Günəş bu dəfə üç fərqli məkanda peyda oldu. İzləyənləri valeh edən bu görüntülər Çinin Daxili Monqolustan əyalətində qeydə alınıb. Genhe şəhərində baş verən nadir təbiət hadisəsi nəticəsində sakinlər göyün üzündə 3 müxtəlif günəş görüb.
ATVxəbər.az bildirir ki, əslində günəş sistemində heç bir dəyişiklik olmayıb. Sadəcə olaraq göy üzündə buz bağlayaraq kristallaşan buludlar günəş şüalarını əks etdirərək qızmar ulduzun fərqli nöqtələrdə əks olunmasına səbəb olub. Başqa sözlə desək, 3 günəşdən ortadakı bizim hər gün müşahidə etdiyimiz adi ulduzdur. Qalan iki parlaq nöqtə isə günəşin buludlar üzərində yaranan təsvirləridir.
Hidrometeorologiyada antelion adı verilən “3 günəş” fenomeni çox nadir hallarda baş verir. Belə ki, insanların eyni anda 3 günəş görə bilməsi üçün havanın temperaturunu mənfi 30 dərəcədən aşağı düşməli, göy üzü buludlarla dolu olmalıdır. Yalnız bu temperaturda kristallaşan qar dənələri günəş şüalarının istiqamətini dəyişə bilir.