Ağacın bir tərəfi bar verib, digər hissəsi çiçəklənib.
TTV (Region TV) xəbər verir ki, nadir təbiət hadisəsi Tovuzun Əlimərdanlı kəndində qeydə alınıb. Yay fəslinin ən isti ayı hesab olunan iyulda bu mənzərə çoxlarının marağına və təəccübünə səbəb olub.
Təbiətdə qeyri-adi hadisələrlə çox qarşılaşmışıq. Şahidi olduğumuz qəribəliklər isə bizi heyrətləndirir. Tovuzda yetişdirilən alma ağacında baş verən proseslər də sizi təəccübləndirəcək.
Ömrünün yarısından çoxunu əkin-biçinə həsr edən kənd sakini İsmayıl Həsənov da deyir ki, ilk dəfədir belə halla rastlaşır: "İlin bu vaxtında, bu baş verməyən hadisədir. Bu gün elə bir ağac yoxdur ki, onda çiçək olsun. Bu ağacda var. Eyni zamanda həmin ağacda meyvəni görməyim, məni daha da təəccübləndirdi".
Kənd sakinlərinin əksəriyyəti ağacda müşahidə olunan fenomenal prosesi möcüzə adlandırır. Bəziləri isə bunu bitkinin həyat uğrunda mübarizəsi kimi qiymətləndirir.
İsmayıl Həsənov: "Həmin ağac, suvarılan hissəyə o qədər də yaxın deyil. Suvarma ora tam çatmır. Ona görə də bu bitki tez bar verməklə, öz funksiyasını başa vurmağa çalışıb".
Alma ilə yanaşı, eyni vaxtda əkilən digər ağaclar da çiçək açıb. Amma onlar bar verməyib. İndi İsmayıl Həsənov ağacın ikinci barını görmək üçün ona xüsusi qulluq edir