Məşhur fars axundlarından biri Xoy şəhərində Beynəlxalq Şəms Təbrizi Qurultayının keçirilməsinə etiraz edərək Şəmsi Təbrizini homoseksualizm və Mövlananın namusuna təcavuz etməkdə ittiham edib.
Əli Safi İsfahani “Dar-ol Sadiq” saytında yayılan açıqlamasında dünya şöhrətli ariflərlə yanaşı İngiltərəni də tənqid atəşinə tutub. “Köhnə müstəmləkəçi İngiltərə bütün müqəddəsləri nəzərə almadan həyasızcasına çalışır ki, A`li-Məhəmmədin ümmətini Quran və itrətdən uzaq salsın, Mövlana və Şəms Təbrizi kimi yolunu azmışları, bütpərəstliyi, şəhvəti, cahilliyi, xürafatı və s. kimi ünsürləri irfan adı ilə insanlara sırısın və ən pis varlıqları ən şərif məxluq kimi təqdim etsin. Bu gün din, tövhid və müqəddəs la ilahə illallah sözü təhlükə altındadır. Artıq bu vəziyyətdə elmi hövzələrdə fiqh, üsul, təfsir, təhqiq və elmi münazirələrə fürsət qalmayıb və bunlara sıra çatmır”- deyə o qeyd edib.
Ə.S.İsfahani yaydığı açıqlamada daha bir neçə tarixi şəxsiyyət haqda böhtan dolu fikirlər irəli sürüb. “İluhiyyət iddiasında olan Bəyazid Bəstami, namusunu Şəms Təbrizinin ixtiyarına qoyan radikal sünnü təəssübkeşi Mövlana, müşrik Xərqani, Qəzzali, dönük Əbu Səid və onun ardıcılları və s. kimilər təbliğ olunur, amma kimsə səsini çıxarmır. Bu vəziyyət olduqca düşündürücüdür, buna görə təəssüf edirəm”- deyə o bildirib.
Qeyd edək ki, fars axundunun dünya şöhrətli türk arifləri haqda belə bir təhqiramiz açıqlama yayması, 12-13-cü əsrlərdə yaşamış böyük şair və arif Şəms Təbrizinin Xoy şəhərindəki türbəsi yaxınlığında Beynəlxalq Şəms Təbrizi Qurultayının keçirildiyi günlərə təsadüf edir. Qurultaya müxtəlif ölkələrdən tədqiqatçılar və alimlər, həmçinin Türkiyədən Hz.Mövlananın 22-ci nəslindən olan nəvəsi və Eko Mədəniyyət Müəssisəsinin rəisi Esin Çələbi də qatılıb. Şəms Təbrizi qurultayı sentyabrın 25-də açılıb və sentyabrın 28-ə qədər davam edəcək.