdiyi “Cavab gözləyərkən” adlı əsəri böyük maraq doğurmuşdu. Bir kişi və bir qadının yer aldığı bu işinin arxasındakı qəribə hekayə bir çoxlarının kişi fiqurunun Qodvardın qardaşlarının fotoşəkillərinə çox oxşar olduğuna inandıqları üçün rəsmdəki şəxsin onun özü tərəfindən çəkilmiş avtoportreti olduğuna inanmaları ilə bağlıdır.

Bu rəsmin başqa bir maraqlı cəhəti qadından cavab gözləyən kişinin Qodvardın modellərindən biri ilə əlaqəsinə və qadına olan qarşılıqsız sevgisinə əsaslandığına olan inamdır.

Dolissima – ilham pərisi

1891-ci ildə Qodvardın məhsuldarlığı azalmışdı, bunun bir neçə mümkün səbəbin olduğu deyilir. Xəstə ola və ya səyahətə çıxa bilərdi. Başqa bir amil, əvvəlki rəsmlərinin əksəriyyətində bir fiqur olmasına baxmayaraq, tamamlanması daha uzun davam edəcək çoxsaylı fiqurların yer aldığı səhnələri çəkməyə meyli ilə bağlı ola bilərdi. Bunun bir nümunəsi, balkonda üç fiqur gördüyümüz “Oyun vaxtı” rəsmidir. Bəzi araşdırmaçılar bu rəsmdəki kişi fiqurunun onun özünün ola biləcəyi ehtimalına inanırlar. Bunu da ona əsaslanaraq deyirlər ki, rəsmdəki fiqur qardaşlarının fotoşəkillərinə çox bənzəyir.

Rəssamın “Pirallis” əsərində əbədiləşdirdiyi sirli sevgilisi və modeli Dolissima onun ilham pərisi idi. Əsərin Romada və ya Aralıq dənizinin sahillərində çəkildiyinə inanılır. Amma Qodvard İtaliyada olarkən daha çox natürmortla maraqlanmışdı. O dönəmdə rəsmlərində meyvə təsvirləri getdikcə özünü daha çox göstərməyə başlamışdı.

Qodvardın əsərlərinin əksəriyyətində qadınların klassik mənzərələr önündə təkfiqurlu təsvirləri olsa da, həm də təbiət və dəniz mənzərələrini də çəkmişdi. Buna bir nümunə, 1913-cü ildə tamamladığı “Qayalı dəniz mənzərəsi”dir.

Qodvardın modelləri təkcə zövqlü geyinmiş, düşüncələrə dalmış, zövqlə yaşayan qadınlar deyildi. Onları sənətlə, güclü qadın obrazı, sevgi və təbiətlə birləşdirmişdi. Məsələn, heykəl yaradan, rəsm çəkən, arfa çalan və gözətçi qadınlar…

Rəssam həyatı boyunca bir çox çılpaq fiqur da çəkdi, son rəsmlərindən biri də 1922-ci ildə - ölüm ilində tamamladığı “Çimərlikdəki çılpaq” adı əsəriydi.

Ananın nifrəti

Qodvard 1921-ci ilin əvvəlində İngiltərəyə qayıtdı. Həyatı İspan qripi, yuxusuzluq, xroniki dispepsiya və həm fiziki, həm də zehni olaraq ağır depressiya ilə keçmişdi. Onun klassik janrlarda çəkdiyi rəsmləri müasir rəssamlığın və Pikassonun yüksəlişi ilə gözdən düşmüşdü. Həyatı boyu içinə qapalı olan rəssamın onu sıxan şeylərdən danışa biləcəyi yaxın dostu olmadığı üçün ruh halından, onu həyatdan küsdürən şeylərdən heç vaxt danışılmadı. Nəhayət, Qodvard yaşamağa və yaradıcılığa davam etmək üçün heç bir səbəb tapmadı. 1922-ci il dekabrın 13-də qazla intihar edərək, həyatına son qoydu. Rəssamın ölümündən əvvəl yazdığı kiçik qeydi beləydi: “Dünya mən və Pikasso üçün o qədər də böyük deyil”.

Qodvardın ölümü anası və qardaşları tərəfindən ürək ağrısı ilə yox, “evin böyük övladının ailəyə gətirdiyi utanc” kimi qarşılandı. Yaşlı anası ölümündən sonra oğlunun bütün məktubları və fotoşəkillərini yandırdı.

Yalnızlıqla iç-içə yaşayan rəssam studiyasından yalnız 100 metr məsafədə, Londonun Old Brompton qəbiristanlığında dəfn olundu. Atası 1904-cü ildə vəfat etməzdən əvvəl orada özünə məzar yeri almışdı. Uilyam da öldükdən sonra atası və bacısı Ninin övladları ilə birlikdə bu ailə planına daxil edilmişdi. Qodvardın anası - Sara Eborall 1935-ci ilə qədər yaşadı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər